Zərərli iş yerlərində çalışan işçilərə iş vaxtı pulsuz süd veriləcək

İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə veriləcək.

Milletcilik.az-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nda əksini tapıb.

Bu Qaydalar “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların Siyahısı”na  uyğun olaraq, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydalarını müəyyən edir. Bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün müəssisələrdə tətbiq edilir.

Nazirlər Kabinetinin 2002-ci il 20 fevral tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş “İşləri yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, qurğuların və digər iş yerlərinin Siyahısı” ilə  müəyyən edilmiş iş yerləri iş yerlərinin attestasiyasının nəticələrinə əsasən xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildikdə, bu iş yerlərində çalışan  işçilərə müvafiq rasion üzrə pulsuz müalicə-profilaktik yeməklər, həmin iş yerləri zərərli və ağır qiymətləndirildikdə isə süd və ona bərabər tutulan məhsullar verilir. Həyata keçirilən əməyin mühafizəsi tədbirləri nəticəsində iş yerlərinin attestasiyası zamanı zərərli və ağır əmək şəraitinin aradan qaldırıldığı müəyyən edildikdə, işçilərə müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi dayandırılır.

Əmək şəraiti zərərli və ağır qiymətləndirilən iş yerlərində çalışan işçilərə iş vaxtı (növbəsi) ərzində 0,5 litr pulsuz süd veriləcək. Pulsuz müalicə-profilaktik yeməklər və süd əvəzinə işçilərə pul kompensasiyasının ödənilməsi qadağandır. Pulsuz müalicə-profilaktik yemək verilən işçilərə süd verilmir. Pulsuz müalicə-profilaktik yeməklər iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə və ya  yeməkxanalarda istirahət və nahar fasiləsi zamanı yeyilməlidir. Süd və ona bərabər tutulan məhsullar iş vaxtı (növbəsi) ərzində iş yerinə yaxın bufetlərdə, yeməkxanalarda və ya sanitariya-gigiyena tələblərinə cavab verən otaqlarda paylanmalı, istirahət və nahar fasiləsi və ya qısa fasilələr zamanı içilməli və ya yeyilməlidir. Zülal hesabı ilə aşağıdakı yeyinti məhsulları 0,5 litr südə bərabər tutulur və süd əvəzinə onların verilməsinə yol verilir:

-qatıq   məhsulları   (kefir və s.) – 500 qram;
– kəsmik, xama – 150 qram;
– yağlılığı  24 faizindən az olmayan  pendir     –   60 qram.

Südün əvəzinə bu Qaydalarla müəyyən edilməyən digər yeyinti məhsullarının verilməsinə icazə verilmir.  Qurğuşunun qeyri-üzvi  birləşmələri  ilə daimi  təmasda olan  işçilərə süd əvəzinə qatıq verilməsi tövsiyə edilir və onlara süddən və ya qatıqdan əlavə  saflaşdırılmış və konservləşdirilmiş  bitki mənşəli yeyinti məhsulları, meyvə  şirəli içkilər şəklində 2 qram pektin verilməlidir (pektinin faktiki miqdarı istehsalçı zavod tərəfindən malın üstündə göstərilən faizlə müəyyən edilir). Bu miqdarda pektini əvəz etmək məqsədi ilə işçilərə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat və ya tərkibində  250-300 milliqram  mət  olan  natural  meyvə  şirələri verilməsinə  icazə  verilir. Tərkibində pektin olan yeyinti məhsulları, meyvə şirələri, içkilər işə başlamazdan  qabaq  verilməli və iş gününün başlanğıcında içilməli və ya yeyilməlidir. Antibiotiklərin istehsalında və emalında çalışan işçilərə süd əvəzinə qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir. Bu Qaydalarla müəyyən edilmiş normalar dövlət təminatının minimum normalarıdır. Bu normalar çərçivəsində işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər buraxılan məhsulun və ya göstərilən xidmətin maya dəyəri xərclərinə aid edilir. Büdcədən maliyyələşdirilən müəssisələrdə işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla bağlı xərclər gəlirdən çıxılan xərclərin tərkibində nəzərdə  tutulmaqla  ödənilir. Kollektiv müqavilələrdə, kollektiv müqavilənin bağlanılmadığı hallarda isə əmək müqaviləsində və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalarla müəyyən edilmiş normalardan yüksək miqdarda, habelə bu Qaydalar şamil edilməyən zərərli və ağır  əmək şəraitli iş yerlərində çalışan işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi nəzərdə tutularsa, normadan artıq xərclər məhsulun maya dəyərinə daxil edilmir və müəssisənin gəliri hesabına ödənilir.