YAXŞI İŞĞALÇI — ÖLÜ İŞĞALÇIDIR!

Bu günlərdə bir neçə erməni jurnalist Bakıya səfər etmişdi. Qarşılıqlı olaraq bir neçə azərbaycanlı jurnalist də İrəvanda və işğal edilmiş Qarabağda oldular. ATƏT-in Minsk qrupu adlı “turist ekipi” və d. rəsmilər bu səfərləri “xalq diplomatiyası” adlandırıb, onu təqdir etməyə, tərifləməyə başladılar. İndi ATƏT-in Minsk qrupu adlı komediklab öz fəaliyyətində nəisə böyük bir iş gördüyünü bildirir, hesabat gündəliyinə yeni abzas yazıb, “səmərəli uğurlar” qrafasına bir quş qoyur. Bir sözlə, heç bir mənası və heç bir nəticəsi olmayan növbəti satirik səhnə geridə qaldı…

“XALQ DİPLOMATİYASI” ADLI KOMEDİYA DAVAM EDİR

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Azərbaycan və Ermənistan jurnalistlərinin 4 günlük (17-21 noyabr) qarşılıqlı, bir az da yarım məxfi səfərinin mənası anlaşılan deyildi. Erməni jurnalistlər Bakı, Quba və Gəncə şəhərlərində oldular. Azərbaycan jurnalistləri isə,İrəvan, Dilican və Azərbaycanın Şuşa və Xankəndi şəhərlərinə səfər etdilər. Aydın məsələdir ki, əsas təşəbbüskarı Kreml olan bu səfər, Moskvanın münaqişənin həllində guya “sülhməramlı” rolunu göstərəcəkdi. Yəni, diplomatiya və siyasi tarix üçün Rusiya özünü bu münaqişədən kənar durduğunu və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu nümayiş etdirirdi.

Amma əslində biz çox gözəl bilirik ki, erməni işğallarının arxasında birbaşa məhz Rusiya dururdu və indi də durmaqdadır. Üstəlik Rusiya erməni işğallarında birbaşa iştirak da etmişdi.

ATƏT-in Minsk qrupu da bu növbəti komik səhnədə özünün fəaliyyəti olduğunu və problemin həlli üçün nəisə bir iş gördüyünü göstərməyə çalışdı. Əslində bu “jurnalist səfərləri” ATƏT-in Minsk qrupunun bir daha heç nəyə yaramayan qurum olduğunu nümayiş etdirdi. Çünki əgər “problemi xalq diplomatiyası həll edəcəksə”, ATƏT-ə və onun Minsk qrupuna nə ehtiyac?!

Amma əslində biz çox gözəl bilirik ki, ATƏT-in Minsk qrupunda təmsil olunan böyük dövlətlərin üçü də, yəni, ABŞ, Rusiya və Fransa da ermənipərəst, xristian təəssübkeşi, anti-Azərbaycan, anti-türk mövqedədirlər. İndiyədək onların fəaliyyətinin əsas “nailiyyətləri” bunlardır: 1) Ərazilərimizin işğalının davam etdirilməsi; 2) qondarma işğalçı rejimin, yəni “arsax respublikasının” de-fakto və münaqişənin tərəf kimi tanıdılması.

Bu səfərdən ermənilər də qazandılar. Əvvəla, onlar göstərdilər ki, guya “sülhməramlıdırlar” və “xalq diplomatiyasını” və s. siyasi hoqqabazlığı dəstəkləyirlər.

Ermənilərin ən böyük qazancı bu oldu ki, onlar bu səfərlərin təşkilində ATƏT nümayəndələrinin “arsax respublikasının xarici işlər nazirliyi” ilə əməkdaşlığını ortaya sırımağa bacarıblar. İndi də hər yerdə “səfərlərin təşkilatçılığında arsax xarici işlər nazirliyi də var idi” kimi təbliğat xarakterli çığır-bağır salıblar.

Əslində “arsaxın” tərəf kimi tanıdılması təkcə ermənilərin arzusu deyil. ATƏT-in Minsk Qrupunun Rusiyadan olan sabiq həmsədri, ordu generalı, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov deyib ki, “bu səfərlər regionda qeyri-rəsmi diplomatiya yolu ilə gələcək sülhün əsaslarını qoymaq baxımından yaxşı başlanğıcdır”. Bu barədə o, “EADaily” nəşrinə verdiyi açıqlamada bildirib (Virtualaz.org). Onun fikrincə, çox mühümdür ki, proqramda Dağlıq Qarabağ da iştirak edir. Rusiyalı diplomat hesab edir ki, dinc nizamlama prosesində Qarabağ əhalisinin də maraqları birbaşa təmsil olunmalıdır.

Azərbaycan tərəfi üçün bu səfərlərin nə istisi və nə də soyuğu var. Bizim tərəf sadəcə göstərdi ki, bu cür “xalq diplomatiyası” adlı hoqqabazlıqdan boyun qaçırmır. Əgər imtina etsə idik, mənfi tərəfi çox olardı. Ermənilər vay-şivən qaldıracaqdılar ki, Azərbaycan “sülh təşəbbüslərindən” boyun qaçırır və s.

İndi bəzi özünə “politoloq” deyənlər ortaya düşüb bildirirlər ki, ermənilər gəlib bizim necə yaşamağımızı, inkişafımızı görməlidirlər. Əvvəla, bizim inkişafımızdan və yaşayış səviyyəmizdən onlar çox yaxşı xəbərdardırlar. Azərbaycan telekanallarından tutmuş, internetə qədər ermənilər bütün KİV-də daim bizi izləməkdədirlər. Ermənilər bizim problemlərimizi də çox yaxşı bilirlər. Korrupsiyamızdan, kadr siyasətimizdəki problemlərdən, Qərb dövlətlərinin və Avrostrukturların bizə olan iradlarından çox yaxşı halidirlər…

XƏYALLARDAN UZAQLAŞAQ

Ermənilərin guya bizim inkişafı görüb barışığa getməyə razılaşması barədə fikirlər xülyadır. Əvvəla, ermənilər üçün “Qarabağ” və hətta, “ermənistan” vətən anlamında deyil. Bu anlam olsa idi, diasporlarda yaşayan milyonlarla erməni SSRİ dağıldıqdan sonra “ermənistana” və ya “arsaxa” axışıb yaşayardılar. Onlar özləri gözəl anlayırlar ki, bu torpaqlar Rusiyanın hərbi işğalı altındadır və onlar rusların işğal etdiyi torpaqlarda “milli fon” yaradırlar, sadəcə xristian koloniyalarıdır. Onlar bu torpaqlara köçmək fikrində deyillər, ən azından nə qədər ki, güclü Türkiyə və unitar dövlət quruluşuna malik Azərbaycan var.

Ermənilər istədiklərinə faktiki nail olublar. Belə ki, Bakıya səfər etmiş jurnalistin dili ilə desək, Azərbaycan tərəfi onlara çox şey vəd edib. Erməni jurnalist bildirib ki, “mümkün güzəştlər barədə soruşduqda (“azərbaycanlı jurnalistlər, cəmiyyətin adi üzvləri və vəzifəli şəxslər”dən) deyirdilər ki, Azərbaycanın daxilindəki “artsax üçün ən yüksək səviyyədə özünü idarəetmə hüququ” verə bilərik. Artsaxın öz polis və təhlükəsizlik qüvvələrinə sahib olmaq hüququnu da qəbul edirik. Ora böyük sərmayələr qoymağa hazırıq. Orada sosial proqramlar həyata keçirməyi vəd edirdilər. Hətta yolların asfaltlanması və əsaslı tikinti aparılmasını təklif edirdilər. Ancaq onlar bilmirlər ki, Artsaxda artıq bu işlər çoxdan görülüb…”.

Yəni, ermənilər “arsax” üçün ayrıca dövlət statusu tələb etməklə, onlara, yəni, separatçı kolonistlərə, Azərbaycan Dövlətinin ərazi bütövlüyünə qarşı əlində silahla döyüşən terrorçulara, işğalçı “ermənistan” ordusuna yardım edən satqınlara, dinc azərbaycanlı əhaliyə qarşı vəhşi cinayətlər törətmişlərə, azərbaycanlıların maddi tarixini yer üzündən silənlərə Azərbaycan cəmiyyətinin “ən yüksək səviyyədə özünü idarəetmə,  artsaxın öz polis və təhlükəsizlik qüvvələrinə sahib olmaq hüququnu” verməyə hazır olduğuna artıq nail olmuşlar!

Biz onlara bunu vəd etməklə, əslində onların gizlətdiyi tələblərə nail olduqlarını, yəni  məğlubiyyətimizi etiraf etməkdəyik!

Gəlin bir anlığa təsəvvür edək ki, ABŞ-ın və ya Rusiyanın təzyiqi ilə “arsaxa ən yüksək səviyyədə özünü idarəetmə hüququ” verdik. Əvvəla, bu halda Ana Yasamız dəyişməlidir. Faktiki, Azərbaycan Respublikası “Azərbaycan Konfederativ respublikasına” çevrilir. Bunu aldıqdan sonra “arsax”ın artıq müstəqil dövlət olmasına və Azərbaycanın parçalanmasına çox qalmayacaq. Çünki, digər separatçı qüvvələr də ayağa qalxacaqlar ki, rəsmi Bakı cinayətkar erməni terroçularına konfederativ subyekt hüququnu verirsə, biz niyə bunu əldə etməyək?! Yeni separatçı üsyan ocaqları partlayacaq!

MİLLƏTSEVƏRLƏRİN MÖVQEYİ

Sözsüz ki, “xalq diplomatiyası” hoqqabazlığını, “jurnalist səfərlərinin təşkili” və s. tragikomediyaların davam etdirilməsinə biz mane olmamalıyıq. Oyunun qaydaları budur…

Amma əgər kimsə öz xülyalarından çıxış edərək Qarabağdakı işğalçı ermənilərə “ən yüksək səviyyədə özünü idarəetmə hüququ” vəd edirsə, bu onun işidir.

Biz – millətçilər bu məsələdə konkret mövqedəyik. Əgər “ermənistan” adlı ərazidə kompakt yaşayan azərbaycanlılar varsa və onlar “ən yüksək səviyyədə özünü idarəetmə hüququ”na malikdirlərsə,  Azərbaycanda da bir o qədər kompakt yaşayan erməni, bir o qədər “ən yüksək səviyyədə özünü idarəetmə hüququ”na malik olacaqdır!

Əgər “ermənistan” adlı ərazidə kompakt yaşayan azərbaycanlılar yoxdursa, Azərbaycanda da bir o qədər kompakt yaşayan erməni olmayacaq və onlar da “ən yüksək səviyyədə özünü idarəetmə hüququ”na malik olmayacaqdır!

Tarixdə belə praktika olub və var. Düşmən ölkələr öz aralarında kombat əhalini, etnik toplumları dəyişirlər. Artıq Qərbi Azərbaycandan azərbaycanlı əhali “etnik təmizləmə” nəticəsində Azərbaycanda yerləşib. İndi isə, bizim növbəmizdir: Qarabağdakı kombat separatçı-terroçu əhalini “ermənistana” təhvil vermək. Koridor həmişə açıqdı. Sülh yolu ilə rədd olmaq istəmirlərsə, bu ayrı söhbət…

Qarabağda “yaşayan” erməni Azərbaycan vətəndaşı deyil! Bu ermənilər çoxdan vətəndaşlıqdan çıxıblar! Qondarma “ermənistan” adlı Qərbi Azərbaycan torpaqlarında XX əsrin 80-ci illərində, Qarabağda 90-cı illərin əvvəlində ermənilərin apardığı “etnik təmizləmə” zamanı rəsmi Bakının idarəsi altında olan torpaqlara pənah gətirmiş insanlar, Azərbaycan türkləri, kürdlər, Mesheti türkləri, hətta tək-tük də olsa ermənilər öz seçimlərini etdilər.

İşğal olunmuş ərazilərdə qalanlar, işğalçı erməni ordusu ilə əməkdaşlıq edənlər, millətindən asılı olmayaraq Azərbaycan Dövlətçiliynə və xalqına qarşı cinayət törətmiş satqınlar, müharibə caniləri və terrorçudurlar! Onlar işğalçı “ermənistan” adlı qurumun hərbi qüvvələrinin tərkib hissəsidirlər. İşğalçıya isə, “ən yüksək səviyyədə özünü idarəetmə hüququ” verməzlər! Çünki işğalçı yaxşı ola bilməz! Yaxşı işğalçı — ölü işğalçıdır!

Qarxunlu

“Millətçilik” qəzeti