Yaşadaraq yaşayan “YAŞAT”

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli fərmanı ilə yaradılan “YAŞAT” Fondu dövlətimizin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı həyata keçirir.

Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması ,bu sahədə şəffaflığın,hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Fondun əsas fəaliyyət istiqamətini məhz vətəndaşlara xidmət təşkil edir.

Fondun vəsaiti şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına,müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə,təhsilə,peşə hazırlığının artırılmasına ,eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsinə,məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələrinə baş çəkmək üçün “ASAN” xidmət əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılaraq təlimlərə cəlb edilmiş və artıq onlar müvafiq ünvanlara baş çəkməyə başlamışlar.

Xüsusilə qeyd etmək istəyirəm ki, cəmiyyət-dövlət birliyinin ən bariz təcəssümündən biri də “YAŞAT”Fondudur.Fond elə bir humanitar missiyanı özündə ehtiva edir ki,Fonda könüllü ödəmələr dayanmadan davam edir.Bu isə cəmiyyətimizdə yaşanan milli birliyi və həmrəyliyi bir daha sübut edir.

Dövlətin sosialyönümlü siyasətinin ana xəttini məhz qazi və şəhid ailələrinə yardımların göstərilməsi təşkil edir.Diqqətinizi faktlara yönəltmək istəyirəm. Belə ki,qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək qazi ilə görüşlər keçirilib,onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib.Öhdəliyə 5275 şəxs götürülüb.Reallaşdırılmış ödənişlərin sayı isə 4141-dir.

Şəffaflıq şəraitində fəaliyyət göstərən Fond dövlətə ictimai etibarı bir daha artırmış olur.

Belə ki,fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur.Bu məlumatlara əsasən indiyədək fonda 24   804   936 manat toplanıb.Həmin vəsaitdən 15   036  831,70 manat fiziki şəxslər,9  768  105,16 manat isə hüquqi  şəxslər tərəfindən ödənilib.

Onu da qeyd etmək yerinə düşərdi ki,”YAŞAT”Fondunun işinin təşkili “ASAN Xidmət”də çalışan şəhid ailələrinin üzvləri və qazilərə həvalə olunub.

Xalqımız,dövlətimiz həmişə ehtiyacı olanlara əl tutub,necə deyərlər “Əl tutmaq əlidən qalıb”.Bu missiyanı müxtəlif zaman kəsiklərində yaradılan fondlar həyata keçirib. Bu gün də bunun bariz nümunəsi kimi Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yaradılmış Heydər Əliyev Fondunu xüsusi vurğulamaq istərdim.

Bu Fond təşəbbüsü ilə həyata keçirilən humanitar missiyalar nəinki Azərbaycanda ,həmçinin bütün dünyada rəğbətlə qarşılanır .

Cənab Prezidentin qayğısı və diqqəti daim üzərində olan “YAŞAT“Fondu da öhdəsinə düşən bu şərəfli missiyanı layiqincə həyata keçirməkdə davam edir.Bu yolda hər bir Azərbaycan vətəndaşı kimi hər birimiz vəzifəmizi icra etməyə borcluyuq.

Sonda onu da qeyd etməyi özümə borc bilirəm ki,cənab Prezidentin birbaşa göstərişi ilə davamlı olaraq  şəhid və qazi  ailələrinə mənzillərin və minik avtomobillərinin verilməsi prosesi həyata keçirilməkdədir.

Cənab Prezidentin çağırışı ilə sosialyönümlü islahatların həyata keçirilməsi istiqamətində aparılan işlərə yerli icra strukturları,o cümlədən Nəsimi rayon İcra Hakimiyyəti  də qoşulmuşdur.Belə ki,qısa zaman kəsiyində Nəsimi rayonu ərazisində yerləşən  bir çox şəhid ailələrinin mənzilləri müasir üslubda tam təmir olunmuş,məhəlləri abadlaşdırılmışdır.Bu iş uğurla davam etməkdədir.

Çingiz Dadaşov,  hüquqşünas,

“Demokratik İnkişafın Təşviqi “ İ B sədri