Yardımlı rayonunda Tunc-İlk Dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası” İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi altında Yardımlı rayonundakı Tunc-İlk Dəmir dövrü abidələrində arxeoloji qazıntılar aparmışdır. Qazıntı işləri əsasən rayonun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilmişdir. Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılmış arxeoloji qazıntılar zamanı İlk Tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb. Komanı kurqanlarından birində aparılmış arxeoloji qazıntılar zamanı sol yanı üstə, az bükülü vəziyyətdə üzü cənub-qərb istiqamətində dəfn edilmiş insan skeleti aşkar olunub. Skeletin yanından tapılmış 1 ədəd sümükdən iy başlığı əmək aləti olmaqla, ipəyirmə sənətində istifadə edilmiş əşyadır. Komanı yaylaqlarında əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılmışdır. Bu kurqanlar dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılmış arxeoloji qazıntılar zamanı Son Tunc-İlk Dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilmişdir. Məlum olmuşdur ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir. Bu kurqanlar dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.

Arvana kəndi ərazisindəki Qaryatan adlanan yerdə bir kurqanın qazıntısı aparılmışdır. Qazıntılar nəticəsində qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinmişdir. Diametri 5 m olan, ətrafı kromlexşəkilli düzümlü kurqanın qəbir kamerasında üzü şimal istiqamətində, sol yanı üstə, ayaqları dizdən geri qatlanmış insan dəfn edilmişdir. Qəbir avadanlıqları içərisində saxsı qablar – küpə, boşqab, dopu, tuncdan silah nümunələri — xəncər və rapiraşəkilli qılınc, tunc üzük və müxtəlif formalı pasta muncuqlar aşkarlanmışdır. Maddi mədəniyyət nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən bu kurqanda həm Xocalı-Gədəbəy, həm də Talış-Muğan arxeoloji mədəniyyətlərinin qarşılıqlı təsirləri üzə çıxmışdır. Hazırda kurqandan aşkar edilmiş insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın İlk Dəmir dövrünə – e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.

 Bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir. Gələcəkdə sistemli olaraq Azərbaycanın cənub-şərq bölgəsində aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin yüksək dağlıq və dağətəyi hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə, eyni zamanda ilkin sinifli cəmiyyətlərin formalaşması proseslərinə aydınlıq gətiriləcəkdir.

Ekspedisiya tədqiqat müddətində rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində də kəşfiyyat xarakerli tədqiqatlar aparmaqla yeni kurqanlar və daş qutu qəbir nekropolları qeydə almışdır.