Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində olub

Vəkillər Kollegiyasının rəhbərliyi Konstitusiya Məhkəməsində olub.

Kollegiyanın mətbuat xidmətindən Milletcilik.az– verilən məlumata görə, görüş Konstitusiya Məhkəməsi Plenumunun həmin gün keçirilmiş növbəti iclası ilə eyni vaxta təsadüf edib.

Ötəni ilin dekabrında Konstitusiya Məhkəməsi məruzəçi-hakim Rafael Qvaladze olan “Ombudsmanın MPM-nin 157 və 158-ci maddələrinin Konstitusiyasının bir sıra maddələrinə uyğunluğunun yoxlanılmasına dair müraciəti”nə baxılması ilə bağlı iş üzrə Vəkillər Kollegiyasından mütəxəssis qismində öz nümayəndəsinin göndərilməsini xahiş edib.

Qeyd olunub ki, Konstitusiya Məhkəməsinin tarixində ilk dəfədir ki, Vəkillər Kollegiyasının nümayəndəsi mütəxəssis qismində Plenumun iclasına dəvət olunub. Vəkillər Kollegiyasını iclasda mütəxəssis qismində Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev təmsil edib.

Sonra Vəkillər Kollegiyasının rəhbərliyinin – sədr Anar Bağırov, sədr müavini Pərviz Ələkbərov, Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev başda olmaqla Məhkəmənin hakimi heyəti ilə görüşü keçirilib.

Fərhad Abdullayev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş Rafael Qvaladzeyə məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub. Daha sonra, xoş bir təsadüf olaraq hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə və 70 illik yubileyi ilə əlaqədar, Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas Rafael Qvaladzeyə Rəyasət Heyətinin qərarı ilə verilmiş “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” diplomu da təqdim olunub.