Udmurt alimi özünü niyə yandırdı?

Rusiyanın Udmurtiya regionunun paytaxtında 79 yaşlı bir kişi özünü yandırıb və xəstəxanaya yerləşdirilib.
İnsident sentyabrın 10-da regionun paytaxtı İjevsk şəhərində, parlament binasının qarşısında baş verib. Bu gün parlamentə qalmaqallı dil qanunvericiliyinin müzakirəsi planlaşdırılırdı.

Albert Razin adlı həmin şəxs əlində iki plakat tutub: plakatın birində: “Mənim ata yurdum varmı?” sualı yazılmışdı, digərində isə, rusiyalı şair Rəsul Həmzətovun şerindən misra var idi: “Mənim dilim sabah öləcəksə, mən bu gün ölməyə hazıram”.

Özünü yandırmazdan öncə A.Razin bu fotonu çəkdirmişdir.

Onun vəziyyətinin ağır olduğu, bədəninin, demək olar, tamamilə yandığı bildirilirdi. Son məlumatlara görə, A.Razin komadan çıxmayaraq keçinib.

İstintaq Komitəsi təhqiqat başladıb.

Parlament iclasını təxirə salıb

Məlumatlara görə, insidentdən sonra Udmurt Dövlət Şurası iclasını təxirə salıb.

Fəlsəfə doktoru və udmurt fəalı olan Razin bir qrup yerli ekspertlə birlikdə Udmurtiya parlamentinə açıq məktub yazaraq sözügedən qanun layihəsini dəstəkləməməyə çağırmışdı.

Məktəblərdə “yerli dillər”in tədrisi qanunu ölkənin etnik azlıqlarından çoxunun təmsilçilərini qəzəbləndirib.

Rusiya Dövlət Dumasının ötən il təsdiqlədiyi bu qanun Rusiyanın qeyri-rus etnik qruplarının yaxşı təmsil olunduğu region və respublikalarında yerli dillərin məcburi tədrisinin dayandırılmasını nəzərdə tutur.

Həmin regionlardan milli azlıqların şikayətlərinə cavab olaraq Prezident Vladimir Putin 2017-ci ildə demişdi ki, uşaqlar ana dilləri olmayan dilləri öyrənməyə məcbur edilməməlidirlər. Yəni, V.Putinin sözlərindən belə bir nəticə çıxırdı ki, qeyri-ruslar üçün yalnız rus dili məcburi ola bilər.

Udmurt dili fin-uqor dilləri ilə yanaşı Ural dilləri qrupuna daxildir.

Udmurt icmasının təxminən 560 min üzvü var, əsasən Volqa regionu, Qazaxıstan və Estoniyada yaşayırlar.

Albert Razin kim idi?

Albert Alekseyeviç Razin 12 iyun 1940-cı ildə anadan olub. Filologiya elmləri doktoru, dosent, Rusiya Federasiyası Udmurt Respublikasının əməkdar müəllimi idi.

Udmurt Dövlət Universitetinin Milli münasibətlər laboratoriyasının yaradıcılarından biri olub. İnsan İnstitutunun direktoru işləyib.

Son dövrdə Udmurt alimlər ittifaqında işləyirdi. “Udmurt Keneş” Milli Hərərkatının fəal üzvü və “Todosçi” alim klubunun fəal üzvü idi.

Ötən il Albert Razin də daxil olmaqla bir qrup udmurt alimi Udmurtiya Dövlət Şurasının sədri Aleksey Prasolova müraciət etmişlər. Müraciətdə Rusiya Federasiyası Dövlət Dumasının bir qanun layihəsinə qarşı çıxmaq xahiş olunurdu. Belə ki, həmin qanun layihəsinə görə, Rusiya dövləti ərazisində orta təhsil müəssisələrində icbari yerli qeyri-rus dillərinin öyrədilməsi yasaq edilirdi. Milli, qeyri-rus regionlarında indiyədək yerli dillərin tədrisi icbari xarakter daşıyırdı. Amma Rusiya Dövlət Dumasının son qərar layihəsində artıq yerli, qeyri-rus dilinin tədrisi könüllü (əgər hər hansı qeyri-rus dilinin tədrisini istəyən valideyn və şagird qrupu varsa), fakültətiv əsasa keçirilir. Bu qanunlayihəsinə qarşı indi də Rusiyanın Tatarıstan, Başqırdıstan və Udmurtiya respublikaları ziyalıları arasında ciddi etiraz mövcuddur.

Son iki gündə Udmurtiyada, Başqırdıstanda və Tatarıstanda özünə qəsd etmiş A.Razinlə həmrəylik aksiyaları keçirilir.

Hazırladı: Sevda Elay (Əskərova)