TÜRKİYƏNİN SEÇİMİ VƏ AZƏRBAYCAN

Senatorlar Ceyms İnhof (James Inhofe), Cek Rid (Jack Reed), Cim Riş (Jim Risch) və Bob Menendez (Bob Menendez) “The New York Times” qəzetində yazır ki, ilin sonunadək Türkiyənin ya müasir “F-35” qırıcıları, ya da Rusiyanın “S-400” zenit-raket kompleksləri olacaq, ancaq onun hər ikisini alması mümkün olmayacaq.

Məqalədə qeyd edilir ki, prezident Rəcəb Tayyip Ərdoğanın edəcəyi seçim Türkiyəyə, onun dünyadakı yerinə, ABŞ ilə münasibətlərinə və NATO-dakı vəziyyətinə böyük təsir göstərəcək.

Məqalə faktiki olaraq Türkiyə qarşısında ultimatum qoyur: ya bizim dediyimiz olacaq, ya da Rusiya ilə birgə uçuruma doğru gedəcəksən!

ABŞ VƏ NATO-nun “F-35” LAYİHƏSİ VƏ RUSLARIN S-400 ZRK-sı

“F-35” qırıcılarının istehsal proqramı beşinci nəsil qırıcıların yaradılması üzrə dünyanın ən böyük proqramıdır. Türkiyə də daxil olmaqla bir çox xarici tərəfdaş, həmçinin alıcılar bu layihəyə bir trilyon dollardan çox vəsait investisiya edib. ABŞ və müttəfiqlərinin səmada hərbi üstünlüyünü qoruyub saxlaması bir çox cəhətdən bu proqramdan asılı olacaq.

2017-ci ilin iyulunda Türkiyə Rusiyadan “S-400” zenit-raket komplekslərini (ZRK) alacağını elan edib. “S-400” az nəzərə çarpan “Stealth” texnologiyası üzərində üstünülük əldə etməyə çalışan, bu gün Rusiyada istehsal edilən ən qabaqcıl sistemdir. Və bu sistem “F-35” qırıcılarını vurmaq üçün yaradılıb.

Senatorlar qeyd edir ki, Türkiyənin “S-400” sistemlərini əldə etməsi NATO qarşısında götürdüyü öhdəliklərlə uyğun gəlmir. Bu səbəbdən Türkiyənin hərbi texnikası ilə müttəfiqlərin texnikasının operativ uyğunluğu aşağı düşəcək. Əgər Türkiyə bir tərəfdən ABŞ-NATO-nun “F-35” texnologiyasının bir hissəsini, digər tərəfdən “S-400” sistemlərini alsa, onda bu, NATO üçün qəbuledilməz risk yaradacaq. Çünki  “S-400” ZRK-sını Türkiyədə yerləşdirməyə başlayan rus hərbi texnoloqları “F-35”-in Türkiyədə istehsal edilən texnologiyalarının hissəsinə çıxış əldə edə bilərlər. Belə ki, Türkiyə rus hərbçilərindən “S-400” ZRK-sını məhz “F-35” təyyarəsinə qarşı köklənməsini tələb edəcək. Belə olduqda, “S-400” ZRK-sının radiolokasiya sistemi rus hərbçilərinə “F-35” qırıcılarının iş fəaliyyətini başa düşməyə imkan yaradacaq. Yəni, ruslar türklər üzərindən NATO və ABŞ-ın ən qabaqcıl hərbi sirrlərinə yiyələnə bilərlər.

ABŞ-ın TÜRKİYƏYƏ TƏKLİFİ VƏ TƏHDİDİ

Türkiyənin müdafiə sahəsində kifayət qədər əsaslı və qanuni ehtiyacları var. ABŞ 2012-ci ildən “S-400” sistemlərinə alternativ olaraq “Patriot” sistemlərini təklif edir, lakin Türkiyə bu təklifi rədd edir. “S-400” Türkiyəyə iyulda, “F-35”-lər isə noyabrda tədarük olunacağı üçün prezident Ərdoğanın seçim etmək vaxtıdır. Senatorlar ümid edir ki, prezident “S-400”-dən imtina edəcək, türk səmasını “Patriot” sistemi ilə müdafiə edəcək və “F-35” proqramını xilas edəcək.

Prezident Ərdoğan seçim etməsə və “S-400” sistemlərinin tədarükünü həyata keçirsə, Türkiyə ABŞ-ın “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə müqavimət haqqında” qanunun tələbinə müvafiq şəkildə sanksiyalara məruz qalacaq. Sanksiyalar türk iqtisadiyyatına güclü zərbə endirəcək, dünya bazarlarında çaşqınlıq yaradacaq, birbaşa investisiya sahəsində xarici investorları qorxuya salacaq və Türkiyənin aviakosmik, müdafiə sənayesinə ciddi zərər vuracaq.

Bundan sonra heç bir “F-35” qırıcısı türk torpağına düşməyəcək. Türkiyənin proqramdakı iştirakı dayandırılacaq. Ölkə bu təyyarələrin detallarını istehsal edə, onların təmiri və xidməti ilə məşğul ola bilməyəcək. Türk şirkətləri bu proqram çərçivəsində istehsal və təchizat prosesindən çıxarılacaq.

Senatorlar yazır ki, “bu cür sanksiyaları tətbiq etmək üçün lazımi qanunverici tədbirləri qəbul etməyə qətiyyətimiz var”. Türkiyə “F-35” proqramında mühüm tərəfdaşdır, amma onu əvəzləyəcək ölkə tapmaq mümkündür.

“F-35”-dən imtina Ankara üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq. Türkiyə artıq proqrama 1,25 milyard dollardan çox vəsait yatırıb və bu pullar itiriləcək. Ölkə almağı planlaşdırdığı 100 ədəd “F-35” təyyarəsini əldə etməyəcək və hələ 10 ildən sonra daha az müasir və daha az effektiv qırıcılarla qane olmalı olacaq.

“F-35” üçün detal istehsal edən türk şirkətləri sifarişsiz qalacaq. “F-35” mühərriklərinin təmiri, xidməti, əsaslı təmiri və müasirləşdirilməsi üzrə bütün işlər Avropadakı başqa müəssisələrə verilsə, Ərdoğanın Türkiyənin hərbi sənayesini iqtisadi artımın əsas elementinə çevirmək arzusu tez bir zamanda puç olacaq. Çünki bir var — dünyanın qabaqcıl ölkəsi kimi yüksək texnoloji məhsulları bazarlara çıxarasan, bir də var — aqrar ölkə kimi dövlət gəlirin beynəlxalq bazara çıxardığın pomidor, meyvə və s. kənd təsərrüfatı məhsulundan asılı olsun!

ABŞ TÜRKİYƏYƏ NƏYİ VƏD EDİR?

Məqalədə senatorlar qeyd edir ki, “türk dostlarımıza ziyan vurmağa çalışmırıq”: “…Biz sadəcə “F-35” proqramını və NATO blokunun, o cümlədən onun Türkiyə kimi üzvlərinin potensialını müdafiə etmək istəyirik.

Türkiyənin Suriyada, energetika, kənd təssərrüfatı, turizm və başqa sahələrdə Rusiya ilə münasibət saxlamalı olduğunu başa düşürük. Prezident Ərdoğan “S-400”-dən imtina etsə, Putin bu sahələrdən birinə və ya hamısına birdən zərbə endirə bilər. Belə olduğu təqdirdə, fırtınaya tab gətirməkdə Türkiyəyə kömək etmək üçün əlimizdən gələn hər şeyi etməyə söz veririk”.

Məqalədə deyilir ki, “S-400” tədarükü şəklində Kremlə minnətdarlıq etmək Türkiyənin maraqlarına cavab vermir. “Çarlar və Sovet İttifaqı kimi Putin də Türkiyənin müttəfiqi deyil. Onun Gürcüstan, Ukrayna və Suriyadakı aqressiyası Türkiyənin təhlükəsizliyini zəiflədib. İndi isə Putin “S-400” tədarükü ilə Türkiyəni Qərbdən uzaqlaşdırmağa çalışır.

O, bu işdə uğurlu olsa, qeyd edilən tədarük Türkiyənin maraqlarına daha çox ziyan vuracaq. Türkiyə müttəfiqlərindən nə qədər təcrid olsa, Putinin qarşılıqlı münasibətlərə bir o qədər təsir gücü olacaq. Rusiya ürəyi istədiyi hər şeyi edə biləcək, Türkiyə isə mütləq əziyyət çəkəcək”.

Senatorlarların fikrincə, Putin Qərbdə möhkəm və strateji əhəmiyyətli mövqe tutan, habelə NATO-ya sadiqlik nümayiş etdirən Türkiyədən qorxur və ona hörmət edir. Buna  görə də Ankara ABŞ-la və NATO ilə müttəfiq olmalıdır. Senatorlar ümid edir ki, prezident Ərdoğan Türkiyə üçün məhz bu cür gələcək seçəcək və Putinin “S-400” ilə bağlı hiylələrini rədd edəcək; “Patriot” sistemlərinin əldə edilməsi hesabına hava hücumundan müdafiə ehtiyaclarını təmin edəcək; Ankara “F-35” proqramında mühüm tərəfdaş olaraq qalacaq.

Hal-hazırda ABŞ-ın konqresmenləri Türkiyəyə qarşı əlavə təzyiq vasitəsi kimi uydurma “dığaqırım” barədə qətnamənin qəbulunu Nümayəndələr Palatasından keçirmək istəyirlər. Əgər bu il Ərdoğan rusların “S-400”-nə üstünlük versə, onda gələn ilin aprelində ABŞ konqresinin uydurma “dığaqırımı” tanıması gün kimi aydındır. Amma yuxarıda senatorların məqaləsində göstərilmiş təhdidlər uydurma “dığaqırım” kimi şantajdan daha ciddidir.

ƏRDOĞAN NİYƏ “S-400”-ü ALMAQ İSTƏYİR?

Əlbəttə, Rusiya hərbi texnologiyaları ABŞ-a rəqib deyillər. Amma ABŞ-dan sonra dünyada hərbi texnologiyalar sahəsində inkişafa görə,  Rusiyanınikinci yerdə gəldiyini də inkar etmək mümkün deyil. Ərdoğanın ABŞ-ın “Patriot” ZRK-sından imtinasının əsas səbəbi var.  ABŞ “Patriot”-larını Türkiyəyə silah kimi satır və öz uzmanlarını türk hərbçilərini bu silahdan istifadəni öyrətmək üçün yollayır. Amma “Patriot”-un quruluşu, onun istehsal texnologiyası barədə bilikləri ABŞ qətiyyən Ankaraya vermək fikrində deyil.

Əksinə, Rusiya “S-400” ZRK-sinin özünü, istifadə və hətta bu kompleksin istehsal texnologiyalarını həvəslə Türkiyə ilə bölüşmək fikrindədir. Rusiyanın özündə çox az politoloq və hərbi texnoloq bu mövqeyin əleyhinədir. Bu çevrənin fikrincə bu cür yüksək texnologiyaların Türkiyəyə, yəni türk və islam ölkəsinə verilməsi gələcəkdə xristian dünyası üçün ciddi təhdid doğura bilər. Amma Kreml üçün  indiki durumda NATO-nu zəiflətmək, ABŞ-ın nüfuzuna ciddi ziyan vurmaq üçün böyük şans yaranıb. Hətta bu istiqamətdə Rusiyanın satışdan gəliri Kreml üçün o qədər də vacib deyil; siyasi uduş imkanı daha əhəmiyyətlidir.

Türkiyə NATO və əsasən də ABŞ-la “F-35” proqramında iştirak üçün müqaviləyə imza atıb və layihəyə maliyyə yatırımı edib. Türkiyənin “S-400” ZRK-sını alacağı təqdirində ABŞ-ın və NATO-nun Ankaranı “F-35” proqramından çıxaracağı hədəsinə Ərdoğan belə cavab verib: müqavilədən imtina üçün ABŞ-ı beynəlxalq məhkəməyə verə bilərik.

Əslində beynəlxalq hüquq Türkiyə tərəfindədir. “F-35” proqramı üzrə müqavilə var və Türkiyənin ruslardan “S-400”-ləri almasının buna heç bir aidiyyatı yoxdur. ABŞ müqaviləni pozacaqsa, onda beynəlxalq iqtisadi məhkəmədə cavab verməli olacaq.

Amma ABŞ və ya Rusiya nə zamansa beynəlxalq hüququ nəzərə alıbmı?

HADİSƏLƏRİN BİR GEDİŞATINDA AZƏRBAYCAN

Hadisələrin nəticəsini bilmək çətindir. Daha çox belə bir proqnoz vermək olar ki, Türkiyə bu seçimi uzatmağa çalışacaq. Çox güman ki, son seçim ABŞ-ın xeyirinə olacaq. Çünki Rusiya ilə münasibətlərin korlanmasından alacağı siyasi və iqtisadi zərbəni amerikalılar kompensasiya etmək vədi verirlər.

Əgər Ankara ABŞ-ın xeyirinə seçim etsə (çox güman ki, belə olacaq), Rusiya ilə Türkiyənin münasibətləri “SU-24” təyyarəsinin vurulmasında olduğu kimi, korlanma həddinədək yüksələ bilər.

Unutmayaq ki, məhz Rusiyanın Türkiyə ilə münasibətlərinin korlanma fonunda Aprel döyüşləri baş verdi. Biz o zaman da vurğulamışdıq ki, “SU-24” hadisəsindən sonra Moskva Türkiyədən hayfını çıxmaq üçün gec-tez ermənilərin əli ilə Azərbaycana da “ilişəcək”. Elə də oldu, amma rus-erməni kəşfiyyatının gücünə baxmayaraq Azərbaycan Ordusunun həmlələri Moskva üçün gözlənilməz oldu. Başa düşəndə ki, Ordumuz hələ çox torpağlarımızı azad edə bilər, onda Moskva araya girib, öz avantürasını yatızdırdı.

Yaxşıya ümid edib, pisə hazırlaşmalıyıq! Yəni, torpaqlarımızın azadlığı uğrunda müharibəyə hazırlaşmalıyıq!

Qarxunlu

 “Millətçilik” qəzeti