Türkiyə parlamentinin sədri postuna seçkilərin ilk turu keçirilib

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri postuna seçkilər keçirilib.

Milletcilik.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ilk iki turda Türkiyə parlamentinin sədri seçilmək üçün namizədlərin deputatların 2/3-nin dəstəyini qazanması, yəni 276 səs toplaması lazımdır.

Bu gün keçirilən ilk turda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) TBMM sədri postuna əsas namizədi olan hazırkı spiker İsmayıl Qəhrəman 260 səs, AKP-nin ehtiyat namizədi Tamer Dağlı 38 səs, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Zekeriya Temizel 113 səs, Milliyətçi Hərəkat Partiyasının (MHP) namizədi Cəlal Adan 40 səs, İYİ Partiyanın namizədi Yusuf Halaçoğlu 6 səs, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Selma Irmak 39 səs toplayıb. Beləliklə, ilk turda TBMM-nin sədrini seçmək mümkün olmayıb.

Qeyd edək ki, ikinci turda da TBMM sədri seçilməsə, Türkiyə parlamentinin sədri postuna namizədlərin üçüncü turda 50%+1 səs, yəni səslərin yarıdan çoxunu toplaması yetərli olacaq. Üçüncü turda da seçkinin qalibi müəyyənləşməsə, ən çox səs toplayan iki namizəd dördüncü turda yarışacaq.

Parlamentdə 315 deputatı olan AKP-nin namizədi İ. Qəhrəmanın üçüncü turda TBMM sədri seçilməsi gözlənilir.