TÜRKÇÜLÜK, MİLLİ AZƏRBAYCANÇILIQ VƏ SİYASİ OYUN DÜHASI

Deputat Araz Əlizadənin İTV-nin 3D verilişində aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı imperiyası, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycanı xilasa gəlmiş Qafqaz İslam Ordusu barədə səsləndirdiyi fikirlər, Azərbaycanda türklərin yaşamadığını və d., mahiyyətcə tarixi faktlardan uzaq və həmçinin, deputatın məntiqi durumunu sual altına qoyan ziddiyyətli açıqlamaları cəmiyyətdə sərt etiraz reaksiyası yaradıb. Sosial şəbəkələrdə deputatın ünvanına itthamlar, hətta ən ədəbsiz söyüşlər ünvanlanmaqdadır. Deputatın Milli Məclisdəki bəzi həmkarları A.Əlizadəyə kəskin cavab veriblər, ya da ondan heç olmasa, susmağı tələb ediblər.

MİLLİ AZƏRBAYCANÇILIQ

Qədimlərdən Azərbaycan ərazisində türk dilində danışmış əhalinin yaşamasını göstərən tarixi faktlar var. Avropa və rus elminə görə, yazılı tarixi dövrdə Azərbaycanda türkcə danışan əhalinin yaşamasını eramızın əvvəllərinə aid edilir. Hətta, Səlcuqlardan öncə Azərbaycan ərazisində türk əhalisinin dominantlığını göstərən faktlar var. Məsələn, VII əsrdə yaşamış ərəb tarixçisi Cürcuma qətiyyətlə bildirir ki, Azərbaycan lap qədim çağlardan türklərin vətəni sayılır. Türklər çoxdan bu ərazidə məskunlaşmışdır. Məsələn, mənbələrə görə, xəlifə Müaviyə tarixçi Abid ibn Şuriyyədən soruşur: «Türklər və Azərbaycan nə deməkdir?» Abid cavab verir: «Azərbaycan qədimdən burada məskunlaşmış türklərin ölkəsidir». Yəni, artıq VII əsrdə ərəblər Azərbaycanda özünü “türk” kimi dərk edən və dominant olan əhali ilə üzləşmişlər.

“Türk” adı ilə soy özünüdərki türkköklü xalqlar içində yeganə deyildi. Tarix boyu türkköklü olaraq digər adla özünü dərk edən çoxlu etnoslar mövcud olub. Amma tarixi faktlar göstərir ki, eramızın 5-ci əsrindən etibarən, yəni Birinci Türk Xaqanlığının qurulmasından başlayaraq “türk” adı bu xalqlar üçün ümumi ada çevrildi.

Yazısız tarixi dövrdə türklərin Azərbaycan ərazisində yaşamasını ehtimal etmək olar. Amma həmin dövrdə bu coğrafiyada yaşamış, adı belə, bizə bəlli olmayan tarixəqədərki etnosların istər Türk, istər İran, istər Qafqaz və istərsə də hər hansı bir digər dildə danışması haqda qəti fikir demək mümkün deyil. Çünki sırf rasional və faktoloji zəminə dayaqlanan müasir elmdə dilin yeganə göstərici yazılı mənbə hesab edilir və əgər yazılı fakt yoxdursa, yazısız dövr əhalisinin dili barədə deyilən bütün fikirlər yalnız ehtimal kimi dəyərləndirilir.

Azərbaycan ərazisində XX əsrin 30-cu illərinədək “türk” adı türköklü əhalinin əsas özünüdərk adı idi. Hətta talışlar, kürdlər, farslar də bu günədək Azərbaycan türklərini elə “türk” (talışca “tirk”, farsca və kürdcə “tork”) adlandırırlar.  Amma 30-cu illərdə sovet imperiyası anti-türk repressiyalara başladı və “türk” adı və özünüdərki yasaq edildi.

XIX əsrdən etibarən rus imperiyasının işğalı altında olan Quzey Azərbaycanda milli özünüdərk sürətlə inkişaf edirdi.  Milli özünüdərk müstəvisində Quzey Azərbaycanın yeni ziyalı təbəqəsi uzun və mürəkkəb yol keçdi. Polyak mənşəli ABŞ tədqiqatçısı Tadeuş Svyatoçovski (Tadeusz Svyatoçovski) – “Rusiya Azərbaycanı, 1905-1920. Müsəlman Cəmiyyətində Milli Kimliyin Formalaşması” əsərində Məhəmmədəmin Rəsulzadənin fəlsəfi fikirlərinin inkişafı nümunəsində bu mürəkkəb yolu çox gözəl təhlil etmişdi. T.Svyatoçovskiyə görə, M.Rəsulzadə əvvəlcə “şiə-müsəlman”, “iranlı” düşüncəsindən başlayaraq sonra “türkçülük” ideyasına və nəhayət, “azərbaycançılıq” ideyasına gəlib çıxmışdır. Bu cür özünüdərk inkişafı Quzey Azərbaycan ziyalıları üçün xarakterik idi.

M.Rəsulzadə və çevrəsinin “azərbaycançılıq” ideyası sırf milli əsaslar, milli dövlətçilik təməli üzərində idi. Faktiki olaraq bu cür milli özünüdərk hətta ABŞ milli özünüdərkini önləyirdi. MİLLİ AZƏRBAYCANÇILIĞA görə, Azərbaycan Respublikası ərazisində yaşayan hər bir etnos və etnik birlik (toplum, millət və s.) nümayəndələrinin “dövləti millətçilik” ideyası ilə özünüdərkini qəbul edirdi. Hər bir Azərbaycan vətəndaşının türk, kürd, ləzgi, talış, yəhudi və d. öznüzdərkini qəbul edərək MİLLİ AZƏRBAYCANÇILIQ ideyası MİLLİ özünüdərkin sonuncu yüksək pilləsi idi. MİLLİ AZƏRBAYCANÇILIQ hər hansı bir etnosun kimliyini inkar etmirdi. Mahiyyət etibari ilə MİLLİ AZƏRBAYCANÇILIQ anqlo-sakson ölkələrindəki “dövlət millətçiliyi” modelləri (amerikanizm, avstraliyaçılıq, kanadaçılıq, britanizm) ilə səsləşirdi. Lakin həmin anqlo-sakson dövləti millətçiliyindən fərqli olaraq MİLLİ AZƏRBAYCANÇILIQ heç bir zaman irqçi mərhələyə malik olmamışdı. Belə ki, Amerika qitəsində amerikanizm və kanadaçılıq hindu və zəncilərə, avstraliyaçılıq isə, Avstraliya aborigenlərinə, zəncilərə və d. qeyri-anqlo-sakson toplumlara münasibətdə 60-cı illərə kimi irqi seqradasiyanı saxlayırdı. Yəni, Quzey Azərbaycanın ziyalı mühitinin XX əsrin əvvəllərində gəlib çıxdığı məntiqi fikirə anqlo-saksonlar yalnız XX əsrin 60-70-ci illərdə sahib oldular, “dövləti millətçilik” ideyalarını irqçi buxovlardan azad etdilər.

ANTİ-AZƏRBAYCAN VƏ ANTİ-TÜRK  “SOVET AZƏRBAYCANÇILIĞI”

1920-ci il 28 aprel işğalından sonra 30-cu illərə kimi sovet ideoloqları Azərbaycan türklərinin milli kimliyinə toxunmurdular. “Türk” adı sovet pasportlarında, Azərbaycandakı sovet mədəni və ictimai birliklərin rəsmi adında qalırdı. Amma 30-cu illərdən başlayaraq , xüsusilə sovet kommunist partiyasının 1934-cü ildəki 17-ci qurultayında “yerli millətçiliyə” qarşı mübarizə elan edildi. Yetişmiş yeni “sovet ziyalıları” arasında, xüsusilə türkköklü xalqlar içində milli özünüdərkin, türkçülük ideyasının güclənməsindən qorxuya düşmüş Qırmızı Kreml bir tərəfdən kütləvi repressiyalara əl atdı, digər tərəfdən, “türk” özünüdərkinə qarşı ideoloji hücuma keçdi.

“Türk” özünü adlandırılması və “türk” özünüdərki ölüm hədəsi ilə yasaq edilirdi. “Azərbaycan SSR” adlı müstəmləkə ərazisində “türk” özünüdərki kimi əsas elementə dayaqlanan MİLLİ AZƏRBAYCANÇILIQ ideyası “sovet azərbaycançılığı” kimi ideoloji təxribatla əvəzləndi.

Moskva tərəfindən yeridilən “sovet azərbaycançılığı” kimi qondarma ideyaya görə, Azərbaycan ərazisində yaşayan yalnız bütün türkköklü əhalinin “türk” adı yasaq edilirdi. Yəni, mahiyyəti etibarilə “sovet azərbaycançılığı” anti-türk ideya idi, Azərbaycan türklərini gerçək tarixi özünüdərkdən, Güney Azərbaycan türkləri və Türk dünyası ilə mənəvi bağlardan məhrum etməyə yönəlmişdi.

Digər tərəfdən, “sovet azərbaycançılığı” Azərbaycan dövlətçilik ideyasının məhvini ehtiva edirdi. Çünki həmin “sovet azərbaycançılığı” ideyasına görə, Azərbaycanda yaşayan etnik toplumlar (kürdlər, talışlar, ləzgilər və d.) “azərbaycançılıq” anlamından kənara çıxarılırdı və “azərbaycançılığa” əsaslanan Azərbaycan dövlətçiliyi ideyasından uzaqlaşdırılırdı.

Baxmayaraq ki, “sovet azərbaycançılığı” Azərbaycan dövlətçiliyi ideyasının təməlinə qoyulan mina idi, amma bu gün bu qondarma sovet təxribatı hələki yaşayır. Çünki 60 il zor və təbliğat gücünə yeridilən “sovet azərbaycançılığı” bir günün içində yox ola bilməz. Elə Araz Əlizadə kimilər də “sovet azərbaycançılığı” ideoloji təbliğatının təsiri altındadırlar.

Amma bu gün, hələki MİLLİ AZƏRBAYCANÇILIĞIN tam öz yerini siyasət müstəvisində tutmadığına baxmayaraq, MİLLİ AZƏRBAYCANÇILIQ ideyası kortəbii surətdə öz mövqelərini bərpa edir. Belə ki, müasir Azərbaycan sosial-antropoloqlarının apardığı etnoloji tədqiqatlar göstərir ki, kortəbii surətdə, amma təbii gedişatla, Azərbaycanda yaşayan istər Türk, istərsə Qafqaz, İrandilli toplumlarda pilləli özünüdərk vardır. Yəni, məsələn, “mən xınalığam, sonra isə mən azərbaycanlıyam”. Beləliklə, süni yaratım olan “sovet azərbaycançılığı” öz yerini təbii inkişafın yeganə rasional nəticəsi olan MİLLİ AZƏRBAYCANÇILIQ  ideyasına verməkdədir.

SİYASİ OYUN QAYDALARI: DAHA YÜKSƏK MƏRHƏLƏ

Araz Əlizadənin tarixi faktlardan və ümumiyyətlə elmdən uzaq ibarələri daim tənqid edilib. Məsələn, 2015-ci ildə “Qaziler.az” saytında A.Əlizadə kimilərin ibarələrinin ciddi elmi əsaslardan uzaq olduğunu göstərmişdim.Yəni, daşıdığı funksiyadan asılı olmayaraq, A.Əlizadə, anlayışı olmadığı mövzular barədə danışır.

Bununla yanaşı biz qeyd etməliyik ki, Sos-dem-intern kimi təşkilatda A.Əlizadənin erməni “daşnak” sos-demokratlarını şovinizmdə ittihamı üçün bu cür qeyri-milli mövqe yararlıdır. Yəni, A.Əlizadə daşnakları tənqid edəndə hər hansı bir ermənipərəst onu Azərbaycan türkçülüyündə ittiham edə bilmir. Çünki bilir ki, bu adam Azərbaycanda türklüyü və türkçülüyü inkar mövqeyindədir. Ermənilərin içində də erməniliyi və erməni irqçiliyini inkar edənlər var. Erməni siyasi dairələri az və ya çox dərəcədə buna tolerantdırlar. Çünki siyasi oyun qaydaları bunu tələb edir.

Əgər biz siyasi oyun dühası göstərmək istəyiriksə, daha yüksək oyun səviyyəsinə qalxmalıyıq. Gələn parlament seçkilərində Azərbaycan Milli Məclisində türkçü-millətçi, yəni, MİLLİ AZƏRBAYCANÇILIQ  mövqeyində olan, lazım gələndə ermənipərəst amerikalı və ya rusiyalı dairələrə “yeddi qatdan keçən” mesajları verən deputatlar da təmsil olunmalıdır. Necə ki, Rusiya Dövlət Dumasında jirinovskilər, rus şovinistləri, Türkiyədə MHP və “İYİ” üzvləri parlamentdə təmsil olunurlar.

Eyni zamanda bizim Milli Məclisimizdə Qərb ölkələrində separatçı hərəkatları (İspaniyada katalon, Fransada korsikalı, İngiltərədə şotland və s. separatçılığını) dəstəkləyən deputatlar olmalıdır. Nə zamana qədər biz xarici ölkə deputatlarının işğal olunmuş ərazilərimizə qanunsuz səyahətinə, heç kəsin məhəl vermədiyi bəyanatlarla cavablandırmağı davam edəcəyik? Bu cür rəsmi bəyanatlarımızı xarici dövlətlərdə vecə alan belə, yoxdur.

Amma əgər Azərbaycan Milli Məclisinin hər hansı bir deputatının səsi korsikalı, şotland, kataloniyalı separatçılarla görüşlərdən gəlsə, görün bir, bizim maraqlarımızı və bəyanatlarımızı necə ciddiyə qəbul edəcəklər! Bu həm də bizim ermənipərəst qüvvələrə cavabımız olacaq: “biz də sizdəki separatçıları dəstəkləyə bilərik!”.

  Pərviz Elay

“Millətçilik” qəzeti