Tramp “S-400”-lərin Türkiyədə mövcudluğunun yolverilməzliyi barədə Ərdoğana məlumat verəcək

ABŞ prezidenti Donald Tramp gələn həftə Vaşinqtona səfəri zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana NATO üzvü kimi Türkiyədə Rusiyanın “S-400” zenit-raket sistemlərinin mövcudluğunun yolverilməzliyi barədə məlumat verəcək.

Enter.News Rusca xəbər verir ki, bunu “CBS” telekanalına verdiyi müsahibəsində Amerika Birləşmiş Ştatları prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O’Brayen bildirib.

“NATO-da “S-400” üçün yer yoxdur, NATO-da Rusiyadan edilmiş hərbi alış-verişə yer yoxdur. Prezident Tramp Vaşinqtona səfəri müddətində bunu açıq şəkildə Türkiyə prezidentinə çatdıracaq. Türkiyə “S-400”-dən yaxa qurtarmazsa, CAATSA (“Amerikanın düşmənlərinə sanksiyalar yolu ilə qarşı çıxmaq haqqında” Qanun) çərçivəsində Konqresdə hər iki partiyadakı əksəriyyətin dəstəyi ilə sanksiyaların tətbiqi mümkün ola bilər və Türkiyə bunun nəticələrini hiss edəcək”, – O’Brayen belə deyib.

Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla “S-400” hava hücumundan müdafiə sistemləri, “Patriot” zenit-raket sistemləri və “F-35” qırıcıları ilə bağlı müzakirələr aparmaq niyyətində olduğunu bildirib. Eyni zamanda, Türkiyə lideri əlavə edib ki, Ankara “şərtlər uyğun olarsa” “Patriot” hava hücumundan müdafiə sistemlərinin təchizatı təklifini nəzərdən keçirməyə hazırdır.

Türkiyə bir neçə ildir ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemi əldə etmək üçün danışıqlar aparıb, ancaq Vaşinqton belə bir razılaşmaya imza atmayıb və nəticədə Ankara bu sistemlərin alternativini Moskvadan almağa qərar verib.