Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Azərbaycanda tramadolun ölkə ərazisində dövriyyəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

“Report” xəbər verir ki, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin Siyahısı”na edilən dəyişiklikliyin məqsədi narkomaniyaya qarşı mübarizə ilə bağlı sui-istifadə hallarını aradan qaldırmaqdan, güclü təsir edən maddələrin dövriyyəsinə nəzarəti gücləndirməkdən ibarətdir.

Siyahıdakı 79-cu “Tramadol hidroxlorid 100mq-150mq-200mq və daha artıq. Bütün tramadol tərkibli dərman vasitələrinə şamil olunur. (+/-)-trans-2-[(dimetilamin) metil]-1-(m-metoksifenil)- tsikloheksan-1-ol hidroxlorid)” bəndində dəqiqləşdirmə aparılıb.

Belə ki, siyahıdan maddənin miqdarı (100mq-150mq-200mq və daha artıq) çıxarılıb.

Layihədə bildirilib ki, tramadol hidroxlorid ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan  narkotik maddələr siyahısına daxildir. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısına daxil edilən bu maddə yüngül və güclü, kəskin və xroniki ağrılan qarşısının alınması üçün istifadə edilir.

Bundan başqa, siyahıya 37-1 ((Qabapentin. Bütün qabapentin tərkibli dərman vasitələrinə şamil olunur. (1-(Aminometil) tsikloheksansirkə turşusu)) maddəsi əlavə olunur. Bu maddənin külli miqdar (qramlarla) daxil olmaqla aşağı həddi 5 qram götürülüb.

Dəyişiklik layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.