Tikinti Şirkətləri binanı yarımçıq qoya bilməyəcək – Qanun

Bundan sonra mənzil mülkiyyətçilərinin hüququ tam təmin olunacaq. Bir mənzili iki nəfərə satmaq mümkün olmayacaq. Binanı tikən şirkət prosesi yarımçıq qoya bilməyəcək.

Milletcilik.az xəbər verir ki, bu sözləri bank eksperti, hüquqşünas Əkrəm Həsənov Azərbaycanın Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanununu şərh edərkən deyib.

Ə.Həsənov bildirib ki, Mülki Məcəlləyə edilən dəyişiklik olduqca böyük əhəmiyyətə malikdir. Bu dəyişiklik tikinti şirkətlərinin mənzilləri eyni zamanda bir neçə nəfərə satmasına, şirkətin vətəndaşın pulunu alandan sonra tikintini yarımçıq qoymasına və ya prosesi uzatmasına son qoyacaq:

“Artıq tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq (“kupça”, yəni çıxarış veriləcək). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq.

Tikinti şirkətinin işi sırf binanı tikib təhvil verməkdən ibarət olacaq. Pulu isə qabaqcadan tam ala bilməyəcək, hissə-hissə alacaq”.

Ekspert bildirib ki, bu dəyişikliklər əsasən bu ilin iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də Azərbaycanda mənzil alarkən vətəndaşların aldadılmasına son qoyulacaq:

“Bu qanunla bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş “vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir.

Hər bir halda dövlət başçısının təşəbbüsü ilə atılan bu addım ölkə iqtisadiyyatı üçün çox müsbət nəticələr verəcək”.

Qeyd edək ki, dünən Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun qəbul edilib.