“THE GUARDİAN”DAN QARA PİAR

Bir neçə gün öncə gündəmi “BBC”nin Azərbaycan redaksiyasına Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun verdiyi açıqlama tutdu. Azər Qasımov açıqlamasında bildirirdi ki,  Azərbaycan prezidentinin ailəsi haqqında “The Guardian” qəzetində dərc edilmiş məlumat yalandır və böhtan xarakteri daşıyır.

Xatırladaq ki, daha öncə “The Guardian” Azərbaycan Prezidentinin qızları Leyla və Arzu Əliyevalar haqqında yalan məlumat yaymışdı.

Azər Qasımovun sözlərinə görə, bu cür məqalələr əvvəllər də yayımlanıb, lakin təsdiqini tapmayıb. Bunlar təxribatdan və qaralama kampanyasından başqa bir şey deyil.

“Bu, Azərbaycanın qonşuları ilə əlaqələrinin möhkəmləndiyi bir vaxtda təzyiq göstərmək cəhdindən başqa bir şey deyil”, – deyə o qeyd edib.

Lakonik şəkildə olan açıqlama əslində qara piar kampaniyasının iştirakçısı olan “The Guardian” qəzeti üçün yetərli idi.

Elə Azərbaycanın özündə də “sarı mətbuat” qəzetləri və ya “reket” qəzet və saytları bir də görürsən ki, tanınmış ictimai və ya vəzifəli şəxs, hətta bütöv bir müəssisə barədə əsassız şər və böhtanla dolu materiallar dərc edir.  Bu cür düşük “media vasitəsinə” dərin və geniş açıqlama vermək, həmin reket yuvasını hörmətə mindirir, onun anti-reklamına və tanınmasına xidmət edir. Ona görə də dəfələrlə belə böhtançı, şər “media vasitəsilə” üzləşmiş ictimai və ya vəzifəli şəxs, hətta qurum (yeri gələndə bu böhtanlarla Azərbaycanda hətta yüksək nailiyyətlər nümayiş etdirən, ölkəni dünyaya tanıtdıran elmi müəssisələr belə, üzləşirlər), artıq onlara heç əhəmiyyət də vermir. Ən maksimal halda, qısa və lakonik şəkildə “onların iddiaları yalan və böhtana əsaslanır” ifadəsilə cavab verir. Sırtılmış məxluqlardan ibarət bu çeşidli “mətbuat orqanları”  bu cür açıqlamalardan daha da qeyzlənirlər. Çünki onlara mötəbər və nüfuzlu jurnalist mətbuatı kimi deyil, balaca, vızıldayan milçəyə rəğmən münasibət sərgilənir. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz açıqlama öz xarakterinə görə tam məntiqi və düzgün strategiyadır.

Gözəl atalar misallarımızdan birində deyilir ki, milçək nə qədər balaca olsa da, ürək bulandırar. Adi peşə sahibi olan insanın vızıldayan milçəkdən ürəyi bulana bilər. Amma tədqiqatçı bir bioloq alimin əlinə milçək keçsə, alim tam soyuqqanlı şəkildə onu tutub, xüsusi iynəyə taxır və elektron mikroskop altında onun  anatomiyasının analizinə başlayır.

İndi biz də bir tədqiqatçı jurnalist kimi  Londonda vızıldayan milçəyin anatomiyasını nəzərdən keçirək. Axı, ortada ciddi suallar var: milçəyin, yəni, Lük Hardinqin vızıltısının, yəni yazısının strukturu necədir? Niyə Lük Hardinq indi vızıldadı? Onun yazısının arxasında duran qüvvələr hansı məqsədi güdürlər?

STALİNÇİ JURNALİSTİKA İNGİLTƏRƏDƏ HƏLƏ DƏ YAŞAYIR

 “The Guardian”ın yazarı Lük Hardinqin yazısı ilə tanış olanlar, bəri başdan bir məsələyə diqqət yetirirlər. Özünə “köşəyazarı” deyən bu kəsin həmin yazısında heç bir jurnalist araşdırması-falan yoxdur. Belə ki, hansısa çirkli işbaz, vəkillik lisenziyasının əlindən alınması müzakirə edilən sıradan bir londonlu hüquqşünas İntizam tribunalında ifadələr verib. Hardinqin bütün “araşdırması” da bu bəxtsiz işbazın tribunalda verdiyi ifadələrə əsaslanır.

Professional jurnalist məhkəmə araşdırmasını təsvir edərkən ilk növbədə müttəhimin və ittiham tərəfinin gətirdiyi faktların nə qədər əsaslı olmasını yoxlamalıdır. Əgər əlində fakt olmasa və ya fakta çıxışı olmasa, jurnalistin professional kredosu tərəfsizliyini qorumaqdır. Hardinq isə, bu bədbəxt londonlunun tribunalda verdiyi ifadələri “bibliya həqiqətləri” kimi oxucuya sırıyır.

Bu cür üslüb yeni deyil. Buna “stalinçi jurnalistika” deyilir. Deməli, Stalin dövründə aparılan repressiyalara “hüquqi və ədalətli” don geyindirmək üçün bəzi siyasi məhkəmə proseslərinə jurnalistləri buraxırdılar ki, onlar sonradan “ədalətli məhkəmə prosesi” barədə reportaj yazsınlar. Amma həmin jurnalistlər adi jurnalistlər deyildi. Onların çox istedadlı qələmi, dövrü və mühiti üçün yetərli savadı var idi. Lakin həmin jurnalistlər, əslində jurnalist də deyildilər. Onlar NKVD, OQPU tərəfindən sındırılmış adamlar və ya sadəcə həmin repressiya orqanlarının gizli əməkdaşları idilər. Təsəvvür etmək lazımdır ki, “trotskiçilər” üzrə məhkəmədə Buxarin hakimə özünü günahkar saymadığını deyir, onun bu sözləri olduğu kimi məhkəmə stenoqrammasında və protokolunda həkk edilir, amma sabahısı gün “Pravda” və d. nəhəng tirajlı sovet qəzetlərində məhkəmədə iştirak edən jurnalistin yazısında tam əks sözlər yazılır — “Buxarin günahını etiraf etdi”?!

Doğrudur, stalinçi jurnalist üçün yalan yazmaq su içmək kimi bir iş idi. Amma hərdən o, həqiqəti də yazmalı idi. Məsələn, elə həmin o məhkəmədə mənən sındırılmış, işgəncələrdən şikəst olmuş bir “trotskiçinin” Buxarinə və d. qarşı məcburi verdiyi ifadələri olduğu kimi, nöqtəsini və vergülünü belə, dəyişmədən yazırdı. Bir “stalinçi jurnalist” kimi özünə və digərlərinə qarşı ifadələr vermiş həmin o bədbəxtin sözlərinin arxasında gerçək faktların durması, həbsə qədər sağlam bir insanın həbs və istintaq zindanından sonra məhkəməyə çıxarılarkən nə üçün şikəst olması məsələsi “stalinçi jurnalisti” maraqlandırmırdı. Çünki “stalinçi jurnalist” kommunist repressiya aparatının bir balaca vintciyi idi.

Elə istər Stalindən əvvəl, istər onun dövründə və istərsə də sonrakı dövrlərdə də və dünyanın hər hansı coğrafiyasında da hüquq-istintaq orqanlarının mənən natəmiz bəzi işçilərinin bir çirkin oyunu vardı. Qətlə görə, ölümə və ya ömürlük cəzaya məhkum edilmiş kimisə məcbur edirdilər ki, üstü açılmamış qətlləri də üzərinə götürsün. Yəni, sənin əskin tüstülənib, ona görə də gəl etmədiyin cinayətləri də üzərinə götür. Doğrudur, bu fənd daha çox ağır cəzasını yüngül cəza ilə əvəz etmək istəyən oğru və dələduzlarla effektiv idi. Sövdələşmə əsasında cinayətkar çirkin müstəntiqin oyunbazlığı ilə yüngül maddələrlə ittiham olunurdu, çirkin müstəntiq də açılmayan cinayət işlərinin yükündən canını qurtarırdı.

İndi həmin o əskisi tüstülənmiş londonlu işbazın işində siyasi bir sövdələşmənin ruhunu görmək üçün rəsədxanada ulduzları izləyən teleskopdan istifadə etməyə ehtiyac yoxdur. İngiltərədən minlərlə kilometr uzaqda Azərbaycanın adının hallandırılması müqabilində londonlu bədbaxt hüquqşünasın taleyinin bundan sonra izlənilməsi maraqlı olardı. Ona diqtə edilmiş ifadələrinə görə onun cəzası nə qədər yüngülləşdirildiyini görmək olar…

MƏQSƏDLƏR

Deməli, İngiltərədə müəyyən siyasi qrup Stalin dövründə olduğu kimi incə ssenari qurub. Bir tərəfdən paxırı açılmış londonlu işbaz İnzibati tribunalda sövdələşmə ilə ona diqtə edilmiş uydurma ifadələr verir. Digər tərəfdən, “The Guardian” kimi qlobal reket vasitəsinin milçəyi, yəni, həmin o “köşəyazarına” da “yaz!” əmri verilir.

Doğrudur, bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin yaydığı bəyanata görə, son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb. Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır”.

Əlbəttə, tanınmış şəxsin adından saxta profillər vasitəsindən istifadəni ehtiva edən çirkin təxribatla müqayisədə “The Guardian”ın iştirakçısı olduğu siyasi şər kampaniyası daha incə qurulmuş oyundur. Çünki feyk-profili sıradan bir psixi problemli kəs də yarada bilər. Amma bilmək olmaz, bəlkə də qlobal xarakterli anti-Azərbaycan informasiya təbliğatında “The Guarian”ın da iştirakçısı olduğu oyunun digər istiqaməti Birinci vitse-prezident xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılmasıdır…

Yaxşı,  bu oyunun məqsədləri nədir?

Rusiya ilə anqlo-sakson (ABŞ, İngiltərə) qarşıdurması kəskinləşməkdədir. Azərbaycan bu qlobal münaqişədə müstəqil siyasət yeridərək milli mənafelərinə uyğun yer tutub. Bu cür mövqe həm Rusiyanın müəyyən siyasi dairələrinə, həm də Qərbin, ilk növbədə anqlo-sakson dövlətlərinin müəyyən siyasi dairələrinə heç də xoş gəlmir. İstər Rusiyanın, istərsə də Qərbin Azərbaycanı öz tərəfinə çəkmək, qarşı tərəfin hücum hədəfinə, müharibə meydanına çevirmək üçün təsir vasitələri və siyasi, hətti hərbi təzyiq vasitələri var. “The Guardian”ın da adi icraçısı olduğu oyun anqlo-sakson siyasi dairələrinin təzyiq vasitələrindən biridir.

Bu cür çirkin oyunlarla Azərbaycana, onun rəhbər şəxslərinə birbaşa hədə-qorxu gəlmək və şantaj etmək — əsas məqsəddir.

“The Guardan”dakı şər xarakterli cızma qarada diqqəti çəkən bir məsələ var. Hardinq məqaləsində Leyla Əliyevanın Şahzadə Endrü, Lord Mandelson və Elizabet Mördok kimi anqlo-sakson elitası nümayəndələrinin çevrəsinə daxil olduğunu vurğulayır.Xoruzun, daha doğrusu erməni donuzunun quyruğu burada göründü!

Leyla Əliyevanın dünyanın siyasətinə təsir edə bilən anqlo-sakson elitasının, hətta dəqiq desək, dünyanın taleyini həll edən sinklitə (fövqəl çevrəyə) daxil olması dünya erməni mafiyasının gözləmədiyi və qorxduğu bir gerçəklikdir. 20 il müstəqillik ərzində dünyanın elitar çevrəsində təmsil olunmaq işində Azərbaycan hətta 100 il müstəqil respublika olmuş Türkiyə ilə müqayisədə daha böyük uğurlar qazanıb. Erməni mafiya bossları bu faktı dərk edəndən bəlkə də gecələr rahat yuxulaya bilmirlər. İndi isə, ermənilər bu cür çirkin kampaniya ilə Leyla Əliyevanı anqlo-sakson elitası içində gözdən salmaq və bununla da dünya siyasətinə əsas təsir vasitələrinin birindən Azərbaycanı məhrum etmək niyyətindədirlər.

Sözsüz ki, bu cür çirkin oyunların arxasında erməni mafiyasının durması gün kimi aydındır. Elə həmin “The Guardian” qəzeti saytının axtarışına daxil olub ingiliscə “armenian genocide”  sözünü yazsaq, bu media nəhənginin anti-türk mövqedə durduğunu görərik. Saxta “erməni soyqırımına” həsr olunmuş bu il və illər əvvəl palaz-palaz yazılar ortaya çıxacaq. Burada ermənilərin təriflənməsi, türklərin vəhşi obrazı, saxta “soyqırımı” inkar etmiş Doğu Perincek əleyhinə yazılar, ermənilərin dostu Əkrəm Əylisliyə tərifnamələr və s. Amma “The Guardian” qəzeti saytının axtarışına ingiliscə “Khojali Massacre” (Xocalı qırğını)yazsanız, cəmi bir xəbər çıxacaq, o da “idman” bölümündə, 2014-cü il tarixində, ötəri…

Sözsüz ki, erməni-ingilis müştərək “The Guardian” qəzetinin nə yazması biz millətçiləri qəti maraqlandırmır. Hətta bu qəzetin sifarişini yerinə yetirdiyi ermənipərəst qlobal siyasi dairələrə deyərik ki, “əlinizdən gələni beş qaba çəkin”. Sizin kimi ermənisifətlərin atdığı çamırları çox görmüşük. Hamısı boşa gedib, bundan sonra da boşa gedəcək!

Millətimiz 90-cı illərdə çox aydın və əyani gördü ki, elə Rusiya kimi Qərb də, ilk növbədə anqlo-sakson dünyası da ermənilərin millətimizə qarşı işğalını, törətdikləri soyqırımı dəstəkləyir. Bizim Millət öz seçimini edib! Prezidentini də seçib!

Qarxunlu