Tbilisidə parlament binası ətrafında ötən gün saat 19:00-dan etibarən keçirilən aksiyanın dağıdılması zamanı 28 nəfər saxlanılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan şəxslər polisə tabe olmamaq və xırda xuliqanlıqda ittiham olunurlar. Məlumata əsasən, aksiyanın dağıdılması zamanı üç nəfər xəsarət alıb ki, onlar da müvafiq tibbi yardım ilə təmin olunublar. Xüsusi təyinatlılar aksiyanı saat 5:12-də su şırnağı maşınının tətbiqi ilə dağıtmağa başlayıb. Parlament binasına girişlər etirazçılardan təmizlənib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.