STƏKANDA FIRTINA

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib.

MƏSƏLƏNİN HƏLLİ

AZƏRTAC-ın verdiyi məlumata görə, Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.

Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Eyni zamanda cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.

Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaratmışdır.

Yanvarın 22-də Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumata görə, Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.

Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Baş prokuroruna tövsiyə edib.

Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Azərbaycan Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Azərbaycan Baş Prokurorluğu şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətəuyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq.

Hələ yanvarın 10-da KİV-də M.Hüseynovun əl yazısı ilə yazdığı və imzaladığı müraciətin fotosu yayılmışdı. Onun ictimaiyyətə müraciətində öz barəsində yayıldığı şaiyələrə son qoyulması xahişi vardı.

MARGİNALİZM TƏSLİM OLMAQ İSTƏMİRDİ

Yanvarın 21-də Azərbaycandakı marginalların bir sıra üzvləri və həmçinin, Mehman Hüseynovun qrimlənib xaricə qaçmış qardaşı Emin Hüseynov vay-şivən qaldırdı ki, Mehmanın hər hansı müraciət imzalayacağı haqda ailə üzvləri ilə müzakirəsi olmayıb. Vay-şivənin əsas məqsədi bu idi ki, Mehman ictimaiyyətə və Azərbaycan Respublikası Prezidentinə müraciət edə bilməzdi, yayılan xəbərlər saxtadı.

Bu düşük psixologiya sahibləri anlayırdılar ki, Soros fondunun və d. ermənipərəst mərkəzlərin başlatdığı oyun artıq onların nəzarətindən çıxıb. Mehman Hüseynovun qəribə aclığı (əcəb də aclıq idi, süd məhsullarından savayı heç nə yeməmək?! Dünya siyasi tarixinə yazılacaq “marginal bostanımız sayağı aclıq”…) və 19 yanvar mitinqi gerçək effekt vermədi. Ona görə də, söz oyununa başladılar ki, guya Azərbaycan hakimiyyəti Davos görüşü öncəsi Mehman Hüseynovu azadlığa buraxacaq və s.

Əvvəla, gülməli məntiqdir. Davos iqtisadi forumu nə qədər mötəbər platforma olsa da, Azərbaycanın orada iştirak etməsi və ya etməməsinin nə əhəmiyyəti var idi ki? Davos forumu iqtisadi məsələlər üzrə təşkil olunur. Krımı işğal etmiş Rusiyanın bəzi oliqarxlarını dəvət etməmək barədə məlumat yayılan kimi Kreml ümumiyyətlə tədbirdə iştirakdan imtina edəcəyini bildirdi. Tezliklə Davos forumu təşkilatçıları mövqeyini dəyişib, rus oliqarxlarının da ora dəvət edəcəyini bəyan etdilər. Neçə dövlət başçısı Davos forumunda müxtəlif bəhanələrlə iştirak etmədi. Budurmu Davos forumu? Davos iqtisadi forumunun təşkilatçılarının hələ bir minnəti olsun ki, Azərbaycan orada ən yüksək səviyyədə təmsil olunmuşdu!

İkincisi, Mehman Hüseynov nə böyük fiqurdur ki,  ona görə, kimsə Azərbaycanı Davos forumuna dəvət etməsin?

Sözün əsl mənasında adamın Mehman Hüseynova yazığı da gəlir. Fırıldaqçı qardaşı və bir ovuc marginal element bu gənci bədbaxtlığa düçar edib və onun adı ilə spekulyasiyalar edərək “stəkanda fırtına” yaradır. Onun adı ilə spekulyasiyalar edənlərivə ilk növbədə elə öz doğma qardaşını fanatik adlandırmaq düzgün olmazdı. Onlar bu adla ermənipərəst Qərb qüvvələrindən paralar qoparırlar…

MARGİNALLARIN NÖVBƏTİ FİASKOSU

Amma Mehman Hüseynovun adı ilə çirkin oyunlara başlamış marginallar gözləmədikləri zərbəyə tuş gəldilər. Yanvarın 22-də Mehman Hüseynovun Penitensiar Xidmətin böyük inspektoru Əli Abdalovla barışıq səhnəsini əks etdirən video da yayıldı.

Bu video Azərbaycanda Qərbin əlbuyruğuna çevrilmiş marginal elementləri şoka saldı. Həmin dövrdə sosial şəbəkələrdə marginal elementlərin necə özlərini itirdiklərini görəydiniz?! Axı, indiyədək yayımlanan fotoları və müraciətləri saxta, fotoşop və s. adlandırırdılar. İndi isə, canlı Mehman və polis əməkdaşı qucaqlaşırlar!

Amma necə deyərlər,  “qatığa qara” deməyə öyrəşmiş ağıza tövbə yoxdur. Bəzi gənclərin “ya Mehman, ya da meydanlara çağıranlar bizi barmağına dolayıb” deməsi marginalcıqları şoka salmışdı. Həmişə olduğu kimi də onlar gözlərini yumub ucadan ağılasığmaz fikir ifrazatına başladılar: “video-çəkilişdə Mehman deyil, qrimlənmiş aktyordur”, “Mehmana narkotik vurublar”, “Mehmanı gör necə qorxudublar ki,..” və s.

Bu yerdə “əstağfurullah” deyirlər. Olan bir misalı çəkim. Azərbaycanın bir kəndində hamının “Şərxala” dediyi bir qadın yaşayırdı. Kənd ona baş qoşmurdu. Günün bir günü kənddə toy  məclisi qurulur, bütün kənd xeyir işə yığışır. Kəndin bir cavanı unutduğu bir hədiyyəni evdən götürmək üçün toy çadırından çıxır, boş qalmış evlərinə tələsir. Evə çatanda görür ki, Şərxala ev sahiblərinin toyda olmasından istifadə edib,həyətdə qurumağa sərilmiş paltarları bir-bir oğurlayır. Oğrunu yerində tutan gənc deyir ki, “mən indi bildim niyə sənə Şərxala deyirlər. Sən oğrusan!”. Şərxala da gülümsünüb deyir: “Xeyr, bala, sənə indi görsədərəm, məni niyə Şərxala adlandırırlar!”. Ləçər yaşlı qadın əlini sinəsinə atıb paltarının yaxasını cırır və qışqırmağa başlayır: “Kömək edin! Qonşunun oğlu namusuma təcavüz etmək istəyir!”. Şərxalanın bu şivənindən qorxan gənc “Götürdüklərin haramın olsun! Şərdən uzaq olum!” deyib öz həyətlərindən uzaqlaşır.

İndi bu marginal elementlərin ucuz teatrının sıradan bir növbəti tamaşası bitdi. Bu dəfə də onların qaldırdığı “stəkandakı fırtına” yatdı. İndi oturub yeni “fırtınalarını” gözləyək. Yeni oyunun nə zaman olacağını düzü, heç onlar da bilmirlər. Çünki onlar xırda kuklalardır. Kuklaoynadanlar isə, İrəvanda, Moskvada, Parisdə, Vaşinqtonda otururlar…

Alptegin