Sevib atılanda sevgi qurtarmaz, Sevgi atılandan sonra başlayır.

VARMI…
Ay bu məzarın yiyəsi,
Orda torpaq, dəniz varmı…
Aranızda havalınız,
Dəli-divanəniz varmı…

Axşamınız, sabahınız,
Sevinciniz, günahınız.
Orda sizin Allahınız,
Allahsız bəndəniz varmı…

Nə yaman qucmusuz yeri,
Kimdi ölü, kimdi diri.
Qayıdanda mənnən geri,
Kəndə dönəniniz varmı…

SONUNCU GÖRÜŞ
Bir əldə yaraq var, bir əldə yara,
Bir üzdə qəzəb var, bir üzdə günah.
Həmişə görüşə gedərdik ora,
İndi ayrılmağa gedirik, Allah!

Oxşamaq istəyən əllərim höyüş,
İndi ruhumuzu zaman oxşayır.
Tifağın dağılsın sonuncu görüş,
Birinci görüşə yaman oxşayır.

Ayrıldıq o günü səssiz-səmirsiz,
Bilmirdik intizar, giley olacaq.
Hələ nə görmüşdük ayrılığı biz,
Dedik sevgi kimi bir şey olacaq.

Qatdı başımızı sevginin nəyi,
Yanmadım özgə bir diləyim üçün.
Gözlərim mənimçün qız bəyənmədi,
Təzə dərd yoğurdu ürəyim üçün.

Sonuncu görüş də uzandı bir az,
Ürək indi yolu hara başlayır…
Sevib atılanda sevgi qurtarmaz,
Sevgi atılandan sonra başlayır.

TƏRSİNƏ
Sənə yol gəlmirəm, səndən gedirəm,
Çəkilib araya pərdə tərsinə.
Mələklər söyləyib sənə eşqimi,
Göydə düz oxunur, yerdə tərsinə.

Günləri qarışıb qaralı, ağlı,
Bu ömrün nəyi var, uçub dağılır.
Qolları açıqdır, ayağı bağlı,
Gözləri alışır hərdən tərsinə.

Yoruldu yollarda piyada ömür,
Çəkdi zillətini ziyada ömür.
Axırdan əvvələ qayıda ömür,
Sonra da axıra, bir də tərsinə

SOLANDI YANAĞIN YAŞ OLAN YERİ
Ömrümdən ehtiyac keçdi, səngidi,
Qapandı dərdimin boşalan yeri.
Göz dağı dağların ən nəhəngidi,
Bir də talelərin qış olan yeri.

Gördüm ağlamamış ürək kiridi,
Onda yerin-göyün dərdi biriydi.
İlahi, dünyanın xoş bəxt yeridi.
İlk eşqin ürəyə tuş olan yeri.

Həsrəti özümə gərək bilmişəm,
Onu duz bilmişəm, çörək bilmişəm.
Yanmaya-yanmaya ürək bilmişəm,
Sinənin altında daş olan yeri.

Sevincdən daşındım, qəmdən daşındım,
Göz yumub-açınca yandım, yaşandım.
Torpağa su düşsə, yaşıllaşandı,
Solandı yanağın yaş olan yeri.