Sergey Lavrov: “Gürcüstana birbaşa aviauçuşların bərpa edilməsi düzgün olar”

“Mən Gürcüstana uçuşları yəqin ki, bərpa edərdim. Birbaşa aviauçuşların bərpa olunması düzgün olar”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsində bildirib.

Nazir deyib ki, Gürcüstan əhalisinin əksəriyyəti ölkə parlamentində Pravoslav Parlamentlərarası Assambleyanın toplantısı keçirilən zaman orada baş verən ədəbsizliyin təxribat xarakterli olduğunu anlayıb: “O zaman müxalifət partiyası kobudcasına həmin tədbiri pozub və Rusiyanı rusofob kampaniyanı yaratmaq üçün addımlar atması ilə bağlı ittiham edib”.

S.Lavrov qeyd edib ki, Gürcüstan parlamentində razılaşdırılmış prosedurdan başqa heç nə baş verməyib: “Kütlə öncədən hazırlanan plakatlarla və hətta qəsdən tədbiri pozub. Bu rusofob isteriyanın səbəbi heç də Rusiya nümayəndə heyətinin həmin zalda planlaşdırılan iştirakı olmayıb. Mən hər zaman Gürcüstanla dostluq etməyimizin tərəfdarı olmuşam”.

XİN başçısı vurğulayıb ki, Rusiyanın Gücüstana 2019-cu ilin yayı üçün vizaların ləğvi ilə bağlı qərarı demək olar ki, hazır idi: “Bu qərar asan olmadı. Onun hazırlanması proseduru məlum səbəblərdən çətin idi. Lakin yekun olaraq Vladimir Putin qərar qəbul etdi ki, xalqlar təmasda olsun, əlaqələr qurulsun, turizm inkişaf etsin. İyun ayında baş verənlər əlbəttə ki, bütün prosesi geriyə atdı”.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa aviauçuşlar bu ilin iyulun 8-dən etibarən dayandırılıb.