Şamaxının əksər ərazilərində taxıl səpini başa çatıb

Şamaxının əksər ərazilərində taxılçılar payızlıq əkin kampaniyasını başa çatdırıblar və artıq 34 min 894,5 hektarda səpin aparılıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əkin aparılan sahələrin 23 min 426,5 hektarı buğda, 11 min 468 hektarı isə arpadır. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, əlverişli keçən hər gündən səmərəli istifadə etməyə çalışan taxılçılar bu mühüm kampaniyanı tezliklə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.

Bölgənin bütün ərazilərində, o cümlədən daha çox taxıl əkilən Qızmeydan, Göylər, Çarhan kənd, Sabir qəsəbə ərazi dairələrində, “Aqro DAİRY” MMC-nin aqroparkında ilkin səpin aparılan sahələrdə artıq normal çıxış alınıb.