“Sağlam təhsil – sağlam millət” layihəsi üzrə qrant müsabiqəsi elan edilib

Təhsil Nazirliyi “Sağlam təhsil – sağlam millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsi elan edir.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qrant müsabiqəsinin keçirilməsində məqsəd təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktiki nəticələrə nail olmaq və kadr hazırlığını təmin etməkdir.

Müsabiqədə dövlət qeydiyyatı olan qeyri-hökumət təşkilatları iştirak edə bilər. Qeyri-hökumət təşkilatları qrant müsabiqəsinə müraciət üçün layihə təklifini, layihənin icra planı və xərclər smetasını, reyestr məlumatını, dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətini və digər tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər iyunun 4-ü saat 18.00-dək st2018@edu.gov.az ünvanına göndərilməlidir.

Təqdim olunan ərizələr qiymətləndirilərkən qurumun təhsil sahəsinə və əvvəllər yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrdə iştirakı, layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması, cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli layihələrdə təcrübəsi, eləcə də qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin əsaslandırılması, layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və icrası ilə bağlı risklərin göstərilməsi nəzərə alınacaq.

Ümumtəhsil müəssisələrində “Sağlam təhsil – sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində “Sağlam təhsil – sağlam millət” layihəsi üzrə təhsil alan şagirdlərin sayı 4 min nəfərə yaxındır.

“Sağlam təhsil – sağlam millət” layihəsinin 2018-ci ildə inkişafına dair qrant müsabiqəsinin elanı Təhsil Nazirliyinin saytında yerləşdirilib.