Sabunçuda silsilə oğurluq və soyğunçuluq edən axtarışda olan şəxs saxlanılıb – VİDEO – YENİLƏNİB

 Bakının Sabunçu rayonunda silsilə oğurluq və soyğunçuluq edən axtarışda olan şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Balaxanı qəsəbə sakin olan bir qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq edərək çantasını ələ keçirməsi barədə məlumat verib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Aleksandr Miroşkin saxlanılıb. Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177 2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olduğu müəyyən edilib. A.Miroşkinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Sabunçu rayonu ərazisində əlavə olaraq müxətəlif vaxtlarda iki həyət evindən məişət əşyaları, elektrik naqilləri və təmir-tikinti əlalətləri oğurladığı da məlum olub. Saxlanılan şəxs barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

DİN həmin şəxsin digər cinayətlər törətməsini də istisna etmir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu rayon Polis idarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.