Şəkidə Azərbaycan-Qazaxıstan Beynəlxalq arxeoloji ekspedisiyası çöl tədqiqatları aparıb

15 sentyabr-14 oktyabr tarixlərində ilk dəfə olaraq fəaliyyətə başlamış “Azərbaycan-Qazaxstan Beynəlxalq Arxeoloji Ekspedisiyası” Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində çöl tədqiqatları aparmışdır. Oktyabrın 15-dən noyabrın 20-nə kimi ekspedisiya tərəfindən toplanan materialların kameral təhlili aparılmış, qazıntı sahəsində dron (kvadrokopter) çəkilişləri və taxeometr (total station) cıhazı vasitəsi ilə götürulən topoqrafik ölçülərin əsasında ortofotoplanlar hazırlanmışdı. Dron çəkilişləri AMEA-nın Yüksək Texnologiyalar Parkının əməkdaşları tərəfindən aparılıb.

Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri,  İnstitutun “Şəki Arxeoloji qrupunun” rəhbəri, t.ü.f.d. Zaur Həsənovdur. Qazaxıstan tərəfindən ekspedisiyanın həmrəhbəri isə, Qazaxıstanın “Berel” dövlət tarixi-mədəni muzey-qoruğunun elmi katibi, Almaniya Arxeoloji İnstitutunun müxbir üzvü, professor Zaynolla Samaşev idi. Tədqiqatlar AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Qazaxıstanın “Berel” dövlət tarixi-mədəni muzey-qoruğu arasında imzalanan müqavilə əsasında aparılıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi məlumata görə, arxeoloji tədqiqatlar zamanı Dəmir və Antik dövrlərə aid müxtəlif dərəcələrdə qorunub saxlanılan qəbir və qurbangah abidələri aşkar edilmişdir. Bu dəfnlərdən biri küp, digəri təknə tipli, qalanları isə torpaq qəbirlərdir. Qeyd olunan tarixi dövrlərin qədim əhalisinin həyatının və mədəniyyətinin müxtəlif aspektləri – silahlar, çeşidli keramika qabları, tunc və daş məmulatları, kauri çanaqları və başqa tapıntılar əldə edilmişdir. Ən marağlı tapıntılardan biri isə, üzərində Sarmat tipli damğalar olan saxsı qabdır. Qonşu ərazilərdə oxşarlıq tapan, eyni zamanda özünəməxsus xüsusiyyətlərinə malik olan qəbir və qurbangah mərasimlərinin maraqlı elementləri aşkar edilib. Əldə edilmiş maddi mədəniyyət nümunələri qazıntı yerində təşkil edilmiş çöl laboratoriyasında ilkin restavrasiyadan keçmişdir.

Qazıntı sahəsində həm dəmir dövrünə, həm də Antik və Son Antik dövrlərinə aid olan keramika məmulatlarının olduğu dəfnlər tapılmışdı. Bu dəfnlərin yaşını müəyyən etmək üçün oradan əldə olunan kömür və sümük qalıqları radiokarbon analizləri üçün aparıcı xarici laboratoriyalara və o cümlədən, AMEA-da fəaliyyət göstərən müvafiq laboratoriyaya göndəriləcək. Alınacaq nəticələr əsasında alimlər Qədim Azərbaycanda Dəmir dövründən Antik dövrə keçid prosesinin xüsusiyyətlərini müəyyən etməyə çalışacaqlar. Şəkidə aparılan arxeoloji tədqiqatlar qədim Albaniya dövlətinin tarixi təşəkkülü xüsusiyyətlərini və Azərbaycan tarixində İskit dövründən Albaniya dövrünə keçid mərhələlərini müəyyən etmək üçün olduqca böyük önəmə malikdir.

Arxeoloji materialın çöl tədqiqatlarında yeni üsullar tətbiq edildi. Təpəbaşı abidəsində dron vasitəsi ilə çəkilişlər aparıldı və taxeometr cıhazı vasitəsi ilə topoqrafik ölçülər götüruldu. Bunların əsasında AutoCAD proqramında fotoqrammetriya texnologiyası ilə ortofotoplanlar hazırlandı. Agisoft proqramında, sahədə tapılan hər bir dəfn və qurbangahın ayrıca 3D modelləri yaradılıb.

Ekspedisiya, o cümlədən, Şəkinin Kiş kəndidəki Doxun Antik dövr abidəsində kəşfiyyat işləri aparmıştı. Burada da dron və taxeometr cıhazı vasitəsi ilə çəkilişlər aparılmış və məlumatlar toplanmışdır. Bunların əsasında Doxun abidəsi ərazisinin ortofotoplanı tərtib edilmişdir.

Ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri t.ü.f.d. Zaur Həsənovun bildirdiyinə görə, “Kiş kəndində Antik dövrə aid əsaslı arxeoloji tədqiqatlar “Azərbaycan-Qazaxıstan Beynəlxalq Arxeoloji Ekspedisiyası” tərəfindən 2020-ci ildə də davam etdiriləcək. Bu ekspedisiya Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlığı daha da möhkəmləndirəcək”.