Şəkidə “ASAN Həyat” Bahar Festivalı keçirilir – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı keçirilir.

Millətçilik.az-ın məlumatına görə, Şəkidə 9 mart tarixindən start götürən festival dörd gün davam edəcək.

Festival ümumilikdə martın 19-dək Masallı, Şəki və Quba “ASAN Həyat” komplekslərində keçiriləcək. Şəkidə keçirilən festival çərçivəsində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhləvan və kəndirbaz oyunları, milli ornamentlərin sərgisi, idmançıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunub, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası keçirilib.

Festivalın əsas məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial, mədəni həyatında bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Məqsəd həmçinin Novruz bayramının qeyd olunduğu ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsidir.

Tədbirlərdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri də iştirak edəcəklər.