Səddam Hüseynə ölüm hökmü oxuyan hakim ölüb

İraqın keçmiş prezidenti Səddam Hüseyn barəsində edam hökmü çıxaran hakimlərdən biri olan Rauf Reşid vəfat edib.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, o, iyunun 4-də İraqın Süleymaniyyə şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, milliyyətçə kürd olan R.Reşid məhkəmədə Səddam Hüseyn barəsində çıxarılan edam hökmünü oxuyub.

Xatırladaq ki, S.Hüseyn 1937-ci il aprelin 28-də anadan olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. O, həmin ilin dekabrın 13-də Tikritdə həbs olunub.

İraq məhkəməsinin 2006-cı il noyabr 5-də çıxardığı qərarla ölüm hökmünə məhkum edilib. S.Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub.