SƏBAİL POLİSİ 2020-Cİ İLDƏ TƏCRÜBƏLİ RƏHBƏRİN İDARƏÇİLİYİ SAYƏSİNDƏ VƏZİFƏLƏRİNİN ÖHDƏSİNDƏN LAYİQLƏ GƏLİB

Polis olmaq şərəfdir. Bu şərəfi şərtləndirən əsas meyar davranış mədəniyyətidir. O mədəniyyət ki, bütün cəhət və əlamətlərinə görə, cəmiyyətə, dövlətə xidmət prinsipləri üzərində köklənib. Təkcə Azərbaycanda yox, bütün qabaqcıl ölkələrin həyatında polis təşkilatı hamını maraqlandıran – təhlükəsizlik çətiridir. Polis peşəsi dünyada ən çətin, təhlükəli və idealist məşğuliyyətdir. Bu peşə, həssaslığı ilə digər sahələrdən fərqlənir. İnsanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımını müzakirə edir.

Amerikalı detektiv Edvard Gillesp bu barədə mühazirələrində qeyd edir ki, polisin hər addımı əsaslı sübuta çevrilə bilər. Yunan filosofu Platonun “özünə qarşı sübut” ideyasını nəzərdən keçirən detektiv hesab edir ki, insan özünə qarşı sübutları qəbul etmir. Bu, genetik mental vərdişdir. Sübut, əsas, səbəb qəbul edilməyəndə mübahisə yaranır, yaxud ən yaxşı halda “dedi-qodu” başlayır. Ona görə ki, orta səviyyəli insanların əksəriyyəti qanunun keşiyində dayanan polisə tabe olmağı bilmir. Hüquqlarını sadalayır, ancaq vəzifələrindən xəbəri yoxdur. Bu da elementar praktik düşüncədir.

Bütün dünyada ümumi fikir var: polis dövlətin və dövlətçiliyin əsas sütunlarından biridir. Məsələn, amerikalı kinoaktyor Silvestr Stallone deyir ki, insanların təbiətcə xoşməramlı olduğunu düşünürsənsə, 24 saat polisi xidmətdən uzaqlaşdırın – görün nə baş verir.

Şərəfli polis peşəsini daşıyanlara verilən bütün tələblərə cavab verən zabitlərimizdən biri də Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Muradov Cavid Vidadi oğludur. Onun hazırki vəzifəsini icra etdiyi son iki il Azərbaycan polisi üçün əsl sınaq illəri olub desək, yanılmarıq. Bütün müşahidələr göstərir ki, Səbail polisi bu sınaqlardan üzüağ çıxır. Xüsusilə də koronavirusla mübarizə, qələbəmizlə nəticələnən payız müharibəsi ilə əlamətdar olan 2020-ci il daxili işlər orqanları əməkdaşlarından yüksək həssaslıq, həm də qətiyyət tələb etdi. Xüsusi karantin rejiminin icrasına nəzarət DİN-in üzərinə qoyulduğundan o, əvvələr icra etmədiyi vəzifələri də həyata keçirməyə başladı və yeni vəzifələrin icrasına çox qısa vaxta uyğunlaşa bildi. Bu sətirlərin müəllifi olaraq mən  “102-ci qəzet”də “SƏBAİL POLİSİ GÖRÜNƏN VƏ “GÖRÜNMƏYƏN” DÜŞMƏNLƏ MÜBARİZƏDƏ” sərlövhəli məqalə də yazmışdım. Qeyd etmişdim ki, paytaxt Bakının mərkəzi hissəsi sayılan Səbail rayonunda Polis İdarəsinin əməkdaşları  mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparır, onları rejim qaydalarına riayət etməyə çağırır, vətəndaşların sağlamlığına biganə qalmayaraq onlara tibbi maskaların paylanmasında da yaxından iştirak edirdilər. Xüsusi olaraq insanların sıx toplaşdıqları ərazilərdə nəzarət gücləndirilmiş, sosial məsafənin qorunmasının hər bir kəsin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi vətəndaşların diqqətinə çatdırılırdı. İdarənin bütün bölmələrinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirləri mütəmadi olaraq davam etdiriblər. Həmçinin, müharibə ilə əlaqədar yaranmış hərbi vəziyyətlə əlaqədar şəxsi heyət düşmənin mümkün təxribat və terror törətmək ehtimallarını nəzərə alaraq belə cəhdlərin qarşısını almaq üçün xidməti əraziyə nəzarəti gücləndirmişdi.

Bununla belə, Səbail polisi digər növ qanunsuzluqlara qarşı da mübarizə tədbirlərini effektiv həyata keçirmişdir. Hüquq qaydalarının mökəmləndirilməsi, cinayətlərin törədilməsinə zəmin yaradan neqativ amillərin aradan qaldırılması və digər tədbirlərin həyata keçirilməsi sayəsində rayonda ümumi cinayətlərin sayı azalmışdır. İdarə əməkdaşlarının yüksək əzmkarlığı sayəsində cinayət törətdiklərinə görə axtarışda olan şəxslərin çoxunun tutulması təmin olunmuşdur. İl ərzində rayon ərazisində baş vermiş ağır və xüsusilə ağır növ cinayətlərin hamısı polisin peşəkarlığı və mübarizliyi sayəsində açılmışdır.

Səbail polisi vətəndaşlardan daxil olan müraciətlərə, ayrı–ayrı ünvanlardan daxil olan siqnallara həssas yanaşır, bəzi məlumatlarla əlaqədar təcili tədbir görülməsi üçün tapşırıqlar verilir, hər bir cinayətin isti izlərlə açılmasına ciddi münasibət göstərilir. Zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi də diqqət mərkəzində olmuşdur.

Rayonda narkomaniya ilə bağlı təsirli tədbirlər həyata keçirilmişdir. İdarənin sahə inspektorlarının, ictimai təhlükəsizlik, təhqiqat, qeydiyyat və şəxsiyyət vəsiqəsi və digər şöbələrinin fəaliyyətlərinin də tələblər səviyyəsində olması üçün tədbirlər həyata keçirilmiş, uğurlu nəticələrin sayı xeyli artırılmışdır.

Dövlət Yol Polisi Şöbəsinin fəaliyyəti də daim idarə rəhbərliyinin diqqət mərkəzində olmuşdur. İl boyu şöbənin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı lazımi tədbirlər həyata keçirilir.

Rayon üzrə konkret hadisələrin təhlilləri də göstərir ki, asayiş keşikçiləri qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirir, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur.

Yeri gəlmişkən, Cavid müəllimin daha əvvəl rəhbər vəzifədə işlədiyi Mingəçevir Şəhər Polis İdarəsində də onun haqqında yalnız və yalnız müsbət rəy formalaşmışdır.

İnanırıq ki, başda rəis Cavid Muradov olmaqla Səbail Rayon Polis İdarəsinin şəxsi heyəti ilk günlərini yaşadığımız 2021-ci ildə də rayonda ictimai asayişin, qanunçuluğun, hüquq qaydasının  təmin olunması işində qazanılacaq uğurlarda əhəmiyyətli paya sahib olacaqdır.

 

 

 

Tural Kəlbəcərli, “102-ci qəzet”in baş redaktoru