Rusiyanın Suriyadakı aviabazası hücuma məruz qalıb

Rusiyanın Suriyanın Latakiya əyalətində yerləşən “Hmeymim” hərbi aviabazasının aerodromu naməlum pilotsuz aparatın hücumuna məruz qalıb.

Milletcilik.az “Orient News” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 6-da axşam olub.

Bəzi məlumatlara görə, pilotsuz aparat İŞİD terror təşkilatına məxsusdur. Hərbi bazanın təhlükəsizlik sistemi pilotsuz aparatın uçuşunu qeydə alıb və həyəcan siqnalı çalıb. Pilotsuz aparat atəşə tutulub. “Orient News” agentliyi pilotsuz aparatın vurulub-vurulmaması barədə məlumat verməyib.

Qeyd edək ki, bu, “Hmeymim” hərbi aviabazasına ikinci hücumdur. Bundan əvvəl 31 dekabr 2017-ci ildə baza minaatanlarla atəşə tutulub. Nəticədə iki rusiyalı hərbçi ölüb, 4 ədəd “Su-24”, iki ədəd “Su-35S” hərbi təyyarəsi, bir ədəd “An-72” hərbi nəqliyyat təyyarəsinə ziyan dəyib.