Rusiya KİV-i Ermənistana yeni silahların göndərildiyini təsdiqlədi

Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən “Regnum” informasiya agentliyi 4 sentyabr tarixli “Dağlıq Qarabağın yeni ümidləri” adlı məqaləsində Rusiya tərəfindən Ermənistana yeni silahlar göndərildiyini təsdiq edib.

Bu barədə “Report”a Yeni Azərbaycan Partiyasından (YAP) məlumat verilib.

“Ənənəsinə uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və nizamasalınması ilə əlaqədar real faktları ən kobud şəkildə təhrif etməkdən çəkinməyən agentlik 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı sayəsində başlayan döyüşlərin həqiqi səbəblərini tamamilə yanlış və açıq qərəzli şəkildə təqdim etməyi də unutmayıb. Diqqətiçəkən məqam ondan ibarətdir ki, sözügedən agentlik iyul döyüşlərindən sonrakı vəziyyəti “Bakının Ermənistana yeni Rusiya silahlarının göndərilməsinə sərt və acıqlı reaksiyası” kimi qiymətləndirməklə əslində iyul döyüşlərinin ardınca Rusiyanın təcavüzkar Ermənistanı silahlandırdığını təsdiq edib”, – məlumatda bildirilib.