RUSİYA AZƏRBAYCANIN ADDIMLARINDAN QORXUR

Son bir həftə içində baş vermiş hadisələri Rusiyanın regionda öz gücünü nümayiş etdirməsi kimi qiymətləndirmək olar. Özələn, Rusiya Xarici İşlər nazirinin regiona səfəri məhz bunu bir daha nümayiş etdirdi.

LAVROV-COMEDY, ya da BACARIQSIZ NAZİR

Rusiyanı çox zaman azıxa, yəni, qış yuxusundan vaxtından çox-çox tez oyanmış, ac və quduz ayıya oxşadırlar. Bu dövlətin xarici işlər naziri də eynilə bu quduz ayı siyasətini nümayiş etdirməkdədir. Onsuz da Kiril Lavrovu bacarıqlı və ya ağıllı dövlət adamı adlandırmaq olmaz. Onun nazir vəzifəsində oturduğundan bu günədək olan dövrdə Rusiya az qala bütün qitələr üzrə təsir dairəsini bir-birinin ardınca itirdi. Ukraynada demokratiya və xalqı dəstəkləmək əvəzinə, korrupsiyaya uğrayan hakimiyyəti dəstəkləməklə bu “qardaş slavyan ölkəsi” Qərbə peşkəş edildi. Ukraynalılarla dil tapmaq əvəzinə Luqansk və Donetskdə separatçı “artsaxlar” yaradıldı, Krım işğal edildi. Bunun sonucu kimi, Qərbin aparıcı dövlətləri Rusiyaya qarşı nəticələri gündən-günə ciddiləşən sanksiyalar tətbiq etdilər.

Hələ biz Lavrovun diplomatik etikadan uzaq davranışlarından, beynəlxalq tədbirlərdə və dövlətlərarası danışqılarda açıq-aşkar söyüş işlətməsindən danışmırıq…

Rusiyanı risk və təhlükələrdən qoruyan, uzaqgörən proqnozlar vermək qabiliyyətindən və analitik təhlildən kənar bir adam yalnız o boyda dövlətinin gəlib bu duruma düşməsinə səbəb ola bilərdi. Onunla müqayisədə bizim nazirimizə min şükür, bizim nazirin nəyi də olmasa, amma bizim xarici işlər naziri diplomatik etikanı indiyə qədər pozmayıb, davranışında mədənidir…

Bu ayı siyasətinin atdığı hər bir addımının mahiyyətini görmək mümkündür və atacağı addımı da proqnozlaşdırmaq olar. Necə ki, anqlo-saksonlar Moskvanı Suriya və Ukrayna bataqlığına çəkə bildilər.

BAKIYA VƏ DÜNYAYA LAVROVUN ÇEYNƏNMİŞ MESAJI

Bilindiyi kimi Lavrov Bakıya, daha sonra “ermənistan” adlı hərbi bazasına səfər etdi. Ümumi görüntü bu idi ki, Lavrov guya Bakıya və İrəvana “Qarabağ münaqişəsinin” həlli üçün danışıqlar aparmağa gəlib.

Aydındır, bu cür gedişlə ilk növbədə Qərbə mesaj verildi ki, Qarabağ məsələsi yalnız Rusiyanın idarəsi altındadır. Sözün düzü bu çoxdankı mesajlardan biridir. O qədər qocadır ki, yerlə sürünən saqqalı var. Bunu ABŞ da, Avropa Birliyi də, qonşuluqdakı İran da, Türkiyə də bilirlər. Amma bu regional və qlobal oyunçular da onu bilirlər ki, Qarabağ məsələsi və Gürcüstandan başqa Cənubi Qafqazın qalan hissəsi  HƏLƏLİK Rusiyanın “bostanıdır”.

Lavrovun İrəvana səfəri onunla yadda qaldı ki, erməni “xarici işlər naziri” Nalbəndyan durub həmişəki kimi standart saxtakar bəyanat verdi. Bizim xarici işlər nazirliyi də həmişəki kimi növbətçi cavab açıqlamasını yayımlayıb, erməni tərəfini saxtakarlıqda və s. günahlarda ittiham etdi. Sözün düzü bu səhnələr artıq maraqlı deyil.

İki gün əvvəl Moskva Dövlət Universitetinin beynəlxalq siyasət fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti A.Fenenko haqqın.az saytına bildirmişdi ki, guya Rusiya “ermənistanı” idarə etmir. O, Türkiyə prezidenti Ərdoğanın məhz bu həqiqətə işarə edən sözlərini (Qarabağ məsələsinin açarı yalnız Rusiyadadır) şərh edərkən deyib. Bununla yanaşı o, hətta “ermənistanı” Qərbə inteqrasiya xətti götürəcəyi təqdirində Rusiyanın ona qarşı atacağı addımlarla (Azərbaycan və Türkiyə ilə təkbətək qalacaq) hədələyib.

Əslində A.Fenenko gözə kül üfürür. İrəvanın hər bir addımı, hətta guya özünün Qərbə qoşulacağı ilə Rusiyanı şantaj etməsi də Kremldə, daha doğrusu rus kəşfiyyat idarəsinin kabinetlərində hazırlanan ssenarilər əsasında gerçəkləşir. İrəvanda rəsmi və qeyri-rəsmi qərbyönlü bəyanatlar Moskvanın icazəsi ilə edilir ki, bu qurama “dövlətciyin” guya müstəqil olması barədə dünyada yanlış imic qorunub saxlansın. Bu gün keçmiş sovet respublikaları içində məhz “ermənistan” adlı ərazi birbaşa Rusiyanın müstəmləkəsidir, ərazisidir və Kreml tərəfdən idarə edilir.

Ərdoğan da nə dediyinin tam fərqindədir və onun bu sözləri Rusiyanın qurduğu oyunu pozurdu. Məhz, Lavrovun İrəvana səfəri, guya orada ermənilərə qərbyönlü siyasətlərinə görə xəbərdarlıq etməsi Moskvanın oyuncaq “erməni dövlətciyinin müstəqilliyi” barədə nağılın bitməsinin qarşısını almağa yönəli idi. Bu, Lavrovun kimi aldatmasını, kimlərin gözünə kül üfürməsi sualını doğurur. Sözsüz ki, bu cür çeynənmiş oyunlar və qurama səhnələrlə Kreml Qərbin siyasi elitalarını, İranı, Türkiyəni aldada bilməz. Bu cür ucuz komik tamaşalarla yalnız Rusiyadakı kütbeyin vətənpərvərləri aldatmaq olar.

Belə siyasi oyun düzümündə çeynənmiş bəyanatları ilə Lavrovun Bakıya verdiyi həqiqi mesajı nədən ibarət idi?

RUSİYA AZƏRBAYCANIN ADDIMLARINDAN QORXUR

Lavrovun Bakıya səfərinin mahiyyəti barədə politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, “Rusiya münaqişənin həllinə qətiyyən maraq göstərmir. Əksinə onu daha da mürəkkəbləşdirməyə çalışır… Nəticə etibarı ilə Lavrovun Bakı və İrəvana gəlib-getməsi bir növ Azərbaycana işarə idi ki, hərbi gücünüzü artırsanız da, Rusiya bölgədə müharibəyə imkan verməyəcək”.

Bu məntiqli şərhə yalnız bunları əlavə edə bilərik ki, Moskva indiki zamanda Azərbaycanın hərbi əməliyyatlara başlamasından daha çox qorxur. Belə ki, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanı iqtisadi və siyasi məngənələrə salıb. İndiki dövrdə strateji əməkdaşlıq partnyorları kimi nəzərdən keçirdiyi Türkiyə və İranla yaxınlaşma Rusiyaya hava və su kimi lazımdır. Amma əgər sabah hər hansı bir səbəbdən Qarabağda hərbi əməliyyatlar canlansa və Rusiya bu münaqişəyə Azərbaycan əleyhinə qoşulsa, artıq Moskvanın Türkiyə və İranla əməkdaşlıq perspektivinə əlvida demək olar.

Bunu ABŞ və Qərb analitikləri də anlayırlar. Onlar da çox arzulayırlar ki, Qarabağda münaqişə canlansın və Türkiyə ilə Rusiya arasında strateji əməkdaşlıq doğulmadan torpağa kömülsün.

Ümumiyyətlə, qeyd etməliyik ki, Rusya ilə Türkiyə arasında əməkdaşlığın güclənməsi heç də Azərbaycanın xeyirinə deyil. Tarixi təcrübə də göstərir ki, Azərbaycan Ankara ilə Moskva arasında əməkdaşlığın daim qurbanı olub. 1920-ci il 28 aprel bunun ən bariz sübutudur. Həmçinin, müstəqillik qazandığımız dövrdən bu günədək 1 metr belə torpaq azad edə bilmədik. Yalnız Rusiya ilə Türkiyənin arası “SU-24 hadisəsinə” görə korlandığı dövrdə az bir torpağımızı geri ala bildik. Çünki öz mənafelərinə görə daim Ankara bizi torpaqlarımızı hərbi yolla azad etməkdən çəkindirir…

DÜZGÜN SİYASƏT

Beləliklə, Azərbaycan üçün çox riskli və eyni zamanda torpaqları azad etmək üçün geniş imkanlara malik şans yaranmaqdadır. Biz “Qarabağda işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara hazırlaşırıq” mesajı verməklə Rusiyadan istədiklərimizi az-az hissələrlə əldə edə bilərik. Bu, həm siyasi və həm də iqtisadi sahədə Rusiyadan daha çox üstünlüklər qoparmaq kimi anlaşıla bilər. Bu məqamı politoloq Qabil Hüseynli dəqiq vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan geniş miqyaslı azadlıq müharibəsinə başlamaq üçün münasib məqamı gözləməlidir.

“Bölgədə qüvvələr nisbəti dəyişəcək və Rusiyanın təsiri zəifləyəcək. Bunun əvəzində Azərbaycan və Türkiyənin bölgədə iqtisadi, siyasi, hərbi təsiri sürətlə artacaq. Ona görə biz regionda Azərbaycanın öz torpaqlarını azad etməsi üçün daha əlverişli şəraitin yaranacağı məqamı gözləməliyik. Həmçinin, son zamanlar Azərbaycan ordusunun sınaqdan çıxardığı və uğur gətirən taktikası var. Bu lokal müharibə əməliyyatlarının həyata keçirilməsidir. Güman edirəm ki, Azərbaycan ordusu lokal müharibə taktikasından tez-tez istifadə etməyə başlayacaq” – deyə politoloq bildirmişdir.

Yəni, geniş miqyaslı hücuma keçmirik. Sadəcə 1-2 gün içində növbəti yüksəkliyi ələ keçiririk. Sözsüz, “aprel döyüşlərində” buraxılmış səhvləri, verilmiş itkiləri, taktiki və strateji səhvləri nəzərə almaqla. Rusiya qeyzlənsə də açıq tərzdə bizə qarşı hərbi əməliyyata keçməyəcək. Çünki Azərbaycan, Türkiyə və İranla “körpüləri yandırmaqdan” çəkinəcək. Tələb edəcək ki, döyüşü dayandıraq. Biz də tutduğumuzla HƏLƏLİK qane olub, əməliyyatları dayandırırıq. Ardınca,  bir müddətdən sonra yeni lokal əməliyyatlara başlayırıq…

Qarxunlu

“Millətçilik” qəzeti