Rusiya ayağa qalxdı: Polis güc tətbiq edir – Yeniləndi

Aleksey Navalnının təşkilatçılığı ilə Rusiyanın müxtəlif şəhərlərində etiraz aksiyaları start götürüb.

Millətçilik.az xəbər verir ki, artıq Xabarovsk, İrkutsk, Vladivostok, Cənubi Saxalində etirazlar başlayıb. Moskvanın müxtəlif bölgələrinə Rusiya Milli Qvardiyasının qüvvələri yerləşdirilməyə başlanılıb.

Qeyd edək ki, aksiyalar “O, bizim üçün çar deyil” şüarı ilə keçirilir. Aksiyaların 80 şəhərdə baş tutması gözlənilir.

***

Bugünkü mitinq Rusiyanın siyasi həyatından tam uzaqlaşdırılması planlaşdırılan insanların aksiyasıdır.

Bunu “Amerikanın səsi” radiosuna açıqlamasında Aleksey Navalnının federal qərargahının rəhbəri Leonid Volkov deyib.

“7 mayda inauqurasiya olacaq. Putin bütün rusun çarı elan ediləcək. İndiyə qədər çox deyilib ki, ona həddən artıq çox səs verilib və s. Biz bu səslərin necə verildiyini, bunun biabırçı təşkilatçılığının necə həyata keçirildiyini yaxşı görmüşük. 5 may bizim üçün vacib andır. Biz çıxıb deyə bilərik ki, heç yerə getməmişik. Siz keçirdiyiniz yalançı seçki, yalançı namizədlərlə alternativ reallıq yarada bilməmisiniz. Kreml obyektiv həqiqətin mövcudluğunu inkar etmək üzərində qurulub” – deyə o bildirib.

***

Rusiyada keçirilən aksiyalardan öncə hüquq-mühafizə orqanları aktivistlərin həbsini sürətləndirib. Artıq Kemerova şəhərində Navalnının qərargahının koordinatorunun müavini Boris Pavlov polis tərəfindən saxlanılıb. Onun dindirilməsi aksiyaların başlanılması ilə eyni vaxt – saat 14:00-a təyin edilib.

Çelyabinskdə isə aktivist Aleksandr Belyayev saxlanılıb. Onun saxlanılmasına səbəb oğurluqda şübhəli bilinməsidir.

Barnaulda isə həbs edilən aktivistlərin sayı 15 nəfərə çatıb.

***

Krasnoyarskda da aksiyalar start götürüb. Aksiya zamanı polislə etirazçılar arasında toqquşma yaşanıb. Polis etirazçılara güc tətbiq etməyə başlayıb. Onlarla etirazçı saxlanılıb.

Tomsk şəhərində Navalnının qərargahının koordinatoru Kseniya Fadeyeva saxlanılıb.