RUS-ÇUKÇA MÜHARİBƏLƏRİ

(əvvəli)

İmperatrisa Yelizavetanın əmrini yerinə yetirmək üçün 1743-cü ilin mayın sonunda Yakutskdan 407 kazak, əsgər və qrenaderlərdən (qumbara atan əsgərlər) ibarət dəstə 1000 baş yakut at ilxısını götürərək reydə çıxdı. Plana görə, açıq düzəndə atlarla çukçalara çatıb hücum etmək idi. Amma Verxoyansk dağ silsiləsini keçərkən məlum oldu ki, bu il dağlarda ot az bitib. Nəticədə sürətlə atlar aclıqdan ölməyə başladı. Altı aydan sonra dəstə it kirşələri ilə Anadırsk qalasına çatdı. Burada qışı keçirdilər. Aclıq və xəstəlikdən zəifləmiş dəstə özünə gəldi və yeni yürüşə hazırlaşdı. Dəstəyə Anadırsk qalabaşısı döyüşçü kimi daha 237 koryak və yukagiri verir. 1744-cü ilin mayında Pavlutski buradan Sakit okean sahili boyunca yürüşə başladı. Qarşılarını çıxan çukça obalarına hücum etmək planı tam baş tutmadı. Çukçalar döyüş taktikasını dəyişmişdilər. Onların kəşfiyyatı rusları görən kimi, obaya xəbər verir və oba təcili köçürdü. Döyüşçü çukça dəstələri dağlara çəkilirdilər. Onlar rusların dəstəsinə qəfildən hücum edir və əsas qida olan maral sürülərini qaçırırdılar

Çukotkada tonqal və ocaq qalamaq üçün bitki örtüyü azdır. Çukçalar yerli əhali olaraq minillər boyu fövqəladə durumda çiy maral, morj əti və balıq yeməyə öyrəşmişdilər. Həmçinin, çukçalar fizioloji quruluşu elə idi ki, onların dərialtı piy qatı digər insanlardan daha çox sıxlığı ilə seçilir və buna görə şaxtaya daha dözümlü idilər. Ruslar və hətta tunquslar belə, çiy ət yeyə bilmirdilər. Ocaq qurub isti yemək bişirmək və ya ət qızartmaq rusların dəstəsi üçün həlledilməz məsələyə çevrilmişdi. 4 aydan sonra rusların dəstələri azuqə üçün götürdükləri 5000  baş maralların hamısını yeyib qurtarmışdı. Dəstə geri dönməyə qərar verdi. Aclıq və yarıbişmiş ət yemək ucbatından başlamış mədə xəstəliklərindən 50 kazak və rus əsgəri öldü. Aclıq və mədə-bağırsaq xəstəlikləri dəstəyə güc gəldi. Geri dönən rus dəstəsi o qədər zəifləmişdi ki, dayanmalı oldu. Pavlutski Anadırsk qalasına yardım üçün az-çox sağlam əsgərlərdən ibarət qrup yolladı. Onlar qaladan 5000 baş maral sürüsü və yandırmaq üçün qurumuş kol və peyin gətirdilər. İki gün isti yeməkdən sonra özünə gəlmiş rusların dəstəsi qalaya qayıda bildi.

Pavlutski Peterburqa Senata şikayət məktubları yazmağa başladı. Məktublarda göstərirdi ki, kazaklara ərzaq və maaş artıq iki ildir ki, verilmir. Kazaklar yalnız ona görə üsyan etmirlər ki, üsyandan sonra nə edəcəklərini bilmirlər. Ordu vəhşi maral ovlamaqla dolanır.

Bu yerdə Pavlutski barədə bir neçə söz demək lazımdır. Çox maraqlıdır ki, çukçaları qılıncdan keçirən, onların obalarını yer üzündən silən, qızların zorlayaraq öldürən dəstənin qəddar başçısı olaraq o, gündəliyində bu sözləri yazmışdı: “Çukçlar — güclü, cüssəli, cəsarətli, əzələli, ədalətli, döyüşçü, azadlıqsevər və yalanı sevməyən, qisasçı bir xalqdır, döyüşdə isə, ələ keçməmək üçün özlərini uf demədən öldürürlər”.

Peterburqa yazdığı məktubda o xüsusi olaraq vurğulayırdı ki, Çukotka yarımadasında samurlar azdır, çukçalar isə, aza qane olan kasıb tayfadırlar, qızılın nə olduğunu belə, anlamırlar və müharibəyə çəkilən xərclər özünü doğrultmur. O, xahiş edirdi ki, çukçaların ram edilməsi və qırğını dayandırılsın, çünki bunun heç bir iqtisadi mənfəəti və siyasi qazancı yoxdur.

Amma Senatdan yeni qərar gəldi: “Çukçalar ram edilməlidirlər! Əgər samur xəzini Çukotkada tapmaq çətindirsə, yasağı samur xəzi ilə deyil, morjların iri dişləri ilə ödəməyə boyun olsunlar”.

1746-cı ilin yazında Anadırsk qalasından çukçalara qarşı yeni dəstə yürüşə başladı. Rus və kazakların dəstələri heç planlaşdırdıqları yolun yarısını adlamadılar. Çukçaların qəfil hücumlarına tuş gəldilər. Üstəlik dəstədəki koryaklar və kazaklar arasında qanlı münaqişə oldu. Pavlutski koryakları incik salmamaq üçün bir neçə kazakı cəzalandırdı və geri çəkilmək əmri verdi. Bu zaman çukçalar yeni taktikalarını göstərirdilər. Onlar geri çəkilən ruslara xırda qruplarla hücum edir və onları öz ardınca təqibə təhrik edirdilər. Nəticədə xırda dəstələrlə hücum edən çukça qruplarını təqib etmiş 4-5 nəfərlik rus əsgər və kazakların qrupları xəbər-ətərsiz itirdilər. Pavlutskinin göstərişi ilə geri çəkilən ruslar onlara hücum edən çukçaları yalnız geri oturtmalı, amma daha təqib etməməmli idilər. İtkilərə məruz qalmış dəstə Anadırsk qalasına qayıtdı. Bu yürüş əvvəlkilərdən də uğursuz idi.

1747-ci ilin yazının əvvəlində isə, rusların planlaşdırdığı yeni yürüş ümumiyyətlə baş tutmadı. Belə ki, yürüş üçün azuqə kimi hazırlanan koryakların 5000 baş maral sürüsünü çukçalar ələ keçirdilər. Bu zaman koryakların onları təqib etməsi çukçaları daha da qəzəbləndirdi. Təkrar hücum artıq koryak obasına qarşı idi. Xəbər Pavlutskiyə çatan kimi o, çukçalar üzərinə getdi.

Anadırsk qalasından iki dəstə çıxdı. Qarşıda Pavlutskinin başçılıq etdiyi dəstə idi. Plana əsasən arxada 300 nəfərdən çox hərbi dəstə gəlirdi.

İlk toqquşmada Pavlutskinin avanqard dəstəsi çukçaları yaxına buraxmadan top və tüfəng atəşinə tutdu. Sayca az görünən çukçalar vahimə içində onları topa tutan ruslardan qaçmağa başladılar. Pavlutski onları təqib etməyə başladı.

Hərbi akademiyanı bitirmiş, dəfələrlə ox, nizə ilə silahlanmış çukçaların üzərinə gedərək onları topla, tüfənglə yenmiş, çukçaların sadə döyüş taktikasını gözəl bilən rus mayoru bu dəfə müştəbehliyi ucbatından sayıqlığı itirmişdi və tezliklə neolit dövründə yaşayan tayfanın qurduğu sadə pusquya düşdü.

Çukçaları dağlıq ərazidə haqlayan kimi Pavlutskinin əmri ilə araba və xizəkli kirşələrdən mühafizə düşərgəsi quruldu. Bu düşərgədən qarşıdakı qaya üzərində çukçaları müşahidə etmək olardı. Hərbi məşvərətdə kazak yüzbaşılarından biri təklif etdi ki, arxadan gələn dəstəni gözləmək lazımdır. Digər yüzbaşı Krivoşapkin məsləhət verdi ki, çukçaların kəşfiyyatçıları arxadan yardım dəstəsinin gəlməsini görüb dağılışa bilərlər. Topdan atəş isə, onları qorxudacaq və çoxlu çukçanı məhv edəcək. Ona görə də dərhal onların üzərinə hücum etmək lazımdır. Durbinlə 500 nəfər çukçaları müşahidə edən Pavlutski ikinci fikirə tərəfdar oldu və hücum əmri verdi.

27 mart 1747-ci ildə ruslar, kazaklar və koryakların 130 nəfərlik dəstəsi, rusların Orlovo adı verdiyi çayın sahilinə yaxınlaşdılar. Qaya üzərindən çukçaların atdığı ox yağışı altında Pavlutski yaylım atəş əmrini verdi.

O dövrdə top və tüfənglər “dayandoldurum” sistemi ilə işləyirdilər. Top və tüfəngdən açılan atəşdən sonra ruslar odlu silahlarını ikinci dəfə doldurmağa macal tapmadılar. Qaya üzərindəki çukçalar birinci atəşdən sonra, Pavlutskinin fikirləşdiyi kimi qaçmaq əvəzinə, ildırım sürətilə qayadan enərək əks-hücuma keçdilər.

Əlbəyaxa döyüş başladı. Ruslar qurduqları mühafizə düşərgəsindən çox uzaqlaşmışdılar. Artıq düşərgəyə qaçmağın da mənası yox idi. Rusların üstünlüyü odlu silah idi, uşaqlıqdan təkbaşına morj və ağ ayı ovlamağa öyrəşmiş çukçalarla döyüşmək intihar demək idi. Nizə, bıçaq və cidalarla silahlanmış çukçaların təpkisinə davam gətirməyən ruslar pərakəndə şəkildə qaçmağa başladılar. Qılıncla silahlanmış Pavlutski mühasirədə idi. Onun geyindiyi dəmir dəbilqə çukçaların sümükdən ucluqları olan ox, nizə və bıçaqlara dözürdü. Amma maral ovçularından birinin sərrast atdığı kəmənd rus mayoruna sarılıb, onu yerə yıxdı. Çukçalar Pavlutskinin əynindən dəbilqəni çıxarıb, nizə və bıçaqlarla onu doğramağa başladılar…

Ruslar 90 nəfər itirmişdilər, arxa dəstəyə 40 nəfər yaralı gedib çata bilmişdi.

Rus müəlliflərinə görə, Pavlutskinin doğranmış meyidini bir gün sonra döyüş meydanına gəlib çıxmış arxa dəstə götürdü. MeyidiYakutsk qalasına gətirib “Rusiya uğrunda həlak olmuş qəhrəman xristian əzabkeşi” kimi dəfn etdilər. Onun qəbiri üzərində duaməbədi inşa etdilər.

Çukça əsatirlərində Pavlutski qəzəb və şər əcinəsi “Yekunnin” adı ilə həkk olunub. Əcinə çukça qadın və uşaqlarını öldürür, əsirlərə işgəncə verir, bütün çukçaları öldürmək istəyir, “sarı rəhbərinə” öldürdüyü çukçaların papaqları ilə dolu nartları hədiyyə yollayırdı. Amma qəhrəman çukça igidləri bu əcinnəni öldürür, onun kəsilmiş başını obalara apararaq nümayiş etdirirdilər. Əcinənin soydaşları çukçalara 1000 maral əvəzində onun kəsilmiş başını geri ala bildilər.

(ardı var)

Hazırladı: Pərviz Elay