Qəzaya uğrayan təyyarədə İndoneziya Maliyyə Nazirliyinin 20 əməkdaşı olub

 İndoneziyaya məxsus “Boeing” təyyarəsinin ekipajı qəzaya uğramamışdan əvvəl uçuş həyata keçirdiyi hava limanına geri dönmə tələb edib.

“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsi Bambanq Ervan məlumat verib.

Öz növbəsində, İndoneziya Maliyyə Nazirliyindən qəzaya uğramış təyyarədə qurumun 20 əməkdaşının olduğu bildirilib.

Fövqəladə halların aradan qaldırılması üzrə İndoneziya Milli Agentliyinin nümayəndəsi qəzadan sonra sağ qalanların olmadığını söyləyib.

“Lion Air” aviaşirkətindən qəzaya uğramış təyyarənin avqustdan istifadə edildiyi və uçuş üçün yararlı olduğu bildirilib. Laynerin iki pilotu ümumilikdə 11 min saat uçub.

Daşıyıcı şirkət həmçinin “Boeing”in göyərtəsində 181 sərnişin və 4 ekipaj üzvü olduğunu məlumat verib.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır, təyyarənin qalıqları və sərnişinlərin şəxsi əşyaları aşkar edilib.

Xatırladaq ki, “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737-800” sərnişin təyyarəsi uçuşdan 13 dəqiqə sonra radarlardan itib. O, İndoneziyanın Pankalpinanq şəhərinə uçuş həyata keçirirmiş.