Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusunun təqdimatı keçirildi

2020-ci ilin 10 yanvar tarixində AMEA-nın əsas binasında Qəbələnin tarixinə, etnoqrafiyasına və folkloruna həsr edilmiş kitab toplusunun təqdimat mərasimi keçirildi.

Bəlli olduğu kimi Azərbaycanın maddi və qeyri-maddi irsinin qorunub saxlanılması, Azərbaycanda tarixi, dini, mədəni abidələrin bərpası və dünyada tanıdılması üzrə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən  görülmüş işlərin miqyası ölçüyəgəlməzdir. SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası da bu təşəbbüsə az da olsa öz töhfəsini vermək məqsədilə Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olmuş Qəbələ şəhərində arxeoloji tədqiqatlara 15 illik fasilədən sonra dəstək vermişdir. Artıq 2005-ci ildən Qəbələ ilə bağlı elmi araşdırmalar SEBA Assosiasiyasının Qəbələ Arxeoloji Ekspedisiyası layihəsinin gerçəkləşdirilməsi ilə bərpa edilib. Ekspedisiya öz işinə AMEA-nın müxbir üzvü, mərhum professor İlyas Babayevin rəhbərliyi və SEBA Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə başlayıb. 2009-cu ildən etibarən bu günə qədər ekspedisiya fəaliyyətini Koreya alimləri ilə birgə beynəlxalq statusda davam etməkdədir.  

Qəbələ ilə bağlı elmi araşdırmaların davamı olaraq 2011-2016-cı illərdə SEBA Assosiasiyasının dəstəyi ilə akademik Teymur Bünyadovun rəhbərliyi altında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət “Qəbələ etnoqrafik ekspedisiyası” Qəbələ bölgəsində tədqiqat aparmışdır.

Qəbələ etnoqrafik ekspedisiyasının fəaliyyətinin nəticəsi olan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” adlı kitablardan ibarət toplu 3 dildə (Azərbaycan, rus, ingilis) TEAS Press Nəşriyyat Evi tərəfindən Bakıda və İnstanbulda (Türkiyə) nəşr edilmişdir. 

“Qəbələ tarixi” kitabında bölgənin 450 000 min il əvvəl başlanan tarixi 2017-ci ilin əvvəlinə qədər öz əksini tapmışdır. Kitabda Qəbələ bölgəsinin İbtidai İcma, Tunc, Antik və Orta əsrlər dövrlərini əhatə edən minilliklər boyu tarixi keçmişi, Qədim Qəbələ şəhərinin Qafqaz Albaniyasının paytaxtı kimi formalaşması və yüksəlişi, XVIII əsrə qədər Qafqazın və Şərqin görkəmli şəhərlərindən biri olması, XIX, XX və XXI əsrlərdəki yüksəlişi barədə geniş məlumat verilib.  

Seriyanın “Qəbələ etnoqrafiyası” kitabında regionun təbii-coğrafi şəraitini və etnik mənzərəsini, təsərrüfat həyatını, sənətkarlıq sahələrini, maddi-mənəvi mədəniyyətini, ailə və ailə məişəti barədə məlumatlar geniş oxucu kütləsinin diqqətinə təqdim edilir.

Seriyadan olan “Qəbələ folkloru” kitabında isə çoxəsirlik folklor mədəniyyəti (xalq poeziyası, əfsanələr və s.) ilk dəfə əhatəli şəkildə qələmə alınmışdır.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibəyli açdı. Akademik İsa Həbibbəyli Azərbaycanın elmi müəssisələrinin, o cümlədən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının son illərdə apardığı tədqiqatların yüksək nəticələrindən söz açdı. Akademik İ.Həbibbəyli xüsusilə, Qəbələ bölgəsinin qədim tarixinin araşdırılmasının dövlətçilik tariximiz üçün əhəmiyyətini vurğuladı. Natiq qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın iqtisadi və siyasi yüksəlişə istiqamətlənmiş siyasəti elmi tədqiqatlar və müasir dünya səviyyəsində alimlərimizin tanınması üçün əsaslı zəmin yaratmışdır. 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun saytımıza verdiyi xəbərə görə, daha sonra akademik Teymur Bünyadov Qəbələ bölgəsi və Qədim Qəbələ şəhərinin arxeoloji, tarixi və etnoqrafik baxımdan kompleks tədqiqatlarının nəticəsi olan ictimaiyyətin diqqətinə təqdim edilmiş əsərlər barədə ətraflı məlumat verdi. Akademik T.Bünyadov Qəbələ bölgəsi üzrə tədqiqatlarda SEBA Assosiasiyasının və onun prezidenti, geologiya üzrə fəlsəfə doktoru Rühəngiz Heydərovanın təmənnasız dəstəyini xüsusi olaraq qeyd etdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova çıxışında Qəbələdə aparılan arxeoloji və etnoqrafik tədqiqatlar barədə ətraflı danışdı. Professor M.Rəhimova məhz respublika rəhbərliyinin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bərqərar olmuş sabitlik və inkişafın əsasında Azərbaycanın tarixi keçmişini və Azərbaycan xalqının qədimliyini, zəngin maddi və mənəvi irsini ortaya çıxarmış bu tədqiqatların mümkün olduğunu vurğuladı.

Təqdimat tədbirinin qonağı olmuş Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlayihətli səfiri cənab Tong Op Kim çıxışında bildirdi ki, SEBA Assosiasiyasının dəstəyi ilə Qəbələnin arxeoloji tədqiqatında koreyalı mütəxəssislərin iştirakı Azərbaycan və Koreya arasındakı qarşılıqlı əməkdaşlıq tarixində yeni səhifə açmışdır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru,  akademik Rəfael Hüseynov çıxış edərək Azərbaycanda 2500 illik tarixə malik Qəbələ şəhərinin və bölgəsinin tarixini, etnoqrafiyasını və folklorunu əks etdirən, təqdimatı keçirilən əsərlərin rus və ingilis dilində nəşrinin respublikamız və xalqımız üçün mühüm elmi, mədəni və siyasi əhəmiyyəti barədə fikirləri ilə bölüşdü. 

Tədbirdə Qəbələ etnoqrafik ekspedisiyasına həsr olunmuş “Qəbələ etüdləri” adlı sənədli film nümayiş olunmuşdur.

Təqdimat tədbirində Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasınnda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, SEBA Assosiasiyasının prezidenti, geologiya üzrə fəlsəfə doktoru Rühəngiz Heydərova, AMEA-nın əməkdaşları iştirak edirdilər.