PRİMAKOV BARƏDƏ MƏNİM ESSEM

Oktyabrın 29-da Bakıda Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgi Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilib,  “Yevgeni Primakov: İnsan və siyasətçi” adı ilə təqdim edilib. Sərgidən bir neçə gün əvvəl isə Rusiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib.

Bu müsabiqədən mən gec xəbər tutdum. Əgər vaxtında xəbər tutsa idim 1990-cı il 20 Yanvarda Azərbaycan xalqını qanına qəltan etmiş Primakov barədə yazımı ora təqdim edərdim.

QARANLIQ MƏQAMLARLA DOLU KQB AGENTİNİN HƏYATI

29 oktyabrda Moskvada Primakovun xatirəsinə erməni mənşəli heykəltəraş Georgi Franqulyanın yaptığı heykəl təntənəli surətdə açıldı. Heykəlin təməli üzərində üç kvadrat — şahmat atının gedişini simvolizə edirdi. Yəni ki, Primakov “dünya siyasətinin şahmat taxtasında dahi bir siyasi oyunçu olub”.

Qeyd edək ki, Primakov 2015-ci ildə vəfat edəndə İraq Kürdüstanında da onun xatirəsi yad edilib. Moskvadakı kürd diasporu nümayəndələri də oktyabrın 29-da onun heykəlinin açılışında iştirak edirdi.

Primakovu Rusiya ictimaiyyətinə tanıdan Rusiyanın təbliğat aparatı əsasən “Primakov dönüşü” (bəzi yazılarda “Primakov ilgəyi”) adlı hadisədən istifadə etmişdi.

Belə ki, 1999-cu il martın 24-də Rusiya hökumətinin başçısı olaraq Primakov ABŞ-a rəsmi səfər etdi. Lakin onun təyyarəsi Atlantik okean üzərində olanda xəbər gəlir ki, NATO  Yuqoslaviyanı bombalamağa qərar verib. Primakovun göstərişi ilə təyyarə Vaşinqtona az qalmış elə göydə geri dönür. Buna müasir Rusiya politologiyasında hətta “Primakov dönüşü” adı verirlər. Yəni, faktiki olaraq, Primakov SSRİ dağılandan həmin günədək Rusiyanın ABŞ-la dil tapmaq və onun hegemonluğunu qəbul etmək siyasətindən  tamamilə imtina edir.

Bu adamın həyatında qaranlıq məqamlar çoxdur. Məsələn, Primakovun ana tərəfdən olan yəhudi nənəsi Sankt-Peterburqda  tikinti icraçısı işləyən Yakov Primakov familiyalı bir rusa ərə gedir. Onlar Tiflisə köçürlər və Yakov Primakov Türkiyə ərazisində dəmiryolu tikintisində işləyir. Orada ona hücum etmiş soyğynçu kürdlərlə çarpışarkən Yakov öldürülür. Kürdlər tərəfindən öldürülmüş babasının xətti üzrə Yevgeni Primakovun milliyyəti də “rus” kimi göstərilirdi. Digəl ki, 1938-ci ildə repressiya olunaraq güllələnmiş dayısı Aleksandr Yakovleviç Primakov sənədlərdə yəhudi kimi qeyd olunmuşdu.

1944-46-cı illərdə Primakov Bakıda hərbi dəniz hazırlıq məktəbində təhsil almışdır. Bir çox adamların bildirdiyi fikirə görə istər Tbilisidə, istərsə də o zamankı “ruskoyazıçnı” Bakı dövründə, həmçinin Moskvada Şərqşünaslıq İnstititutunda tələbə, Moskva Dövlət Universitetinin iqtisadi fakültəsinin aspirantı olanda onun ətrafı əksərən ermənilərdən ibarət idi.

1969-1974-cü illərdə Primakov KQB-nin xətti ilə jurnalist pərdəsi altında İraqda çalışmağa başlayır. Bir müddət sonra onun statusunu dəyişərək diplomatik korpusda işə götürürlər. Primakov Türkiyə əleyhinə döyüşən PKK-nın yaradılması və formalaşmasında önəmli rollardan birini oynamışdı. Həmçinin, vaxtilə SSRİ ilə sıx əlaqədə olan, sonra isə ingilis-ABŞ kəşfiyyatı ilə əməkdaşlıq edən kürd lideri Mustafa Bərzani ilə yaxınlaşmışdı.  Burada o, 3 funksiyanı yerinə yetirirdi. Birincisi, SSRİ-nin dostu olan Səddam Hüseynlə və İraqa qarşı separatçı silahlı mübarizə aparan kürd lideri Mustafa Bərzanini barışdırmaq, ikincisi, M.Bərzanini yenidən SSRİ təsir dairəsinə qaytarmaq, 3-cüsü, Mustafa Bərzaninin dəstəyi və ya neytrallığı ilə Türkiyə əleyhinə PKK-nı aktivləşdirmək. O, üçüncü məqsədindən başqa, digər 2 məqsədə nail ola bilmədi. Məsud, daha sonra oğlu Məsud Bərzaninin başçılıq etdiyi kürdlər 1974-cü ildən ABŞ-ın İraqa müdaxiləsinə kimi Səddama qarşı silahlı mübarizə apardı, SSRİ ilə münasibətdə Bərzanilər məsafəli mövqe tutdu. Lakin PKK-nın formalaşdırılmasında və Bərzaninin bu işə münasibətdə neytrallaşdırılması işində Primakov uğur qazandı.

Bu barədə hətta fotolar da qalıb. Fotolarda Primakov peşmərgə geyimində və ya Mustafa Bərzani ilə pozlar verirdi. Primakovun KQB-nin Livan və Fələstin istiqamətində fəaliyyəti indiyədək sirr altında qalmaqdadır. Bu istiqamətlərdə işləyən istənilən sovet KQB-çisi gec-tez Yaxın Şərqdəki və əsasən, İran, Livan və Suriyadakı erməni mafiyası ilə əməkdaşlıq etməli idi. “Primakov-Yaxın Şərq erməniləri” kimi mövzu indiyədək işıqlandırılmayıb, məxfilik qrifi altındadır.

PARXOMENKO: “SİZİN BU PRİMAKOV XIRDAÇI, KÜTBEYİN VƏ QORXAQ BİR PİSLİK İDİ”

1999-cu ilin fevarlında milyardçı Vladimir Qusinkiyə məxsus olan “Itoqi” media holdinginin baş redaktoru Sergey Parxomenko ilə Yevgeni Primakov arasında böyük qalmaqal oldu. Belə ki, rus jurnalistləri diqqət etmişdilər ki, o zaman  Rusiyanın baş naziri olan Primakov keçmiş KQB işçilərini “saman altından” dövlət strukturlarına yerləşdirir. “İtoqi” həftəlik jurnalının fevral sayının üz qabığında hökumət aparatının başçısı Yuri Zubakov və baş naziri Yevgeni Primakovun şəkilləri verilmişdi. Şəkilin altından “KQB”-çilər irəli!” – şüarı yazılmışdı.

Qeyd edək ki, Sergey Parxomenkonun özü ermənipərəstdir və onun ana tərəfdən ermənilərlə qohumluğu var. Lakin, bu iki ermənipərəst bir-biri ilə mübahisədə özlərini ifşa edirdilər. Xüsusilə, Sergey Parxomenkonun Primakov barədə dedikləri maraqlıdır. Parxomenkodan iqtibaslar: “İtoqi jurnalının həmin nömrəsi satışa çıxan kimi Primakov öz aparatının başçısına əmr verdi ki, jurnalın sahibi Vladimir Qusinskiyə zəng etsin, hədə-qorxu gələrək Qusinskidən Parxumenkonun işdən qovulmasını tələb etsin”.

Primakova daha çox jurnalın üz qabığındakı foto toxunmuşdu. Belə ki, fotoda Primakov və Zubakov eyni köynəklər geyinmişdilər. Bu isə sovet dövründə KQB işçilərinə eyni anbarlardan, hətta eyni adi geyimlərin verilməsinə işarə idi.

1999-cu ilin sonunda Duma seçkilərini uduzduqdan sonra Primakov, içkili vəziyyətdə NTV-nin canlı yayımında peyda oldu. Mövzu seçkilərin nəticələri ilə bağlı idi. Burada o, əsəblərini cilovlaya bilməyib, vay-şivən qaldıraraq “İtoqi” jurnalının baş redaktoruna nifrətini ifraz etdi.

Moskvada Primakova heykəlin açılışı ilə bağlı Parxomenko sosial şəbəkələrdə bunları yazdı: “Sizin bu Primakov xırdaçı, kütbeyin və qorxaq bir pislik idi. Özündən sonra ona qoyulmuş heykəli o, qorxaqlıq və karyeraçı alçaqlığı ilə qazanmışdır. Onun məşhur “Atlantika üzərində dönüşü” əslində qorxaqlığın nümunəsi idi. Diplomat, ələlxüsus dövlət xadimi siyasi durumun dəyişkənliyinə operativ reaksiya verməlidir. Əgər okean üzərində uçarkən Avropada böhran başlayırsa, təyyarəni geri döndərib ananın tumanı altında gizlənməyə tələsmək lazım deyildi. Rəqiblə görüşməyə və onunla böhranı müzakirə etməyə can atmaq lazım idi. Şahmat taxtası arxasında oturub qələbə qazanmaq lazım idi. Daha jurnalistlər qarşısına çıxıb “vacib” və “sınmamış insan” simasını  göstərmək lazım deyildi”.

“Özü də memar Franqulyanın Primakovun xatirəsinə ucaltdığı heykəldə şahmat taxtası da yalandır. Onun qarşısında heç zaman şahmat taxtası olmayıb. Daim onun qarşısında Mərkəzi Komitənin qərarları və KQB-nin təlimatları olub. Onun ağlı yalnız qarşısındakı kağız üzərindəki variantlardan hansının öz sallaq arxasının karyerasına və təhlükəsizliyini təmin etməsinə daha xeyirli olmasını seçməyə çatırdı”.

KQB  və dövlət aparatı içərisində “Primus” ləqəbi almış Primakovun nəsə isə bir fitri və böyük istedad sahibi olması həddən çox şişirdilib. Bu adam terror təşkilatları ilə, azərbaycanlılar kimi silahsız və əsarətdə olan xalqları cəzalandırmaqda yalnız uğurlar qazanıb. Buna isə böyük ağıl tələb olunmur. Onun istər sovet vaxtında İraq, Livan, Fələstin, istərsə də SSRİ-nin dağılması dövründə, istərsə də Rusiyanın 90-cı illərin sonu, 2000—ci illərin əvvəlində nəhəng siyasi layihələri daim uğursuzluqla bitib. Balkanlarda Rusiyanın uduzması, PKK liderinin həbsi məsələsində də Primakov məğlubiyyətə uğramışdı.

Hətta 20 Yanvar hadisəsində onun mövqeyini üç cəhətdən qiymətləndirmək olar. 1) Ağıllı siyasətçi müstəmləkə xalqını metropoliya mərkəzindən incik salmamaq üçün ordunun tətbiqi ilə kütləvi qırğından qaçmağa çalışardı. Deməli, Primakov heç də böyük ağıl sahibi deyildi; 2) Görünür, Primakov özü SSRİ –nin dağılması işində aktiv funksiya dayışırdı. Buna görə də Azərbaycanda Moskva əleyhinə narazılığın artması üçün qanlı olaylara rəvac verdi; 3) Ya da, Primakov SSRİ mənafelərini saya almayan primitiv anti-türkçü, ermənipərəst və xristian təəssübkeşi idi.

P.S. Çox heyf ki, Primakovun həyatı barədə Bakıda keçirilən yazı müsabiqəsindən gec xəbər tutdum. Yoxsa, bu məqaləmi ora təqdim edərdim. Ona görə də xahiş edirəm ki, gələcəkdə Bakıdakı xarici səfirliklərin mədəniyyət attaşeləri, Bakı Slavyan Universiteti, həmçinin, digər ali məktəb müəssisələrimiz Zori Balayan, Serj Sarkisyan, Robert Köçəryan, Qorbaçov, Yeltsin, 20 Yanvar və Xocalı soyqırımını törətmiş rus hərbçiləri və erməni terrorçuları və digər “tarixi şəxsiyyətlər” haqqında yazı müsabiqəsi təşkil edəndə öncədən mənə də müraciət etsinlər.

Sevda Elay (Əskərova)