Prezident İlham Əliyev Qırğızıstan və Malayziyanın dövlət başçılarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu ünvanlayıb.

Millətçilik.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qırğızıstan xalqına sülh və rifah diləyirəm”.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha da təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

“Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.