Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib.

Millətçilik.az xəbər verir ki, Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın Avropa Şurasının layiqli üzvü olduğunu bildirərək “Bakı Prosesi”ni Avropa Şurası üçün də uğurlu platforma adlandırdı. 2008-ci ildən bu prosesin genişlənərək mühüm hərəkata çevrildiyini deyən qonaq qeyd edib ki, mədəniyyətlərarası dialoq insanların həyatını dəyişə biləcək vacib prosesdir. “Bakı Prosesi”nin başladığı dövrdən diplomatik münasibətlərdə yenilik, müdrik və cəsarətli addım olduğunu deyən Avropa Şurasının Baş katibinin müavini bu prosesin davamlı olması üçün verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoninin Forumun açılış mərasimində Azərbaycan haqqında söylədiyi fikirləri yüksək qiymətləndirib. Dövlət başçısı Forumda vacib tövsiyələr irəli sürüləcəyinə əminliyini ifadə edib, bu cür önəmli beynəlxalq toplantının mədəniyyət sahəsində körpülərin, dialoqun qurulmasına mühüm töhfə verdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olduğunu qeyd edərək ölkəmizin “Bakı Prosesi” vasitəsilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq etdiyini bildirib. Hazırkı şəraitdə “Bakı Prosesi”nin coğrafiyasının genişləndirilməsinin zəruriliyini qeyd edən dövlət başçısı Azərbaycanın sivilizasiyalararası dialoqu təşviq etməklə bərabər, sivilizasiyalardaxili dialoqu da dəstəklədiyini deyib.

Görüşdə Avropa Şurasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.