Paşinyan sərsəm iddiaları ilə özünü çıxılmaz duruma salır

Bu il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammiti keçirilib. Prezident İlham Əliyev tədbirdəki çıxışında qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Rəsmi Bakı dövlətlərarası münasibətlərin sivil, demokratik dəyərlər və beynəlxalq hüquq normaları müstəvisində qurulmasını vacib sayır. 

Ermənistan və Azərbaycan arasında olan münaqişə məhz  beynəlxalq hüquqi prinsiplər əsasında həll edilməlidir. Prezident İlham Əliyevin sammitdə xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edən parlaq çıxışı ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən vətəndaş cəmiyyəti fəalları tərəfindən dərin məmnunluq hissi ilə qarşılanıb. Bu barədə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev  dedi:
– Mən tədbirin materiallarını televiziyadan dərin maraqla izlədim. Azərbaycan Prezidentinin çıxışında səslənən obyektiv və dərin məntiqli fikirlərin fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın iddiaları çox yersiz və mənasız təsir bağışladı. O, faktiki olaraq özünü növbəti dəfə gülünc vəziyyətə saldı.
Dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. İşğalçı dövlətin etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımz qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Lakin Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Təbii ki, Ermənistanın bu qəsbkar və riyakar siyasəti yolverilməzdir və Azərbaycan xalqı heç vaxt bununla barışa bilməz.
Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi tədbirdə Ermənistanın baş nazirini şok vəziyyətə salmışdır. Özünü itirən N.Paşinyan tədbirin mövzusu ilə heç bir əlaqəsi olmayan replika ilə çıxış etmiş, Azərbaycana qarşı şər və böhtan atmağa cəhd etmişdir. Lakin Prezident İlham Əliyev yenidən söz alaraq, Ermənistanda dövlət və hökumət səviyyəsində qatı şovinist, irqçi siyasət yürüdüldüyünü danılmaz faktlarla sübut etmişdir.
Bəli, bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətindən gizlətmək mümkün deyildir. Paşinyan  beynəlxalq tədbirlərdə hər dəfə bir şeyi bəhanə gətirməklə, heç nəyə nail olmayıb və bundan sonra da ola bilməyəcək. O, öz sərsəm açıqlamaları ilə özünü yalnız ifşa edir.
Ermənistan işğalçı dövlətdir, qəsbkar və təcavüzkar siyasətinə, törətdiyi ağır cinayətlərə görə mütləq cəza almalıdır. Tarixin və əlahəzrət Zamanın ədalətli hökmündən hələ heç vaxt, heç bir cinayətkar qaçıb gizlənə bilməyib. Ermənistanı da layiq olduğu acı aqibət gözləyir!

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”