PANDEMIYA DÖVRÜNDƏ TOY-BAYRAM

Bu yaxınlarda baş vermiş məlum “toy olayları” Azərbaycanın ictimai-siyasi gündəmini zəbt etməkdədir. “Pəpə yeyəndən məmə deyənədək”, az qala, hər kəs bu mövzuyla bağlı, çapına, səviyyəsinə uyğun münasibət bildirmək qeyrəti içərisindədir.

Bəzi yoldaşlar məsələyə münasibət bildirməyimi xahiş edirlər. Bunu nəzərə alıb düşündüklərimi sizlərlə bölüşmək istəyirəm.

Bəri başdan qeyd edim ki, məsələyə siyasi partiya rəhbəri və ya hüquqşünas mövqeyindən daha çox, sıradan bir “obıvatel” kimi yanaşmanı tərcih edərdim.

Olaylar barədə düşünərkən, qəfildən, A.Puşkinin “Pir vo vremya çumı” (“Vəba zamanı eyş-işrət”) pyesini xatırladım. Bizdə baş verən səs-küylü toy olayları ilə həmin pyesin süjeti, az qala, eyni fəlsəfi məzmun daşıyır. Qeyd edilən əsər ilə tanış olmayanlar üçün pyesin süjetini qısaca söyləyim. Vəba epidemiyasının hökm sürdüyü şəhərdə, yaxın keçmiş orta əsrlərdə bir neçə insan küçədə masa qurub yeyib-içir və əylənirlər. Bir din xadimi onlara yaxınlaşıb iradını bildirərək, onları dinsizlikdə suçlayır və eyş-işrətə son verib dağılmalarını tələb edir. Eyş-işrət əhlinə sədrlik edən şəxs dindara etiraz edərək deyir ki, evdə kədər onları sıxır, gənclər isə, şənlənmək istəyirlər. Din xadimi həmin gəncə ölmüş anasının qəbiri üstündə necə ağladığını xatırladır və deyir ki, indi anası göylərdə onun bu halına ağlayır. Məclisin sədri onun dəf olub getməsni istəyir. Bu zaman dindar onu ölmüş arvadının adından lənətləyir. Pərt olmuş sədr deyir ki, alçaq ruhu anasının və arvadının indi olduqları yerə yetişə bilməz.

Dindar gedir, eyş-işrət davam edir, məclisin sədri düşüncələrə qərq olur. Onu sevimli anasının ruhu narahat edir.

Görəsən indiki halda pandemiya zamanında, karantin rejimində, işsizlikdən, maddi sıxıntılardan əziyyət çəkən, Tovuz döyüşlərinin şəhidləri üçün göz yaşı axıdan  xalqa gözdağı verərək, qanunun aliliyi, qanun qarışısında hamının bərabərliyi prinsiplərini heçə sayaraq toy-bayram keçirən yüksək çinli, sabiq və hazırki yetkililəri narahat edən nəsə varmı?

Azərbaycan Milli Demokrat Partiyasının sədri

Tufan Kərim