Özünü Türkiyə vətəndaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin pulunu və qiymətli əşyalarını mənimsəyən şəxsin saxlanılması istiqamətində əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə (RPİ) taksi fəaliyyəti ilə məşğul olan Elçin Bayramov müraciət edərək bildirib ki, cari ilin noyabrın 16-da özünü Türkiyə vətəndaşı kimi təqdim edən Ayhan adlı şəxsi müştəri qismində əvvəlcə Sumqayıt şəhərinə daha sonra isə Bakı Beynəlxalq Avtovağzalına aparıb. Sumqayıt şəhərində həmin şəxs taksi sürücüsünə bildirib ki, üzərində 100 dollar var və ona təcili 25 manat lazımdır. Taksi sürücüsündən həmin pulu alan “Ayhan” pulu xırdalayıb 25 manatı və gediş haqqını ödəyəcəyini bildirib. Avtovağzal ərazisində isə həmin şəxs taksi sürücüsünün “Hisense” markalı mobil telefonunu da dələduzluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.
Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tehran İsmayılov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı T.İsmayılovun daha bir taksi sürücüsünün 100 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.
Qeyd edilən faktlarla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən T.İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Binəqədi RPİ-nə müraciət edə bilərlər.

Milletcilik.az