Ömər Eldarov tarixdə iz qoyan möhtəşəm mədəniyyət nümunələri yaradıb

Ömər Eldarov yaradıcılıq fəaliyyəti və xidmətləri ilə mədəniyyətimizi zənginləşdirən dünya şöhrətli sənətkarlardandır. Onun əl işləri regional və beynəlxalq müsabiqələrdə, dünyanın bir çox muzeylərində sərgilənir. Ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Səttar Bəhlulzadənin, Niyazinin xatirələrinə həsr olunan abidələr də dahi heykəltəraşın adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, dekabrın 20-də Azərbaycan Rəssamlıq Akademiyasında bu ali təhsil ocağının rektoru, görkəmli heykəltəraş-alim, Xalq Rəssamı, akademik Ömər Eldarovun 90 illik yubileyi qeyd olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, heykəl nümunələri bəşər tarixinin canlı şahidləridir. Onlar insanın nəcib əməllərini, şərəf və şöhrətini əsrlərboyu yaşadan ən gözəl sənət növlərindən biridir. Ömər Eldarov da uzun illərdir ki, tarixdə iz qoyan möhtəşəm mədəniyyət nümunələri yaradır.

Təhsil nazirinin vəzifəsini icra edən Ceyhun Bayramov illərdir öz biliklərini tələbələri ilə bölüşən, onlara heykəltəraşlığın incəliklərini öyrədən Ömər Eldarovun pedaqoq kimi fəaliyyətindən danışıb.

Ömər Eldarovun yaratdığı heykəllərin dünyanın bir çox muzeylərində layiqli yer tutduğunu deyən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, onun əsərləri ölkəmizin sərhədlərini aşaraq kənarlara da adlayır. Ömər Eldarovun imzası yalnız Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində var. Bu heykəllərlə Azərbaycanın yaradıcı qüdrəti dünyaya da bəlli olur.

Yubilyarın sənət dostları dövlətimizin başçısı tərəfindən respublikanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə rəssamı təbrik ediblər.

Sonra Ömər Eldarova həsr edilən “Hələ axşam olmayıb” filmi nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Milletcilik.az