Notarius olmaq istəyən namizədlər üçün müsahibə keçiriləcək

Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələri üzrə 25.11.2017-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibənin keçirilməsinə dekabrın 19-dan başlanılacaq.

Bu barədə Milletcilik.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Müsahibə nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə əvvəlcədən məlumat veriləcək.

Müsahibənin nəticələrinə əsasən elan olunmuş notarius vakansiyası üzrə ən yüksək bal toplamış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaq.