Nizami rayonu üzrə yol və ekoloji problemlər

Nizami rayonu bəlkə də yeganə rayondur ki, ərazisində 4 metro
stansiyası var: Xalqar dostluğu, Neftçilər, Qara Qarayev və Koroğlu metro
stansiyaları. Metro stansiyaların ətrafına nəzər yetirsək 10-15 il bundan əvvəlki
planlamadan əsər – əlamət qalmamışdır. Nisbətən Koroğlu stansiyası az da olsa
müasir standartlara və ekoloji tarazlığa cavab verir.
Başlayaq Neftçilər metro stansiyasından. Burada olan dairə vaxtı ilə
“Dakar” meydanı adlandırılırdı. Buradan 8-ci km bazarına gedən yol ətrafı
gözəl ağaclıq və gül kolları idi. Son illər Neftçilər metro stansiyası ətrafında
özəl şirkətlər, fiziki və hüquqi şəxslərə məxsus ictimai iaşə və ticarət
obyektləri göbələk kimi artmaqdadır. Bu tikililərin əksəriyyəti bəlkə də,
memarlıq standartlarına cavab vermir. Ətrafdan keçən sakinlərin, piyadaların
və rayon sakinlərinin narahatçılığına səbəb olur.
Bütün bunlar azmış kimi bu yaxınlarda “8-ci km bazarı” – Neftçilər
istiqamətində olan böyük dayanacaq hasara alınmış və hansısa naməlum
şəxslər orada tikinti aparırlar. Bazar ətrafı olan sıxlıq günü-gündən daha da
artır. Bəhruz Nuriyev küçəsində yöndəmsiz ticarət obyektləri yolun 1-2
metrliyinə qədər gəlib çatmışdır.
Nizami rayonunda Çobanzadə küçəsi “Şadlıq evləri” “mərkəzi” kimi həmişə
problemli küçələrdəndir. Bu və ya digər problemlər haqqında rayon İcra
Hakimiyyətinin elektron poçtuna göndərilən məktublar çox vaxt cavabsız
qalır, yaxud belə cavab verirlər ki, tikintilərin icazəsinə Bakı şəhər İcra
Hakimiyyəti rəy vermişdir. Nizami rayonu ərazisində qeyri – qənaətbəxş işləyən
orqanlardan biri də Dövlət Yol Polisi idarəsidir. Xalqlar dostluğu metro
stansiyasından başlayaraq Qara Qarayev metro stansiyasına qədər bir neçə
dayanma- durma (3.27 yol nəqliyyat qaydaları) işarəsi olsa da, Laçın Ticarət
mərkəzinin qarşısı, 8-ci km bazar, Neftçilər dairəsi, Bank of Bakunun
qarşısında daim tıxac olur. Nizami rayon DYP-nin zəif nəzarəti görünür;
demək olar hər gün bu ərazilərdə tez – tez avtomobil tıxacları yaranır. DYP-
nin müfəttişləri və Post Patrul Xidməti vaxtı – vaxtında yola ciddi nəzarət
etsələr, yol kənarında dayanan, düzgün park edilməyən “müdir” maşınları,
hüquqi və fiziki şəxslərə aid nəqliyat vasitələri və taksilər normal qaydalara
uyğun öz maşınlarını saxlasalar, piyadalara və digər nəqliyat iştirakçılarına
mane olmazlar.
Nizami rayonunun digər problemlərindən biri də dayanacaqlarda
dilənçilərin çoxluğudur. Bəzi sırtıq dilənçilər ictimai nəqliyata daxil olaraq
vətəndaşlardan müxtəlif yollarla pul qoparmağa çalışırlar.
Nizami rayonunun ən bəlalı və yaralı yeri “bazar ətrafı”nın olduğunu
desək yanılmarıq. Bazarın girişindən başlayaraq çıxışına kimi hər tərəf

natəmizlik, anti-sanitar vəziyyət bazara gələn istehlakçıları hər an narahat
edir. Bu bazarla bağlı şikayətlər bu günə qədər müxtəlif kütləvi informasiya
vasitələrində, sosial şəbəkələrdə və televiziya kanallarında işıqlandırılsa da, bu
bazar ətrafında durumun tənzimlənməsi üçün cüzi dəyişikliklər olmuşdur.
Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi bu problemləri nə vaxt
həll edəcəyi naməlum olaraq qalır…
Azər Qafiloğlu
“Millətçilik” qəzeti