Moskvadakı paradda meydana ilk olaraq Azərbaycan hərbçiləri çıxıb – YENİLƏNİB

Faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunan hərbi parada qatılan Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstənin hərbi marşla tribunaların önündən keçidi başa çatıb.

“Report” xəbər verir ki, hərbi paradda 14 minə yaxın hərbçi iştirak edir. Rusiya hərbi qulluqçuları ilə yanaşı, meydanda 13 ölkənin hərbçiləri addımlayır.

İlk olaraq Qızıl meydana Azərbaycan hərbçiləri çıxıblar. Azərbaycan Silahlı Qüvvələrinin 75 nəfərdən ibarət dəstəsi tribunalar önündən keçiblər.

Paradın aparıcısı xatırladıb ki, Böyük Vətən müharibəsi cəbhələrində 600 mindən çox azərbaycanlı döyüşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da paradı izləyir.


*** 11:00

Moskvadakı Qırmızı Meydanda Böyük Vətən müharibəsində əldə edilmiş Qələbənin 75 illiyi şərəfinə hərbi parad keçirilir.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, hərbi paradda 13 mindən çox hərbi qulluqçu, 216 ədəd yerüstü hərbi texnika, 75 təyyarə və helikopter iştirak edir.

Azərbaycan, Belarus, Özbəkistan, Hindistan, Qazaxıstan, Çin, Moldova, Monqolustan, Serbiya, Tacikistan və Türkmənistan parada nümayəndə heyətlərini göndərib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov rəhbərlik edir.

Qeyd edək ki, parad mayın 9-da keçirilməli idi, lakin koronavirus pandemiyası ilə əlaqədar iyunun 24-ə təxirə salınmışdı. Yeni tarix isə 24 iyun 1945-ci ildə Qırmızı Meydanda tarixi Qələbə Paradının keçirilməsinə həsr olunub.