MOSKVA-İRƏVAN-TBİLİSİ ÜÇBUCAĞINDA KEŞİKÇİDAĞ TƏXRİBATLARI

14 iyulda Keşikçidağ sərhəd məntəqəsində bir qrup gürcü təxribatçısının törətdiyi təxribat barədə KİV yetərincə və yeri gələndə biri digərinə zidd məlumatlar veriblər. Əsas məsələ — gürcü təxribatçılarının arxasında duran qüvvədir.

HADİSƏLƏRİN GEDİŞİ

İyulun 14-də, yəni Bazar günü gürcü fəalları hücum edərək ərazidə keşik çəkən iki Azərbaycan hərbçilərinin (bəzi mənbələrə görə iki əsgərin, digərinə görə 1 çavuş və 1 əsgər, üçüncü bir mənbəyə görə, yalnız 1 çavuş və ya 1 əsgər olub) silahını əlindən alıblar. Bu, sosial mediada yayılmış, hadisə şahidləri tərəfindən çəkilməsi ehtimal olunan görüntülərdən bəlli olur.

Video görüntülərdə azərbaycanlı əsgərin öz həmkarına “onlara de, bizim avtomatı versin” deməsi eşidilir. Görüntülərdə həmçinin bəzi gürcü fəalların Azərbaycan əsgərlərinin üzərinə yeriyib, onlara suallar verməsi də müşahidə olunur. Videoda hadisə yerində Gürcüstana məxsus hərbi geyimdə olan şəxslər də görünür.

RƏSMİ AÇIQLAMALAR

Azərbaycan Dövlət Sərhəd Xidməti isə gürcü fəalların bazar günü hücum edərək “Keçikçidağ”da keşik çəkən iki Azərbaycan əsgərinin silahını əlindən almasını “Azərbaycan sərhəd naryadına qarşı törədilmiş insident” adlandırıb.

Qurumun yaydığı məlumatda bildirilir ki, “DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçidağ” sərhəd zasta­va­sının xidməti ərazisində törədilmiş hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb.

“DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib”, qurum bəyan edib.

Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze hadisənin yerli medianın da yazdığı kimi “azərbaycanlı sərhədçilərin ikonaları kilsədənicazəsiz götürməsinə görə baş verdiyini təsdiqləyib və azərbaycanlı sərhədçilərin Keşikçidağ Məbəd-Kompleksindən ikonaları götürməsinin səbəbini açıqlayıb:

“Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”, “Report”-un Gürcüstan bürosu xəbər verir.

Turan agentliyi xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni “kiçik insident” adlandıraraq, ölkə ictimaiyyətini, vətəndaş qruplarını “Gürcüstan və Azərbaycan arasında sərhəddin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verilməsinə” çağırıb.

Gürcüstan DİN həmçinin “vəziyyətin vaxtında yoluna qoyulduğunu” və “hazırda hadisə yerində sakitliyin” olduğunu bildirib. Gürcüstanın rəsmi KİV-ləri isə, gürcü dilində yaydığı məlumata görə, Azərbaycan tərəfi “ikonaları çıxardığına görə üzr istəyib” (?!).

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov insidentlə bağlı verdiyi müsahibədə bildirib ki, iyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib. “Güman edirəm ki, bu insidentin Gürcüstan Hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. Sözsüz ki, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar” – deyə X.Xələfov vurulayıb.

PROBLEMİN KÖKÜ

“Keşikçidağ” monastır kompleksi regionun ən məşhur və ən çox dəyər verilən mədəniyyət abidələrindən biridir.

Bu ilin may ayında bu məbəd üstündə mübahisə növbəti dəfə alovlanıb, gürcüstanlı fəallar razılaşdırılmamış sərhəddə etiraz aksiyası keçiriblər.

Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq qalmaqdadır.

Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya hələ 1996-cı ildə yaradılıb. Amma bu iki ölkə arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin müəyyən hissəsinin yerləşdiyi ərazi razılaşdırılmamış qalır.

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov KİV-lərə müsahibəsində bildirib ki, Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır.

KÖLGƏDƏ QALAN QÜVVƏ

“Report”un yerli bürosuna açıqlamasında Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev Keşikçi Dağı Məbəd-Kompleksində baş verən son insidenti şərh edərkən bildirib ki, Gürcüstanda ölkənin Azərbaycanla sıx tərəfdaşlıq münasibətlərini gözü götürməyən müəyyən siyasi qüvvələr və qruplaşmalar var: “Onların bəziləri Ermənistan tərəfinin müəyyən tapşırıqlarını yerinə yetirirlər… Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyası bu məsələdə xüsusi fəallığı ilə seçilir… Sərhəddə baş verən insidenti, əsasən, partiyaya məxsus “Obyektiv” televiziya kanalı işıqlandırıb. Bu partiya illərdir Gürcüstan ictimaiyyəti arasında Azərbaycan və Türkiyə əleyhinə kampaniyalar aparır”.

Apardığımız araşdımadan məlum olub ki, Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyası 2012-ci ildə bir qrup gürcü siyasətçisi tərəfindən yaradılmışdır. Partiyanın açıq anti-Qərb mövqeyində durması, hətta ABŞ və AB politoloqlarına da bəllidir.

Partiyanın həmtəsisçiləri Soso Mancavidze, David Tarxan-Mouravi və İrma İnaşvilidir. Georgi Lomia və Ada Marşaniya partiyanın katibləridir. Partiya “Obyektiv” media-birliyinin və “Müqavimət” ictimai birliyinin bazası əsasında yaradılmışdır.

2014-cü il parlament seçkilərində partiya seçicilərin 4,6% səsini toplayaraq 4%-lik hədi keçmişdi. 2016-cı il seçkilərində isə partiya artıq gürcü parlamentində 5% yerə sahib oldu.

Partiya anti-türk mövqelərdən çıxış edir, Türkiyə və Azərbaycan tərəfindən Gürcüstanın “gizli ilhaq”ının gerçəkləşdiyini bildirir. NATO-ya üzvlük məsələsində NATO-nun qərarsızlığını əsas gətirən partiya Gürcüstanın bu quruma üzvlüyü əleyhinə olduğunu bəyan edib. Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyası Avropa İttifaqı ilə Gürcüstan arasında azad ticarət barədə müqavilənin imzalanmasına qarşıdır.

İrma İnaşviliyə məxsus “Obyektiv” telekanalında David Tarxan-Mouravi Bibliya və pravoslav xristianlığı fəlsəfəsi və tarixi barədə verilişlər təşkil edir. Bu verilişlərdə ərəblərin, daha sonra türklərin “xrsitanlığa qarşı tarixi cinayətləri”, türklərin “tarix boyu Gürcüstanı işğal etməsi və gürcülərə qarşı soyqırımlardan” və d. anti-islam və anti-türk ideyalı mövzulara toxunulur. Qeyd edək ki, “Tarxan” türk titulunu vaxtilə Səfəvi 1 Şah Abbas Mouravi nəslinə vermiş və onları Qara dənizin şərq sahilləri boyunca, yəni indi Gürcüstan adlandırdığımız ərazinin bir hissəsinə öz valisi təyin etmişdi. Rusiya imperiyası Cənubi Qafqazı işğal etdikdən sonra Mouravi nəslinin nümayəndələri yeni ağalarına canla-başla qulluq etməyə başlamışlar.

Partiya Rusiya ilə əlaqələrin qurulması tərəfdarıdır. Sputnik-georgia.ru saytıın məlumatına görə, partiya liderləri 2017-ci ilin aprelindən Rusiyaya səfərlərini artırmışlar. NATO bazalarının Gürcüstanda yerləşdirilməsi əleyhinə çıxış edən Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasının sıralarında yetərincə gürcüstanlı erməni var. Partiya 2017-ci ilin fevralında uydurma “erməni soyqırımının” tanınmasını nəzərdə tutan qanun layihəsini Gürcüstan parlamentinin gündəminə çıxarmışdır.

Partiya pravoslav ölkələrin xristian assambleyasının fəal üzvüdür və iyunun 20-21-də parlamentlərarası Pravoslav assambleyasının Tbilisidə keçirilmiş qalmaqallı iclasının təşkilatçılarından biri idi. Qeyd edək ki, həmin tədbirdə rusiyalı deputatın gürcü parlament spikerinin kürsüsündə oturması Rusiya ilə Gürcüstan arasında münasibətlərin kəskinləşməsinə gətirib çıxardı. Bu ilin payızında partiya Tbilisidə yüzminlik yürüşlər və mitinqlər təşkil etmək niyyətindədir.

Göründüyü kimi, Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyası Rusiya və “ermənistan” adlı Moskvanın müstəmləkəsi tərəfindən ciddi dəstəklənir. Amma Gürcüstandakı siyasi düzümü nəzərə alaraq bildirmək olar ki, birincisi, gürcü siyasi elitası Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasını siyasi meydana buraxmaqla bir tərəfdən Qərb dövlətlərini şantaj edir ki, Qərbin Gürcüstana dəstəyi olmasa, hakimiyyətə bu cür ruspərəst gürcü millətçiləri gələcək.

İkincisi, gürcü “dərin dövləti” bu partiya vasitəsilə Kreml ilə körpüləri saxlamaqdadır və bununla gürcü hakimiyyətini dünyanın gözündə balanlaşdırılmış siyasət aparmağa çalışan qüvvə kimi qələmə verir. Yəni, faktiki gürcü “dərin dövləti” bir tərəfdən Qərbyönlü gürcü millətçi qüvvəsi, digər tərəfdən Rusiya yönümlü gürcü millətçi qüvvələri ilə manipulyasiya edərək aktiv balanslaşdırma siyasəti aparmaqdadır.

İyulun 14-də baş vermiş hadisələr bir daha onu göstərdi ki, Azərbaycan tərəfi Mokskva-İrəvan siyasi dairələrinin və gürcü siyasi elitasının təxribatlarının nə qədər uzağa gedəcəyini hesablamayıb. Buna görə də bu cür təxribatların müxtəlif senariləri və onların necə önlənməsi üçün aidiyyatı idarələrdə siyasi analitiklərimiz tərəfindən strategiya (təhlükəsizlik, media-təbliğat və s. üzrə) hazırlanmalıdır. Sözsüz ki, aidiyyatı dövlət idarələrimizdə qeyri-standart düşüncəli, dərin bilikli və səriştəli belə analitiklərimiz əgər varsa…

Qarxunlu

“Millətçilik” qəzeti