Maliyyə risklərinin qiymətləndirilməsinə dair qrupun ilk iclası keçirilib

Fevralın 17-də videokonfrans formatında “Milli Risk Qiymətləndirilməsi” çərçivəsində “Digər maliyyə institutları üzrə risklərin qiymətləndirilməsi” qrupunun ilk iclası keçirilib.

Millətçilik.az bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.

Məlumata görə, videokonfransda milli səviyyədə PL/TM təhdidlərinin və zəifliklərinin müəyyən edilməsi, qiymətləndirilməsi məsələləri, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər müzakirə edilib. Həmçinin, Milli Fəaliyyət Planında yer alan uzunmüddətli hədəflərin icrası mövzularına toxunulub, yerli aidiyyəti qurumların və monitorinq subyektlərinin nümayəndələrinə sahəvi risk qiymətləndirilməsinə dair tapşırıqlar verilib, bu çərçivədə yaranmış suallar ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Videogörüşdə aidiyyəti qurumların, o cümlədən MDM-in Milli Risk Qiymətləndirilməsi metodologiyasına dair rəy və təkliflərin hazırlayıb müvafiq işçi qrupuna təqdim etməsi müəyyən olunub. Həmçinin, PL/TM-ə qarşı mübarizəyə dair siyasət və strategiyanın təkmilləşdirilməsi üzrə müzakirə aparılıb.

Eyni zamanda, Milli Risk Qiymətləndirilməsi çərçivəsində MDM-in iymətli kağızlardan PL/TM sahəsində qeyri-qanuni məqsədlər üçün istifadəyə dair strateji araşdırma və təhlillər aparması nəzərdə tutulur.

Milli Risk Qiymətləndirilməsi Dünya Bankının Risk Qiymətləndirmə metodologiyası əsasında aparılacaq.