Lavrov: “Bakı-Tbilisi-Qars dəmir yolunun bizimlə əlaqəsi yoxdur”

“Bakı-Tbilisi-Qars dəmir yolu ilk növbədə Azərbaycan, Gürcüstan və Türkiyəyə müsbət töhfə verəcək. Bizimlə əlaqəsi yoxdur. Çünki bizim ərazilərdən keçmir”.

Milletcilik.az-ın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA Universitetində müəllim-tələbə heyəti ilə görüşdə deyib. O bildirib ki, Azərbaycan Rusiya və İranla hazırda nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istiqamətində layihə həyata keçirir: “Nəqliyyat layihələri gələcəkdə məhsuldar əməkdaşlıqlara yol açır”.

Nazir qeyd edib ki, Azərbaycan və Rusiya terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edir: “Biz əməkdaşlıq edirik ki, heç kəs terrorçulardan hansısa məqsədlərini yerinə yetirmək üçün istifadə edə bilməsin. Biz bunları Suriyada, Yaxın Şərqdə müşahidə edirik. Terrorizmlə mübarizə üçün BMT çərçivəsində əməkdaşlıq edirik. Həmçinin MDB Antiterror Mərkəzi çərçivəsində əməkdaşlıq davam edir. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq bizim ümumi maraqlarımıza xidmət edən əsas sahələrdən biridir”.