KREMLİN QƏRBDƏ ANTİ-AZƏRBAYCAN HƏMLƏSİ

Rusiya təkcə Qarabağın işğalında birbaşa iştirakı ilə Azərbaycana qarşı mövqeyini məhdudlaşdırmır. Həmçinin, “ermənistan” adlı müstəmləkəsi tərəfindən Azərbaycan torpaqlarının işğalının müddətini uzatmaq, dövrü olaraq Rusiya yüksək siyasi mənsublarının hədələri və s. Kremlin Dövlətimizə və Millətimizə münasibətinin heç də erməni lobbisini əzizləyən Qərb dairələrinin münasibətindən fərqlənmədiyini göstərir. Amma indi Rusiyanın Qərblə münasibətləri yaxşı deyil. “Yaxşı deyil” ifadəsi, hələ yüngül deyilib…

Amma hər şeyi sıralayaq. Bu günlərdə virtualaz.org saytı Qərb dövlətlərinə qarşı Rusiyanın işə saldığı mexanizm barədə diqqət çəkici məlumat vermişdir. Bu mexanizmdə Azərbaycan da hədəf kimi yer tutub.

KREMLİN İTALİYADAKI ANTİ-AZƏRBAYCAN HƏMLƏSİ

Virtualaz.org xəbər verir ki, ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Maykl Karpenter qəzetə açıqlamasında Rusiyanın İtaliyadakı referendum kampaniyasına təsirini təsdiq edib. Karpenter keçmiş vitse-prezident Cozef Baydenlə birlikdə Kremlin bu hücumuna dair “Foreign Affairs” qəzetində dərc edilmiş məqalənin müəllifidir.

Bu referendum kampaniyasında hakim partiya uduzub, nəticədə baş nazir Matteo Rentsi istefaya gedib. Karpenter bildirib ki, Rusiya sosial şəbəkələrdə trollardan və botlardan istifadə edərək onun maraqlarına cavab verən informasiyaları sosial şəbəkələrdə yayıb, hökumətin legitimliyinə zərbə vurmaq və “Yox” kampaniyasını dəstəkləmək üçün genişmiqyaslı müdaxilə həyata keçirib.

“La Stampa” yazır ki, Rusiyanın bu dezinformasiya kampaniyasına Sankt-Peterburqdakı “İnternet-araşdırmalar agentliyi” də cəlb edilib. Maykl Karpenterin bildirdiyinə görə, bu agentliyin bəzi “dezertirləri” necə işlədiklərini dəqiqliyi ilə izah ediblər.

Bəs Rusiyanın məqsədi nə olub? Karpenter deyir: “Referendumda hakim partiyanın uduzması və qeyri-stabillik yaradılması”. Bu, Rusiyanın digər Qərb ölkələrindəki məqsədləri ilə eynidir. Kreml Qərb ölkələrində xaos, qeyri-stabillik yaratmaq, hökumətləri laxlatmaq, millətçi, qatı solçu və qatı sağçı qrupları dəstəkləmək üçün çoxdandır iş aparır. “Moskva mənim ölkəmdə olduğu kimi sosial, etnik və irqi ayrı-seçkiliyi qızışdırmaq istəyir”-Karpenter deyib.

Lakin bu, Rusiyanın İtaliya siyasətinə müdaxiləsinin başa çatması deyil. Əsas məsələ qabaqdadır və Karpenter bildirir ki, Moskva İtaliydakı parlament seçkiləri ərəfəsində “Şimal Liqası” və “5 Ulduz” hərəkatına fəal dəstək verir. “Mənim Rusiya təbliğatı əsasında apadığım analizlər, eləcə də “Hamilton 68”, “German Marshall Fund” və ya “Digital Forensic Lab” kimi müxtəlif təşkilatların məlumatları göstərir ki, Rusiya “Şimal Liqası”nı və “5 Ulduz” hərəkatını dəstəkləyir. Bunu sübut edən bir yığın dəlillər var”-Maykl Karpenter bildirib.

Özü də söhbət təkcə internetdə dəstəkdə deyil, siyasi dəstəkdən gedir. Karpenter bildirib ki, bu ilin martında “Şimal Liqası” Rusiyanın hakim “Vahid Rusiya” partiyası ilə əməkdaşlıq müqaviləsi bağlayıb. “5 Ulduz” hərəkatının liderləri isə Rusiyaya səfərlər ediblər. “Onlar Kremlin narrativ strategiyasına cəlb olunublar və Moskva tərəfindən hazırlanmış tezislərdən istifadə edirlər. Onlar Putinin başlıca ideoloji hədəflərini təmin edirlər, sanksiyaların götürülməsini istəyirlər, NATO-nu aqressivlikdə qınayırlar, Avropa İttifaqına hücum edirlər. İtaliya siyasi partiyası kimi onların buna tam haqqı var, lakin aydındır ki, hərəkat Kremlin strategiyası çərçivəsində fəaliyyət göstərir”-Karpenter bildirib.

Qeyd edək ki, “5 Ulduz” hərəkatı İtaliyada Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP kəmərinə qarşı davamlı olaraq aksiyalar, təxribatlar, çıxışlar təşkil edir. Hərəkat İtaliya parlamentində 22 faizə yaxın səslə təmsil olunub. Hərəkatın lideri şoumen Beppe Grillodur. Analitiklərə görə 2018-ci ildə keçiriləcək parlament seçkilərində bu hərəkatın qalib gəlmək imkanı məhduddur, ancaq Rusiyanın dəstək verdiyi “Şimal liqası” ilə alyans qurub daha çox yerə nəzarət edə bilər.

Azərbaycan qazı Avropa bazarlarında Rusiya qazına hazırda yeganə alternativdir. Avropanın qaz bazarında inhisarçı mövqedə olan “Qazprom” dəfələrlə Cənub Qaz Dəhlizinə qarşı mənfi münasibətini büruzə verib.

KREMLİN “YAQLAND” ADLI ANTİ-AZƏRBAYCAN MİKROFONU

Hələ noyabrın sonunda Rusiya ilə Avropa Birliyi arasında sanksiyalara görə münasibətlər kəskinləşəndə Kreml Avropa Şurasını tərk edəcəyi ilə Brüsseli şantaj etməyə başladı. Bu zaman Avropa Şurasının baş katibi Turbyorn Yaqland The Financial Times qəzeinə verdiyi müsahibəsində bildirib ki, Rusiyanın Avropa Şurasını tərk etməsi çox pis olardı: “Rusiyanın təşkilatın sıralarını tərk etməsi Avropa üçün mənfi hadisədir, çünki Rusiyasız Avropa ilə qarşılaşacağıq. Bu, Avropa üçün geriyə addım olardı”.

Yaqlandı biz Azərbaycan əleyhinə qərəzli mövqe tutmuş bir siyasətçi kimi tanıyırıq. Onun Rusiya barədə bu fikirlərinin arxasında merkantil maraqları durur. Bu adam Rusiya oliqarxları ilə ortaq maraqlara malikdir. Bu barədə haqqin.az saytı vaxtilə bir yazı da dərc etmişdir.

Hələ iki həftə öncə Britaniyanın “İndependent”, almanların “Spiegel” qəzetlərində və Rusiyanın yüksək siyasi elitası ilə bağlı olan rus milyardçısı Əlişir Usmanovun “Kommersant” qəzetində, həmçinin, Rusiyanın “inosmi.ru” portalında Norveçin “Aftenposten” qəzetində mərkəzdə Yaqlandın əsas yer tutduğu Azərbaycan əleyhinə getmiş materiallar bir həqiqəti ortaya çıxardı – Avropa Birliyi ölkələrindəki anti-Azərbaycan siyasi qüvvələri ilə Kreml arasında ciddi əlaqə var.

RUSİYANIN AVROPADAKI ANTİ-AZƏRBAYCAN AGENTURASININ MƏQSƏDİ

Politlogiyada “təsir agentləri” adlı bir məvhum var. Yəni, şərt o deyil ki, hər hansı bir dövlət digər dövlətlərdə kəşfiyyat xarakterli, rezidentlər və onların agentlərinin təmsil olunduğu şəbəkə ilə kifayətlənsin. Bir dövlət digər dövlətin biznes, KİV, QHT şəbəkəsi ilə dolayısı bir əlaqə də qurur. Əcnəbi dövlətin bu qurumları vasitəsilə də həmin dövlətin və ya dövlətlərin ictimai fikirinə, siyasi qərarlarına təsir etmək, özünə lazımi məcrada təbliğatın aparılmasına, ictimi fikirin formalaşmasına və siyasi qərarların qəbul edilməsinə nail olmağa çalışır. Məhz bu cür biznes və siyasi dairələrin nümayəndələri, KİV və QHT-lər xarici dövlətin “təsir agentləri” hesab edilir.

Rusiyanın Avropadakı və bəlkə də ABŞ-dakı kəşfiyyat şəbəkəsinin və təsir agentlərinin Azərbaycana qarşı fəaliyyətinin əsas məqsədi nədir?

İlk növbədə, sanksiyalar altında olan Rusiya Azərbaycanın da iştirak etdiyi energetik layihələrin fiaskoya uğramasına və ya süni maneələr vasitəsilə gerçəkləşməsinin vaxtını əyləməyə çalışır. Çünki Kreml bu layihlərədə özünə qarşı iqtisadi və siyasi təhlükə görür.

Kremlin təsir agentlərinin anti-Azərbaycan siyasətinin arxasında ikinci məqsəd daha dərindir. Avropa Birliyi strukturlarında öz təsir agentlərinin vasitəsilə Azərbaycan əleyhinə kampaniyaların aparılması, qərarların qəbul edilməsi ilə Rusiya Azərbaycanın Qərblə münasibətlərini korlamağa, minimuma endirməyə, bəlkə də rəsmi Bakının Avrostrukturlardan çıxmağa və Rusiyanın yaratdığı “Avrasiya Birliyi”, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” kimi qurumlara qoşulmasına nail olmağa çalışır.

Bu yöndə Kremlin müəyyən uğurlar qazanmasını görməzdən gəlmək mümkün deyil. Çünki Rusiya ilk növbədə Qərbin bəzi QHT və KİV-lərinə gizli şəkildə maliyyə yardımı edir. Digər tərəfdən, Kremlin para ilə satın aldıqları içində siyasətçilər də var. Bu təsir agentləri içində Rusiyanın oliqarxları ilə ortaq biznesə sahib qərbli biznesmenlər və KİV maqnatları vardır.

Rusiyanın Qərbdəki anti-Azərbaycan mövqeyində duran qüvvələr içində ideoloji cəhətdən dəstəkçilər də az deyil. İslamofob, xristianpərəst, ari irqçisi və anti-türk dünyabaxışa malik avropalı siyasətçi, QHT-çi və KİV rəhbərləri hətta anti-Azərbaycan mövqeyinə rus parası olmadan da qoşulurlar.

Nəhayət, Qərbdəki erməni diasporları və onların lobbisi. Onlar faktiki olaraq Rusiyanın Qərbdəki hazır agent şəbəksidir və anti-türkizm dalğasında nəinki Rusiya ilə hətta, şeytanın özü ilə əməkdaşlığa getməyə hazırıdırlar.

Çox təəssüf olsun ki, Azərbaycan Qərbdə erməni lobbisinə qarşı məhz “erməni diasporları Rusiyanın agent şəbəkələridir” şüarı altında təbliğat aparmır. Bizim bu cür bacarıqsızlığımız ermənilərin xeyirinə işləyir…

Beləliklə, biz Azərbaycana qarşı Qərb dünyasındakı mövqenin arxasında Rusiyanın da olmasını görə bilərik. Bu isə, düzgün siyasət yeritməyə, durumun düzgün qiymətləndirilməsinə və düşmənin qurduğu tələlərdən yayınmağa imkan verir.

Qarxunlu

“Millətçilik” qəzeti