KORRUPSİYAYA QARŞI MÜBARİZƏ VƏTƏNPƏRVƏRLƏRİN VƏZİFƏSİDİR

Prezident İlham Əliyev işğal altında olan Kəlbəcər rayonuna yeni icra hakimiyyəti başçısı təyin olunan Azər Qocayevlə videokonfrans rejimində keçirdiyi görüş zamanı ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizədən danışıb. Prezident bir daha korrupsioner məmurların əməllərindən bəhs edib, belələrinin əməllərini “xəyanət və vicdansızlıq” adlandırıb.

PREZİDENTİMİZİN QƏTİ MÖVQEYİ

Sitat:

-Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər.

Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir.

Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.

Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar.

KORRUPSİYA — DÜŞMƏNƏ XİDMƏTDİR!

Dövlət Başçısının korrupsiyaya qarşı barışmaz mövqeyi Azərbaycan xalqı tərəfindən dəstəklənməkdədir. İstər adi zəhmətkeş olsun, istər ziyalı, istər dövlət qulluqçusu, bir sözlə hamımız anlayırıq ki, korrupsiya dövlətimizə olan inama, dövlətçilik şüurunun özünə qarşı dağıdıcı təxribatdır. Korrupsiya içində batan cəmiyyətdə Vətənə, Dövlətə, Millətə hansı məhəbbətdən danışmaq olar? Ətrafında cəzasız cinayətkarlığı, ədalətsizliyi görən gənc nəsildən Vətənə və Millətə sevgini, Dövlətə sədaqəti gözləmək olarmı?

Korrupsiya iqtisadi inkişafın qarşısını alan amildir. Vəzifədən istifadə edən cinayətkar milli iqtisadiyyatın istər istehsal, istərsə də ticarət sahələri üçün böyük əngəllər yaratmaqdadır. Bu isə, öz növbəsində iqtisadi fəaliyyəti heçə endirir, süni qiymət artımına və işsizliyə yol açır.

Erməni işğalçılığı və torpaqlarımızın işğal altında qalması fonunda Azərbaycan dövlətində iqtisadi uçurum yaratmaq, işsizliyin sayını artırmaq, dövlətə və hökumətə qarşı inamsızlıq, narazılıq və hətta aqressivlik yaratmaq — düşmənin dəyirmanına su tökmək anlamına gəlmirmi?

Son dövrdə hüquq-mühafizə və xüsusi xidmət orqanlarımızın anti-korrupsiya tədbirləri nəticəsində ifşa edilmiş gözü doymayan korrupsionerlərin erməni kəşfiyyatı ilə əlbir olmasına çətin inanmaq olar. Onları yoldan çıxaran acgözlük, hərislik, nəfslərini cilovlaya bilməməsi, özlərindən əvvəl qurulmuş və ya özlərinin qurduğu korrupsioner torda dolaşmaqları idi. Düşünmək olar ki, gözlərini pul hərisliyi tutmuş bu insanlar artıq əməllərinin Dövlətə və Millətə necə ziyan vurmasının fərqində deyildilər, necə ki, narkotik mey altında olan narkoman öz evini yandırmasının fərqində olmadığı kimi…

Normal məntiqə malik insan bu tip xəstələrin izolə olunmasına, cəmiyyətimizi bu xərçəng xəstəliyindən qurtulmasına çalışmalıdır. Ona görə də, Dövlət Başçısının korrupsiyaya qarşı mübarizəsinə dəstək verilməlidir.

KORRUPSİYAYA QARŞI XALQ NƏZARƏTİ

Sözsüz ki, Prezidentin barışmaz mövqeyini və hüquq-mühafizə orqanlarının keçirdiyi anti-korrupsiya əməliyyatlarını vətənpərvər və millətsevər siyasi qüvvələr dəstəkləməkdədir. Bunlar sırasında Azərbaycan Milli Demokrat Partiyasını (AzMDEP) nümunə gətirə bilərik. Bu günlərdə AzMDEP Siyasi Şurasının videoformatda keçirdiyi iclasında məhz respublikada gedən anti-korrupsiya tədbirlərini dəstəklədiyini bildirir. Partiya Siyasi Şurasının iclasının xülasəsində bildirilir: “AzMDEP, respublikada qanunçuluğun və siyasi ədalətin bərpası istiqamətində hüquq-mühafizə orqanlarının son dövrlərdə vəzifəsindən sui-istifadə etmiş bəzi vəzifəli şəxslərə münasibətdə apardıqları ifşaedici tədbirləri dəstəkləyir. AzMDEP bildirir ki, ərazilərinin bir qismi düşmən tapdağında, yağı düşmənlə müharibə şəraitində olan Vətənimizin və Xalqımızın bu dramatik dönəmində Xalqımız və Dövlət Başçısı tərəfindən göstərilən etimada uyğun təyin edildiyi vəzifədən bəzi məmurların sui-istifadə etməsi, dövlət əmlakını mənimsəməsi ağır cinayət kimi dəyərləndirilməlidir. Bu çeşiddən olan cinayətlər təkcə qanunsuz yolla gəlirin əldə edilməsini ehtiva etmir, cinayət birbaşa dövlətin təhlükəsizliyinə, xalqın öz hökumətinə olan inamına qarşı yönəlmiş təxribatdır, Azərbaycan Dövlətinin məhvinə çalışan yadelli düşmənlərlə işbirliyi kimi səciyyələnməlidir və bu çeşiddən olan cinayətlərin vurduğu ziyan ölçüyəgəlməzdir. AzMDEP, istər icra hakimiyyəti strukturlarında, istərsə də Mədəniyyət Nazirliyi kimi hər hansı bir dövlət orqanının  bəzi yüksək məmurlarının vəzifədən sui-istifadəsinin qarşısının alınmasını sosial ədalət və qanunun aliliyinin təsbit olunması, bunun da öz növbəsində Azərbaycan Respublikasının hüquqi dövlət olduğunun vurğulanması anlamına gəldiyini bildirir.

AzMDEP, sosial ədalət prinsiplərinə, qanunçuluğun təsbitinə yönəlik bu təqdirəlayiq tədbirləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən sərgilənmiş ən ali səviyyədə prinsipial iradənin təzahürü kimi dəyərləndirir”. 

Beləliklə, korrupsiyaya qarşı mübarizə hər bir soydaşımızın vəzifəsidir. Dünya təcrübəsi də göstərir ki, korrupsiyaya qarşı mübarizənin ən effektiv metodları anti-korrupsiya QHT-lərinin sayının sonsuz artırılması, dövlət orqanlarının adi vətəndaşa, həmin QHT-lərə və KİV-lərə münasibətdə şəffaflığı və söz azadlığıdır.

Qarxunlu

“Millətçilik” qəzeti