Kommunist rejimində “Ezop dili” barədə azərbaycanlı alimin məqaləsi beynəlxalq elmi jurnalda dərc edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Qasımovun ingilis dilində elmi məqaləsi beynəlxalq impakt faktorlu, Clarivate Analytics, Scopus və digər elmi bazalarda indeksləşən, Mərkəzi və Şərqi Avropanın onlayn-kitabxanası — CEEOL sisteminə daxil “Balkanistic forum” elmi jurnalının yeni nəşr edilmiş 2020-ci il 2-ci sayında dərc olunmuşdur. “Kommunist rejimində “Ezop dili”: bolqar alimi Nikola Mavrodinovun bir elmi məqaləsi” (“Aesopian language” in the communist regime: a scientific article by the Bulgarian scientist Nikola Mavrodinov”) adlı məqaləsində müəllif sovet rejimində ziyalıların istər elmi və istərsə də incəsənət əsərlərində rejimin qüsurları və saxtalaşdırılmış uzaq və yaxın keçmiş barədə həqiqətləri üstü örtülü şəkildə cəmiyyətə çatdırmalarından bəhs edilir.

Müəllif məqaləsinin giriş hissəsində repressiya qurbanları olmuş Azərbaycan arxeoloqlarından söz açmışdır. Məqalədə göstərilmişdir ki, totalitar rejimdə onların adının yaddaşlardan silinməməsi üçün həmkarları tərəfindən elmi əsərlərdə, hətta yersiz görünən süni tənqid şəkilində dəfələrlə onların adları xatırlanaraq, tədqiqatları barədə məlumatlar verilirdi.   

         Müəllif saytımıza bildirmişdir ki, İkinci dünya müharibəsinin sonunda Bolqarıstan krallığı SSRİ tərəfindən işğal edildikdən sonra qurulmuş kommunist diktaturası və repressiyalar fonunda tanınmış bolqar arxeoloqu, professor Mikola Mavrodinov SSRİ-nin “Sovet arxeologiyası” dövrü elmi jurnalında vətənində arxeoloji tədqiqatların vəziyyəti barədə məqalə dərc edir. Məqalənin giriş hissəsində “şanlı qırmızı sovet ordusunun” yürüşündən əvvəl “burjua” Bolqarıstanda arxeologiyanın durumu qara çalarlarda dəyərləndirilsə də, sonrakı hissələrdə müqayisə üçün gətirilən faktlar tam əks mənzərəni nümayiş etdirir. Aydın olur ki, əslində sovet işğalına qədər Bolqarıstanda arxeologiya elmi öz inkişafına görə, nəinki SSRİ, hətta, Qərbin qabaqcıl ölkələrindən geri qalmırdı. 

         P.Qasımov məqaləsində kommunist Bolqarıstanında sinfi və əqidə mənsubiyyətinə görə təqiblərə məruz qalmış bəzi incəsənət və elm xadimlərinin N.Mavrodinov tərəfindən himayəyə alınması, iş və mənzillə təmini faktlarına da toxunub.

         Məqalə, Avropa Komissiyasının “Horizon 2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində aparılmış tədqiqatın əsasında yazılıb. Xatırladaq ki, layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzer, layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənovdur.

2019-cu il aprelin 18-19-da Bolqarıstanın Blaqoyevqrad şəhərindəki Neofit Rılski ad. Cənub-Qərb Universitetində keçirilmiş “Elmi biliklər — muxtariyyət, asılılıq, müqavimət” adlı Balkan tədqiqatları və balkanşünaslıq üzrə XXVIII Beynəlxalq Dəyirmi Masada (“Scientific knowledge – autonomy, dependence, resistance” XXVIII İnternational Round Table) məqalədə əks olunmuş tədqiqatın mövzusu üzrə P.Qasımovun elmi məruzə ilə çıxışı maraqla qarşılanmışdır.