“KapitalBank”ın sabiq vəzifəli şəxsinin məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “KapitalBank”ın Gəncə filialının mənimsəmə və digər cinayətlərdə ittiham edilən sabiq müdiri İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milletcilik.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə İ. Qasımov vəkilinin suallarını cavablandırıb. O, əvvəllər istintaqdan qaçıb gizləndiyi barədə ittihamları qəbul etmədiyini deyib: “Mənə qarşı cinayət işinin açılmasından xəbərim olmayıb. Moskvada dostum mənə iş təklif elədi və mən də getdim. Rusiyada olanda atam mənə dedi ki, səni polis axtarır”.

Sonra məhkəmə istintaqının tamamlanması ilə bağlı qərar qəbul edilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, İ. Qasımov əvvəllər “Kapital Bank”ın Gəncə filialının müdiri olub. Daha sonra “VTB Bank”da işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.

İ. Qasımov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və digər maddəsi ilə ittiham olunur.