Kəlbəcərin deputatı şəhid kəşfiyyatçı Ülfət Kərimovun anası ilə görüşdü – FOTOLAR

Kəlbəcər rayonun Millət vəkili Aqil Məmmədov şəhid kəşfiyyatçı, Azərbaycan bayrağı ordeni ilə təltif olunmuş, Ülfət Kərimovun anasının evinə gedərək ziyarət edib.
İNPA.AZ xəbər verir ki, Fatma Kərimovanın səhhətilə, sosial durumu ilə maraqlanan millət vəkili, Ülfət Kərimovun igidliyinin tarix boyu yaşayacağını, indiki gənclərin eləcə də, gələcək nəsl üçün şərəf, qeyrət nümunəsi olduğunu qeyd edib.
Əfsanəvi kəşfiyyatçının qardaşı oğlu və onun adını daşıyan Ülfət Kərimov bu il ali məktəbi bitirərək hərbi xidmətə gedəcək. Millət vəkili Aqil Məmmədov gənclə söhbət edərək, yaddaşlarda əbədi heykəlləşmiş qəhramanın adının daşımağın, özünün böyük bir şərəf olduğunu vurğulayaraq ona uğurlar arzulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun Ülfət Kərimov kimi vətən sevdalı oğulları sayəsində üçrəngli bayrağımızı tezliklə Qarabağda, işğal altında olan rayonlarda dalğalandıracağına əmin olduğunu və bu möhtəşəm qələbənin çox yaxında olmasına inandığını bildirib.
Millət vəkili şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanıb.  Ülfətin anası Fatma Kərimova oğluna sağlığında, eləcə də ölümündən sonra komandirləri tərəfindən Milli Qəhraman adının verilməsi barəsində üç dəfə təqdimat göndərildiyini, amma hələ də bir nəticə olmamasını diqqətə çatdıraraq bu məsələdə millət vəkilindən onlara köməklik etməsini xahiş edib.