FUTUROLOJİ PROQNOZLAR VƏ AZƏRBAYCAN

Dünya sürətlə dəyişir. Elmin və texnologiyaların inkişafı, əhali artımı və ekoloji problemlər əvvəlki əsrlərdə olduğu kimi aramla və yüzillik müddətdə özünü göstərmir. Artıq dinamik dəyişiliklərin təzahürü onilliklərlə ölçülür. İnkişaf etmiş öncül dövlətlərdə — ABŞ-da, İngiltərədə, Çində, Fransada, Yaponiyada, Almaniyada, Rusiyada bu cür dəyişilikləri proqnozlaşdırmaq üçün bütöv bir elmi-tədqiqat, futuroloji mərkəzlər fəaliyyət göstərməkdədir. Məhz bu mərkəzlər öz ölkələrinin siyasi rəhbər elitalarına qarşıdakı dəyişliklər, potensial təhlükələr barədə, az qala ildə bir neçə dəfə hesabatlar təqdim edirlər. Həmin hesabatların əsasında da iri dövlətlərin siyasi elitası strateji tədbir və fəaliyyət planını hazırlayır, mövcud siyasi strategiyalarını korrektə edirlər.

Bunun nəticəsində də hansısa ölkələrdə müharibələr başlayır, hansısa dövlətlər təxribata və sanksiyalara tuş gəlir. Ona görə də bir sıra dövlətləri qarşıda parçalanmalar, “livanlaşma” və hətta, dünya siyasi xəritəsindən silinmə gözləyir. Bəzi dövlətlər isə, əksinə, iqtisadi və ərazi baxımından zənginləşmə ərəfəsindədirlər. Bəs, Azərbaycanı nə gözləyir?

STRATEJİ PROQNOZLAR

Ötən ayın sonunda,30 il “qaynar nöqtələrdə” BMT-nin və 4 il ATƏT-in məsul vəzifələrində çalışmış avstriyalı diplomat Mixael fon der Şulenberq almandilli mətbuatda “BMT Qərbə nəyə görə lazımdır” adlı məqaləsi ilə çıxış etdi. Avstriyalı diplomat məqaləsində maraqlı, hətta narahatedici faktlar açıqlamışdı.

Şulenberq göstərir ki, Standard Chartered Bank beynəlxalq konsaltinq şirkətinin hesabatına əsasən, 10 ildən sonra Çin və Hindistan alıcılıq qabiliyyətinə görə iqtisadi baxımdan ABŞ-ı ötüb keçəcəklər. Dünyanın ən inkişaf etmiş 10 dövlətin iqtisadiyyatları sırasında yeddisi Avropada yerləşməyən ölkələrə məxsus olacaq. 400 il Qərbin aparıcılığını təmin etmiş texnoloji üstünlük artıq itirilmək üzrədir. Yaponiya, Çin, Cənubi Koreya, Hindistan dəqiq elmlərdə və texnologiyalarda artıq anqlo-sakson (ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiyanı) ölkələrini, Fransa, Almaniyanı geridə qoymaqdadır. Çinin süni intellekt, G5 texnologiyaların yaradılmasında uğurları  və Ayın görünməyən tərəfində peyk endirməsi buna sübutdur. Hindistanın da öz ərazisində, öz alimləri və elmi-texnoloji potensialı əsasında kosmosa süni peyk buraxması onun siyasi iddialarını göstərməkdədir.

Demoqrafik proseslər də Qərb dünyasının zəifləməsini göstərir. 2030-cu il üçün NATO ölkələrinin əhalisi dünya əhalisinin payında bu günki 12 faizdən 10 faizə, 2100-cü il üçün 8 faizə düşəcək. Amma Şanxay əməkdaşlıq təşkilatına daxil olan ölkələrin əhalisi dünya əhalisinin 40 faizini təşkil edir. 1914-cü ildə Birinci Dünya Savaşı ərəfəsində Avropa əhalisinin sayı dünya əhalisinin sayının 27 faizini təşkil edirdisə, 2030-cu il üçün bu göstərici 5 faizə enəcək. 1945-ci ildə Afrika əhalisinin sayı Avropa əhalisinin sayının yarısı qədər idisə, 2100-cu ildə Afrika əhalisi Avropa əhalisindən 10 dəfə çox olacaq.

Qərbin bu gün əsas üstünlük sahəsi kəmiyyətə və keyfiyyətə görə elmi texnologiyalar və hərbi qüvvədir. Bu gün NATO ölkələrinin hərbi qüdrətinin dünya hərbi xərclərində payı 68 faizdir. Çinin isə, bu göstəricisi artıq 14 faizi keçib. Rusiyada hərbi xərclər, NATO ölkələrinin hərbi xərclərinin 6 faizi qədərdir.

ZƏİF DÖVLƏTLƏRİN “LİVANLAŞMASI

Sözsüz ki, Qərb, yəni xristian sivilizasiyası durumun dəyişməyəcəyinə və ya onların istədiyi istiqamətində axacağına çalışır. Bizim bu gün gördüyümüz müharibələr və toqquşmalar məhz Qərb siyasi dairələrinin və onlara müqavimət göstərən Rusiya və Çin kimi ölkələrin atdığı addımların təzahürüdür. İri dövlətlər arasında “üstüörtülü”, assimmetrik müharibə gedir və dünyanın idarəçiliyi uğrunda müharibə meydanı, SSRİ dağıldıqdan sonra ABŞ-NATO dövlətləri boyunduruğuna girmək istəməyən bəzi müsəlman ölkələridir.

Bu ölkələrin aqibəti üçün senari çoxdan var idi. Hələ 70-ci illərdə dini və təriqət üzrə vətəndaş müharibəsi burulğanına qədəm qoymuşLivan artıq SSRİ və Qərb qarşıdurmasının meydanına çevrildi. Bu günə kimi Livan formal dövlət olaraq qalır, amma ölkə sünni, şiə və xristian (xristian ərəblər-maronitlər və ermənilər) zonalara bölünüb, faktiki dərəbəylik hökm sürməkdədir.

Artıq bu senari İraqa, Əfqanıstana, Suriyaya, Liviyaya tətbiq edilib. Misir bu cür senaridən qurtula bildi; misirli hərbçilər Qərbə “sədaqət andı içdiklərinə” görə, ölkədə öz diktaturalarını bərpa edib, Misirin “livanlaşmasının” qarşısını aldılar.

Növbədə İran və Yəməndir. Amma Türkiyə iqtidarının “ülgüc üzərində addımlaması”, qardaş ölkə üçün də bu cür təhlükənin mövcud olmasını istisna etmir. Lakin siyahı bununla bitmir.

Dayanaqlı olmayan dövlətlərin reytinqinə əsasən, 178 dövlətdən 119 potensial qeyri-stabil, həmin 119 dövlətdən 51-i hətta “stabilliyə təhlükəli” hesab edilir. Dünya əhalisinin 80 faizi həmin o 119 qeyri-stabil dövlətlərdə yaşayır. 2100-cü il üçün Yer əhalisi 3,5 milyard nəfər artacaq, bu isə, Çin, Hindistan, Avropa Birliyi və ABŞ-ın bu günki əhalisinin birgə cəmi qədərdir. Ən əsası isə, həmin artımın 95 faizi qeyd edilmiş qeyri-stabil dövlətlərin payına düşəcək.

“Potensial qeyri-stabil dövlətlərin” əsas kriteriləri hansıdır? Heç də demokratiya və ya avtoritarizm potensial qeyri-stabil dövlətlərin göstəricisi deyil. Məsələn, Yunanıstan, Gürcüstan və Rusiyanın “ermənistan” adlı müstəmləkəsi Qərb ekspertləri tərəfindən “demokratik ölkələr” kimi qiymətləndirilsə də, potensial qeyri-stabil dövlətlər hesab edilirlər. Amma Cənubi Koreyada uzun müddət generalların diktaturası, Çin Xalq Respublikasında kommunistlərin rejimi bu dövlətləri öz inkişafına görə, demokratik Avropa dövlətlərinə çatmasına təkan verdi. “Potensial qeyri-stabil dövlətlərin” əsas kriteriləri işsizlik, işsizliklə əlaqədar emiqrasiya və dövlətin iqtisadiyyatını zəiflədən maliyyə axınıdır. Bu cür şərtləri müxtəlif səbəblər doğurur.

Demokratik dövlətlərdə  işsizliyə, işsizliklə əlaqədar emiqrasiyaya və dövlətin iqtisadiyyatını zəiflədən maliyyə axınına əsas səbəb — dayanıqlı dövlət strukturunun olmamasıdır. Tez-tez dəyişən hökumətlər, populist siyasi demaqoqların körüklədiyi “küçə yürüşləri”, səriştəsiz kadr siyasəti, qısa müddətli effektlərə hesablanmış iqtisadi tədbirlər, dərin iqtisadi strateji planın yoxluğu bu ölkələri biznes və elm üçün perspektivsiz edir.

Avtoritar dövlətlərdə səriştəsiz və bacarıqsız adamların vəzifələrə təyini, yəni, yarıtmaz kadr siyasəti, qiymət, istehsal, daxili və xarici siyasətdə kəskin monopoliyalaşma ölkə iqtisadiyyatının yerində saymasına, işsizliyə, işsizliklə əlaqədar emiqrasiyaya və dövlətin iqtisadiyyatını zəiflədən maliyyə axınına gətirib çıxarır. Buraya korrupsiya və dövlət büdcəsinin talanını da əlavə etsək, bəzi avtoritar sistemli idarəçiliyə malik dövlətlərin “potensial qeyri-stabil dövlətlərin” siyahısına necə gedib düşdüyünü anlaya bilərik.

AZƏRBAYCAN YOLU

Azərbaycan Respublikası stabil dövlətlər siyahısındadır. İstər daxili və istərsə də əcnəbi təhlilçilərin fikrincə, dövlətimizdə texnokratlardan ibarət idarəçilərə ehtiyac vardır. Yaponiyanın, diktatura dövrü Cənubi Koreyanın, kommunist rejimli Çinin iqtisadi yüksəlişinin əsas amili məhz, texnokratlarolmuşlar, yəni milli mütəxəssislər və işə dəvət edilmiş əcnəbi texnokrat menecerlər idilər.

Müəyyən elm və sənaye sahələrinin inkişafı strategiyası tərtib olunmalıdır. Bu cür təcrübə Yaponiyada, Türkiyədə, Cənubi Koreyada və Çində sınaqdan keçib. Tərtib edilmiş strateji sahələrin inkişafında dövlət dəstəyi və nəzarəti güclü olmalıdır.

Elə elm sahələri var ki, onlar maliyyə yatırımları tələb edir, baxmayaraq ki, onlardan maddi gəlir olmayacaq. Dövlətin birbaşa dəstəyini tələb edən dəqiq və texnoloji elm sahələrindən fərqli, bu sahələrin yaşaması və tədqiqatlar üçün iri maliyyə tələb olunur. Gəlirsiz olduğuna baxmayaraq, amma bu elm sahələri strateji xarakter daşıyır. Məsələn, tarix, arxeologiya, dilçilik və s. Ona görə də, dövlət bu elm sahələrinin əcnəbi elm fondlarından da maliyyələşməsinə şərait yaratmalıdır.

Azərbaycan Dövlətinin və Millətinin gələcəyi milli kadr potensialının formalaşmasından asılıdır. Biz bu işdə tələsməliyik. Neft kapitalımızın milli kadr potensialına keçirilməsini sürətləndirməliyik. Vaxt azdır, amma qarşıda bizi superdövlətlərin kəskin qarşıdurması gözləyir, “livanlaşmaya” məruz qalacaq dövlətlərin sırasına düşmək təhlükəsi “Damokl qılıncı” kimi başımız üzərində asılıb…

Qarxunlu

“Millətçilik” qəzeti